Yadlar arasında özgə olmaqdansa… -Elman Eldaroğlu yazır

Yadlar arasında özgə olmaqdansa…

Amerika Birləşmiş Ştatlarının nəhəng bir dövlət olduğunu, dünya iqtisadiyyatında mühüm rol oynadığını danmaq ağılsızlıq olar. Sözsüz ki, bu ölkə digər dünya ölkələrinin daxili və xarici siyasətinə təsir etmək imkanlarına malikdir. Bunu hamı bilir. Məqsədim ABŞ-ı heç də pisləmək, aşağılamaqdan ibarət deyil. Sadəcə bir çoxlarına maraqlı olar deyə, bu ölkədə yaşadığım dörd il ərzində gördüklərimi, şahidi olduğum hadisələri sizinlə bölüşmək istəyirəm. Hələlik söhbətimi iki sual üzərində quracam: ABŞ bir ölkə kimi necədir? Bir çox insanın həsəd apardığı bu ölkədə sadə vətəndaşların həyat tərzi və burada yaşamağın müsbət və mənfi tərəfləri hansılardır?

Əvvəla, onu qeyd edim ki, beş-altı nəhəng şəhərini çıxmaq şərti ilə ABŞ-ın digər şəhərlərində həyat elə də qaynar deyil. Günün axşama dönən vaxtında bu şəhərlər adama kimsəsiz məkanları xatırladır. Küçə və prospektlərdə şütüyən beş-on maşından başqa heç kim nəzərə çarpmır. Əsas küçələr istisna olmaqla məhəllə daxili yollar heç də bizim yollardan yaxşı deyil. Məsələn, bir vaxtlar iqtisadi göstəricilərinə görə ABŞ-ın ən qabaqcıl ştatlarından biri olmuş Miçiqanın Lansinq şəhərində hələ də ağacdan hazırlanmış işıq dirəklərindən istifadə olunur. Şəhərdəki körpülər ötən əsrin 60-cı illərində salınan sovet respublikalarındakı körpüləri xatırladır…

Ölkənin yaşı elə də çox olmadığından burada əhəmiyyətli tarixi abidələrə rast gəlmək olmur. Bir neçə məşhur avtomobillərin istehsal olunduğu Detroit şəhəri ilə Lansinq şəhərinin arasında bir vaxtlar kimyəvi zavodlar fəaliyyət göstərdiyi üçün bu ərazilər ekoloji baxımdan elə də təmiz deyil. Burada su hövzələri zərərli kimyəvi maddələrlə qarışdığından əhalinin böyük bir hissəsi içməli suyu dükanlardan alıb istifadə edir…

İri şəhərlərdə- Vaşinqton, Nyu York, Çikaqoda olarkən bu şəhərlərin elə də təmiz olmadığının şahidi oldum. Ətrafda zibil qutuları olmasına baxmayaraq, müxtəlif tullantılara rast gəlmək mümkündür.

Metro qatarları təmiz və səliqəli olsa da nə qatarlar, nə də metro stansiyaları heç də bizimkilərdən yaxşı deyil. Əksinə, yeraltı stansiyaların işıqlandırma sistemi çox zəifdir. Stansiyaların bir çoxu bomjların gecələdiyi məkanlara çevrilib.

Şəhəri gəzib dolaşdıqca döngələrdə, işıqforların yanında dayanan müxtəlif plakatlı adamlara tez-tez rast gəlmək olur. Həmin plakatlarda əsasən- “Mən muharibə vetranıyam, xahiş edirəm yardım edin”, “Mən işsizəm, mənə yardım edin” və s. cümlələr yazılıb. Avtobusla gedərkən adamdan bir dollar istəyən içki düşkünləri də istisna deyil. Elə düşünməyin ki, bu insanlar miqrantlardır, əksinə yerli amerikalırdırlar. Mənim üçün də çox maraqlı idi ki, kifayət qədər iş yeri olan bu ölkədə nədən belə hallara tez-tez rast gəlmək olur. Hərçənd ki, normal maaşlı işdə çalışmaq üçün burada ali təhsil, peşə kolleclərinin diplom və sertfikatlarını almaq vacibdir. Yüksək əməkhaqqı verən müəssisələrdə işə düzəlmək isə çox çətindir. Mütəxəsis olduğuna inandırmaqdan ötrü müəyyən test yoxlanışlarından keçməlisən. Qeyri halda böyük şəhərləri çıxmaq şərti ilə əksər inzibati ərazilərdə əmək gününün bir saatı ilk vaxtlar doqquz dollar yarım qiymətləndirilir və bir müəssisədə həftədə qırx saatdan artıq işləməyə icazə verilmir. İllər ötdükcə həmin insan eyni müəssisədə işləyərsə hər saata görə ödəniş hər il yetmiş beş sent, bir dollar artır. Əhalinin böyük hissəsi saat hesabı işlədiyindən aylıq məvacib alanlara nisbətən çoxluq təşkil edirlər. Nəzərə alaq ki, burada insanların əksəriyyəti icarəyə götürdükləri mənzillərdə yaşayırlar, əsasən evdə deyil, restoran və kafelərdə qidalanırlar aldıqları məvacib elə də çox deyil. Şəxsi evlər isə əsasən əhalinin varlı təbəqəsinin və kreditlə alınan, illərlə banka borc ödəyən insanlara məxsusdur. Yəni adi əməkhaqqı ilə burada ev sahibi olmaq çox çətindir. Bunun üstünə torpaq vergisini gələndə əhalinin böyük bir hissəsi şəxsi evə yiyələnməkdən vaz keçir. Çünki alınan ev şəxsin özəl mülkü sayılsa da onun yerləşdiyi torpaq sahəsi dövlətə məxsusdur. Yerindən asılı olaraq ev sahibi təxminən üç mindən başlayaraq iyirmi beş min dollaradək hər il dövlətə torpaq vergisi ödəməlidir. Bu ölkədə hər şeyin öz vergisi var. Və vergidən yayınmaq qeyri mümkündür…

Bir neçə şatatdan başqa ölkənin hər bir yerində insanlar aldıqları ərzaq üçün də əlavə vergi ödəyirlər. Bu isə alınan ərzaqların dəyərinin 6-8 faizi deməkdir. ABŞ-a gəldiyim ilk vaxtlar müşahidə etdiyim bir mənzərə əvvəlcə məni heyrətləndirsə də sonralar əsl həqiqəti bilib acıyırdım. Təsəvvür edin, hər kəsin cibində üç-beş müxtəlif bankların pul kartı var. Və onlardan biri əmək haqqı kartıdırsa, yerdə qalanları kredit kartlarıdır. İnsanların böyük əksəriyyəti banklara borcludur. Doğrudur, burada banklar müştərilərə krediti kiçik faizlə və uzun müddətə verir, amma illərlə borc ödəmək heç də ürəkaçan hal deyil. Müqayisə üçün bir neçə fakt üzərində dayanacam. Orta məktəb müəlliminin illik maaşı təxminən iyirmi min dollardır. Bu məbləğdən hər ay təxminən altı yüz dollar yaşadığı mənzil üçün kirayə haqqını, komunal xərcləri (internet, kabel televiziyası, telefon, elektrik və s.), sağlamlıq üçün illik sığorta pulunu çıxdıqdan sonra ortada qalan pulla necə zəngin yaşamaq olar? Odur ki, burada insanların bir meyarı var-işləmək, işləmək, yenə də işləmək!..
Bəlkə də bundan irəli gəlir ki, ABŞ-da insanların sosial həyatı sıfır səviyyəsindədir. Qohumluq əlaqələri zəif, qonşuluq münasibətləri elə-belə, ailə müqəddəsliyi qeyri normal, insanlar arasındakı ünsiyyət diplomatik xarakter daşıyır, quru və məqsədli. Burada el-oba, yurd müqəddəsdi anlayışı da yoxdur. Bu şəhərdən digərinə çox asanlıqla köç edirlər. Hər şey tapdığın iş yerindən asılıdır. Ailələrin çoxu pərəm-pərəmdir. Diqqət, qayğı məhdud olduğundan amerikalılar arasında yaşlı valideynlərin əksəriyyəti qocalar evində, övladlar isə dolanışıq xətrinə səhərdən axşama kimi işdə olurlar…

Qəribədir, ABŞ-da məskunlaşan qeyri amaerikalıların əksəriyyətinin övladları üçün milli kimlik elə də əhəmiyyət kəsb eləmir, necə deyərlər, hansı millətə mənsub olmasından asılı olmayaraq amerkalılaşırlar. Doğru deyiblər, kim hansı millətin dilində düşünürsə o millətə aiddir. Nümunə üçün bir mənzərəni açıqlayım. Dörd ildə tanış olduğum azərbaycanlı ailələrin bir çoxunda övladları azərbaycanca danışa bilmir. Ünsiyyət baxımından soyuqqanlılıqları ilə Azərbaycanda yaşayan uşaqlardan kəskin fərqlənirlər. İndi təsəvvür edin, onlardan sonra gələn nəsil tamami ilə yadlaşacaq, azərbaycanlı olduqlarından əsər-əlamət qalmayacaq…

Bu yerdə İndiana ştatında əlli ildən yuxarı yaşayan bir qocaman türk professorun dediklərini sizin də nəzərinizə çatdırmaq istəyirəm: “Mən Amerikada çox uğurlara imza atdım, iki övlad böyüdüb mükəmməl təhsilə yiyələnmələrinə şərait yaratdım. İllərdir ki, üzlərinə həsrətəm. Türk kimi doğulsalar da amerikalı kimi böyüdülər. Milli mənsubiyyətlərindən savayı onların heç birində türklükdən əlamət yoxdur. Elə düşünməyin ki, günahkar mənəm, əsla yox. Onları bu cür edən Amerika oldu…”

Söhbətimin sonunda Amerikada, o cümlədən digər xarici ölkələrdə xoşbəxtlik tapacağını gümün edən bəzi soydaşlarımıza demək istəyirəm ki, heç də siz düşündüyünüz kimi deyil. Əgər vətənində sənin və ya ailə üzvlərinin həyatına təhlükə yoxdursa, öz məmləkətində, doğmlar arasında yaşamaq daha yaxşıdır…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

La imagen puede contener: 1 persona, cielo, exterior y agua
La imagen puede contener: cielo, nube, árbol, exterior y naturaleza
La imagen puede contener: interior
La imagen puede contener: cielo, árbol y exterior
La imagen puede contener: cielo, puente y exterior
Share: