Yaddaşlara daş kimi hopub qalan xatirələr…

Yaddaşlara daş kimi hopub qalan xatirələr…

Mahirə NAĞIQIZI

Düzdür, əvvəllər yurd həsrəti ulu babalarımı yandırıb yaxıb, ölənəcən də göz yaşları tökərdilər. Sonralar isə alışıblar bu yerlərə. Anam deyir ki, ortalığa nə gəlirdi deyirdilər: yox bu ondan deyil … deyil…! Adicə su içəndə belə yox, ay bala, bu tam, o tam deyil! Hacıməmməd babamın tək bircə oğlu , amma altı qızı olub babam onları çox sevib, əzizləyib.

Onu da deyim ki, Hacıməmmədin bacıları ailəli olduğu üçün Qarakilsə mahalının Şəki kəndində qalıblar, köçməyiblər. Hacıməmməd babamın oğlu Nağı mal- dövlət yiyəsi olub. Ay Gülnisə bacı, daha nəyi vardı bircə oğluna qalmışdı da. Nağı elə gözəl imiş ki, qızlar onun üstündə dava edərmişlər. O da atasından qalan var- dövləti artırır, ruzisi də bol imiş. Günün birində kəndimizin yaxınlığındakı duz dağının bir hissəsini alır. Vallah yadımda deyil, bibilərim deyirdi ki, Gəncədən bir şəriki var idi, O Nağını istəmirdi, üzünə gülərdi, amma daha nə deyim belələri var da!
Günlərin birində Nağını Mələk adlı qızla evləndirirlər. Amma Mələk də bir gün görməyib deyilənə görə. Deyim də səbəbini Mələk çox gözəl qadın olub, babam isə onu hər şeyə, hər kəsə qısqanırmış. Yazıq gəlin qara günlərini qablaşdırır, dözüb durur. Mələk nənənin qohum əqrabası o tayda imiş. Arazın o tayında, Gülnisə bacı.
Mələk gəlib gedəndən xəbər göndərir ki, günüm gün deyil, qala bilmirəm. Düşünür ki, tək bir oğlum var, onu da götürüb gedərəm, daha dözümüm yoxdur. Nağı baba çox hökmlü bir insan olub, deyir ki, bax getsən bir daha bu evə qayıda bilməzsən, oğlumu da sənə vermərəm. Mələk düşünə- düşünə bir qərara gələ bilmir. Xəbərsə o taya çatmışdı. Qardaşı Kəblə İman sifariş göndərmişdi ki, buralardayam.
-Ay Gülnisə bacı, yordum e səni. Sən Allah get yat, sabah danışaram yenə.
Gülnisə söhbətə o qədər maraqla qulaq asırdı ki, getmək fikrinə də gəlmirdi. Günlərlə oturub qulaq assa da, yorulmazdı. O, özü də bu Badamlı kəndinə gəlin gəlmişdi. Gərməçataq kəndindən idi. Mələyin ayağa qalxdığını görən Gülnisə yarıkönül qalxdı. Yaxşı gecən xeyirə qalsın, qonşu! Dərdin bu dağa-daşa-dedi. Yorğun, asta addımların səsi kəsildi. Mələk səssizlik içində bir rahatlıq tapdı. Sən demə, olanları söyləməyin özü də asan deyilmiş. Nədənsə çoxdandır açılmayan yorğanlardan birini götürüb üstünə sərdi. Hə, mən yorğanı salmışdım ki, Xalidə təzə yorğanda yatsın deyib nəmlənən gözlərini yumdu. Eh yuxularda ki, gah adamın olanların əlindən alır, gah da heç ağlına gəlməyənləri, istədiklərini gətirib ovcuna qoyur…
-Ay Mələk bacı! Mələk bacı..!
Gülnisənin səsinə yerindən dik qalxıb toyuq-cücəni yemlədi . öz yeməyinə macal tapmadı, yüyürüb Gülnisəyə çatdı ki, bir yerdə zavoda girsinlər. Yenə qaynar iş,yenə iş yoldaşlarının həvəslə çalışmaları, günortanın nə vaxt çatdığını hiss etdirmədi. Hündürboylu, qızılı saçlı, alagözlü Mələk yenə də suyun qaynadığı gözə tamaşa edirdi:
Görəsən nə vaxtdan axırsan , bulaq?
Neçə-neçə canlar yola salmısan, bulaq?
Heç mənim qədər dərdli olan biri olubmu, bulaq?
Dərdlərimi sənə söyləyimmi, bulaq? Yenə səs- küy, yenə iş…
Dünən axşamdan yüngülləşmiş kimi görünən Mələk evə doğru yönəldi. Olan -olmazdan bir tikə yeyib, özünə yenicə çay süzmüşdü ki, Gülnisə bacı, sağ tərəfdəki qonşu Səkinə ilə içəri girdi. Səkinə:
– Mələk bacı, əvəliyin, ələyəzin qurumayıb ki? Havalar yaman istidir quruyar. Sən otur, mən sabah baxaram. Bu qaranlıqda evin damına qalxmaq olmaz.
Mələk isə qonşu qadınlara da çay süzüb üzüm mürəbbəsi ilə gətirdi: için, bu mürəbbəni mənə qardaşım arvadı Nazlı gətirib. Və dünənki söhbəti borclu imiş kimi davam etdi.
Hə, dünən dedim axı , qardaşı gəlib Mələyi aparsın. Mələk də öz növbəsində istəyirmiş ki, Nağı evdə olmasın o, oğlu Hacını da götürüb aparsın. Ot tayasında gizlənən Kəblə İman Mələyi də, oğlunu da fürsət tapan kimi Arazın o tayına qaçırır. Bunu bilən Nağı babam tayfasından say-seçmə igidlərlə o taya keçir, oğlunu götürüb qayıdır. O oğlan isə mənim atam Hacı imiş. Nağı babam sonra bir qadınla evlənir. Ev-eşik, uşaq ağır imiş. O gələn qadının da bir oğlu, iki qızı doğulur. Piri əmim, Asiya bibim bir də Qönçə bibim. Bir yerdə böyüyür uşaqlar. Nağı babam zəhmli kişi olduğundan qadın ayrı-seçkilik, ögey-doğmalıq qoymur uşaqlar arasında deyən Mələk bir anlıq susur.
-Sən Allah sizi yormadım ki? Vallah heç bilmədim ki, söz necə oldu açıldı.
-Ay Mələk bacı, sən Allah danış, maraqlıdır. Yavaş- yavaş uşaqlar böyüyür. Bir gün kəndə- Susta xəbər gəlir ki, Nağının boynuna Duzdağda duz parçası düşüb ölüb. Heç kəs inanmır bu gözəlliyin, var-dövlətin yiyəsi olan igid bir insan duz parçası boynuna düşməklə ölərmi? Vay- şivən göyə qalxır… altı bacını bütün kənd əhli sakitləşdirə bilmir.
Əriyəsən Duz dağı,
Sinəmə çəkdin dağı.
Dedilər, inanmadım,
Nağıya deyim ağı?
Bacılardan Bənövşə adlı olanı saçını yolur tökür meyidin üstünə, ürəyi soyumur, əl atıb gözünü çıxarır atır meyidin üstünə… nə deyim özlərini öldürmək istəyən bacıları kəndin başbilənləri sakitləşdirir. İllər ötür, bu gözünü çıxarıb meyidin üstünə atan bacı ailə qurmur, bir gözü kor, qəbristanlığa gedən yolda oturar öz-özü ilə danışar, çubuqla torpağın üstündə nələrisə cızarmış. Kənd arvadlarından deyən də olub ki, Bənövşənin yanında keçirdim gördüm astaca deyir: Bilsəydim gəlməyəcəksən, bu gözümü sənə qurban verməzdim, Nağı!.
Hə belə, Səkinə! Atam da yetimçiliklə, əziyyətlə böyüyüb. Sonralar onu Xanım adlı bir qızla evləndirirlər. Əyilməz, qürurlu, səxavətli kişi olub. Əşi mənim ağlım nə kəsirdi ki, bəlkə, bacım Leylanın yadında ola. Nağı da, Əlişirin də bilməz, uşaq olmuşuq axı. Elə bil qurban olduğum boyumuza biçibmiş. Anam Xanım tez dünyadan köçüb, bizə xalamız Xurma baxıb. O, yadımdadır ki, gələrdi bizi ləyənə qoyub çimizdirərdi, evə -eşiyə baxardı. Atam sonralar Meyxanım adlı bir arvad aldı. Meyxanımın uşağı olmadığına görə onu boşamışdılar. Çox təmizkar deyildi, amma yaxşı arvad idi, bizə baxırdı. Anamız deyildi ki!
Heç atam da çox çəkmədi, öldü. Atam o qədər qeyrətli, dəyanətli bir insan imiş ki, bir gün can üstə imiş, ağır xəstə imiş görür ki, bir nəfər üzü bunlara tərəf gəlir. O adam da kənd içində hörmətsiz, paxıl, xəbər gəzdirən, biqeyrət bir adammış. Atam görür ki, o adam bunu can verən görəcək, böyük bacımı səsləyir: Yastığı qolumun altına qoy, bala! Diklət məni, qızım !-deyir. Həmin adam gəlir, tez də gedir. Xislətidir də xəbər yığmağa gəlibmiş. Kişi gedəndən bir az sonra atam canını tapşırır. Mənim yadıma gəlmir, bunu böyük bacım Leyla danışırdı. Deməli, bir gün də lap kiçiyimiz Əlişirin xəstələnir, dili tutulur. Atam çarə tapa bilmir. Ot-zad da kömək etmir. Qardaşımı qoyur ortalığa, dolanır başına. Deyir: mən anasızlıq, atasızlıq görmüşəm. Allahım, özümü balama qurban deyirəm. Ölümü ilə bu hadisə arasında az bir vaxt keçir. Biz dörd uşağı, iki qardaş, iki bacını tək qoydu. Böyüyümüz bacım Leyla, ən kiçiyimiz qardaşım Əlişirin, ondan böyük qardaşım Nağı idi. Mən bacımdan sonra idim. Hə, biz bacılar qardaşlarımızdan böyük idik. Bunun da öz ağırlığı çətinliyi vardı. Amma qardaşım Nağıya ata kimi sığınırdıq. Axı Əlişirin çox balaca idi…
Piri əmim, onun oğlanları bizə qanad açmışdılar. Səkkiz oğlu, bir qızı vardı əmimin. Bulud kimi göy üzünü tutmuşdular bizə öz övladları kimi baxırdılar. Əmim arvadı Mastan çox ağıllı, dünyagörüşlü, rəhimdil qadın idi. Dərindən ah çəkən Mələyin gözləri pəncərəyə yönəldi. Bax, gördünüz səhər açılır, işə gedəcəksiniz. Vallah günahkar oldum. Amma nə yaxşı ki, sizin kimi qonşularım varmış. Mənim bu qəsəbədə sizdən başqa kimim var ki?!
Atam Hacı, anam Xanım,
Hansın deyim, hansın anım.
Neçə kərə kül oluram,
Yanır, yanır, çıxmır canım.
Gülnisə bacı, səni uşaqlar oyadır, yatıb qalaram ha! İşə gedəndə məni də çağır. Əslində iş vaxtına da az qalmışdı. Yenə də Xalidənin yorğanını üstünə çəkib uzanan Mələk elə Xalidəyə görə də Allaha şükr edirdi…!
Günlər də elə bil uçurdu. Budur payız yaxınlaşır, evin lap yaxınlığında dərədə guruldayan çay susmağa qərar vermişdi. Yavaş- yavaş səsi azalırdı. Bu da Mələyin səbrsizliyinə səbəb olurdu. Həmişə dərdini sulara danışan, cavabsız suallar Mələk sanki ürək dostunu qürbətə göndərirdi.
Enmişdi çaya, gecə gördüyü yuxunu suya danışsın ki, sular alıb aparsın. Xeyli danışdı, ürəyin boşaldıb ayağa durdu. Fikirlər rahat buraxmırdı, başqaları ilə danışıb yükləmək də istəmirdi. Həzz alıb rahatlandığı iş isə kiminsə ehtiyacını ödəmək, kiməsə yararlı olmaq idi. Özü də dərədən üzüyuxarı əkdiyi ağacların meyvəsini yığıb qurudar, bəzisini qax edər, bəzisini də yığıb axşamüstü Xalxal meşəsindən keçən yük maşınlarının birinə oturub qardaşı uşaqlarına çatdırar və tez də evinə qayıdardı. Yük maşınlarının sürücüləri bu kişi qeyrətli qadına elə kişi kimi də baxırdılar. Həm bir zavodda işləyir, həm qonşuluq edirdilər. Əslində qardaşının həyəti meyvə ağacları ilə zəngin idi. Amma bu addımı ilə təskinlik tapırdı Mələk. Qardaşının evində on bir övlad böyüyürdü. Övladlar da ona qeyri-adi, kişi kimi qadına -ata kimi münasibət bəsləyər, ona hörmət edərdilər. Yadıma qəbrə qədər unutmayacağım bir əhvalat düşdü. Mən uşaq idim. Gözümü açanda evimizdə atamı, anamı, iki yaşı ötmüş, ailə qurmamış bibimi, üç qardaşımı, məndən böyük bacımı görmüşdüm. Danışacağım əhvalat baş verəndə isə artıq məndən kiçik bacım da vardı. Bir gün qonşu arvadın anamla xısın-xısın danışdığını gördüm. Bu bir neçə gün davam etdi. Anam şəritə paltar sərdi. Paltarı sərib qurtarınca astadan danışan qonşu arvada anam bircə kəlmə: Nağı gəlsin, deyərəm, qardaşı odur.-dedi.
Bəlkə, bir həftə, bəlkə də, bir az artıq keçmişdi ki, hər gün anamın atamla danışığından sonra gedib bibimə nələrisə pıçıldadığını görürdüm. Amma söhbətdən xəbərimiz yox idi. Mələk bibimsə bikef olardı. Günün birində anam dedi ki, buranı yığışdırın, oranı səliqəyə salın, qonaqlarımız olacaq. Elə də etdik. Bibilərim də bizimlə bərabər. Və günün birində böyük bibim Leyla uzaq bir dağ kəndinə Gərməçatağa gəlin köçdü. Səssiz-küysüz…
Üstündən iki il keçdi. Yenə həmin xısın-xısın söhbətlər. Bu dəfə də yəqin ki, Mələk bibim gedəcəkdi, ailə quracaqdı. Heç ağlım kəsmirdi. O gözəllikdə qız ailə qurmağı düşünmürdü deyəcəyəm… Niyə?! Bu insan zəhmətdən yoğrulmuşdu, özünü düşünməyə vaxtı, zamanı yox idi! Yox!
Bəli, anam yenə xüsusi hazırlıqlar görürdü. Təbii ki, bibimlə birgə… günün birində kənd arvadları bizə yığışdı, köhnə bir potefonu işə salmışdılar, köhnə mahnılar, qəmli mahnıları qoyub sakitcə qulaq asırdılar. Tək bir nəfər hıçqıraraq, için-için ağrı-acısını gözlərindən çıxarırdı… azca solğun çəhrayı paltar geyinən bibimin üzünü də örtmüşdülər. Elə bil ağlamaq üçün üzünün örtülü olmasını istyirdi bibim. Sonralar daha ağrı-acılı səhnələr görsəm də bunu unuda bilmədim. Hə, bibim səhəri gün gəlin köçdü. Ata-anasızlıq, yoxluq, yoxsulluq, zəhmət içində bərkiyən bibimi gəlin kimi düşünə bilmirdim. Heç…! El adətincə gəlin köçdü bibim. Hər halda düşünürəm ki, bu gəlin köçmək nə qədər xoş deyildisə də “filankəsin bacısı, ya qızı kimi evdə qalıb qarıyacaqsan?” ittihamından ağır deyildi. Adətləri zamana görə qiymətləndirmək borcumdur. Hə, mənim Mələk bibim Badamlıya ər evinə köçdü. Kənd Badamlı vardı, bir də Badamlı mineral su çıxan qəsəbə Badamlı vardı. Bibim qəsəbə Badamlıya ərə getmişdi. Yox, yanlış dedim vermişdilər. Kimə? Bir dəfə evli olubmuş bu kişi. Əslən Cəhridən idi. İndi niyə ayrılıb? Nə olub ? Nə soruşmadılar, nə də qarşı tərəf izah etmədi…Mələk bibim bu evdə gəlin oldu, amma yarımadı, övlad yiyəsi olmadı… Anam onu həkimlərə apardı ( ara həkimlərini də unutmadı) xeyri olmadı. Bir neçə il, xeyli müddət keçdi övlad söhbətinə son qoydu bibim. El- oba məsləhət gördü ki: şükür qardaşının gör neçə uşağı var, birini götürüb saxlasın. Amma düşünmədilər ki, axı qardaş uşağından adama oğul, ya qız olmaz… Olmaz vallah!
Elə gözəl oynamağı var idi ki, Mələyin. Qardaşı balalarının toyunda süzəndə hamı heyranlıqla tamaşa edərdi. Qızılı qıvrım saçları kürəyində əsim-əsim əsərdi. Elin -obanın qız-gəlininə burda da nümunə göstərərdilər. Amma çox oynamazdı.
Məndən kiçik bacımı- Xalidəni bibim Mələyə övladlığa verdilər. Pal-paltarını yığışdırıb, bəzən öyüd-nəsihət, bəzən yağlı vədlər verib yola saldılar onu. Yadımda deyil Xalidə ona “ana” dedi, demədi. Bilirəm ki, Zivər deyirdi. Hər gün dükandan nə var alıb gətirib Xalidəni sevindirən Mələk uşağın üzünün -gözünün gülmədiyini görüb peşmanlıq keçirirmiş. Bir gün evlərinin üst tərəfindən-yuxarıdan keçən avtobusu görən bacım möhkəm çığırır : Zivər, nənəm (anamıza nənə deyirik) gəldi. Bax, vallah düz bura gəlir. Səhərisi gün Mələk bibim bacımın paltarlarını yığşdırır, gətir anama verir və deyir ki, bunu heç bir ana etməzdi, sən etdin, amma mən bu uşağın düşdüyü hala dözə bilmirəm. Bir neçə il sonra onun əri Mirzə də öldü. Yenə tək-tənha, öz dərdləri ilə baş-başa… Atam onu bizə gətirmək istədi gəlmədi ki, yox öyrəşmişəm, belə yaxşıdır. Seyriçi idim, içi deyildim onun. Dərdini görürdüm, yaşamırdım. Heç ana da balanın dərdini olduğu kimi yaşaya bilməz !
Leyla bibimin də övladı olmadı. Mən də bu bibimə övladlığa verildim. Sonra xəstələnmişəm, bibim görüb ki, bu dağların başında məni müalicə – filan etdirə bilməz gətirib ki, qurban olum bu uşaq xəstədir, öskürür, sonra bir şey olar… nə isə mən də günləri saymışam, anamın, atamın gələcəyi günü gözləmişəm.
Mələk : Ay Səkinə, ömrümdə şirin olan təkcə yuxularımdı, o da həmişə yox! Bəzən elə qorxulu yuxularım olur ki, durub qardaşım balalarına dua edirəm. Onlar mənim balalarımdı. Öz övladım olmadı, onlara isinişdim, üzləri ağ olsun, məni çox istəyirlər, analarından ayırmırlar. Mənim pənahımdılar.
Dəmir bədənli bu xanın, ömrünün sonlarına yaxın xəstələndi. Bezdiyi, usandığı dünyadan köçmək elə bil Mələyi sevindirirdi. Hə, təxminən 60 yaşı varmış, Mələk xəstələnir. Ağlaya-ağlaya yanında oturan baldızı Nazlıya deyirmiş: Səni and verirəm Allaha, gördün ki, ölürəm Fatma Mehrəliyevanı gətirin . O, mənim dərdlərimi gözəl ağlayar. ( Fatma Mehrəliyevanın oxuduğu “ Segah” ürək dağlayan olurmuş) Hə indi artıq üzündəki ifadə hər halda bunu deyirdi: Bəsdir həyat, mən yoruldum. Qardaşı qızı Naxçıvanda yaşayırdı. O evinə apardı, amma alınmadı, xəstəlik güclənirdi. Bakıya gətirdilər. El-oba başına yığışdı, danışmırdı, alagözlər hər şeyi söyləyirdi: illərin kədəri sanki dilə gəlirdi. Burada da qardaşının övladları əzizləyib ağırlasa da xəstəlik öz işini görmüşdü.
Bu dünyadan bir nəfər dərdli də azaldı. Tale üzünə gülmədi, heç gülmədi. Onu yaşadan dəyanəti oldu, mərdanəliyi oldu. Ləyaqətin timsalı, dözümlülüyün, çətinliyə sinə gərməyin nümunəsi idi. Yarddaşlarda elə də qaldı. Bir də bir söz qaldı: Mələk kimi çox ağır, təmkinli qadındır, taleyi ona oxşamasın!-deyirlər. Yaddaşlarda da belə daşlaşdı. Qohum əqrabadan çoxları qız övladlarına Mələk adını qoymaq istədi, amma…! Daha nələr… nələr…
Share: