Heç nə haydan gəlib, huya getmir. Azərbaycan ədəbiyyatı da bugünkü vəziyyətə gəlib çatmaq üçün çox yol keçib. Hələ 20 il öncə Azərbaycan Sıqanistləri Birliyinin əsasını qoyan Yafəs Türksəs ədəbiyyatda təkrarolunmaz bir imza atdı. Onun nə etdiyindən özünün də xəbəri yox idi. Əkdiyi ştillərin illər sonra pöhrələyəcəyi kimin ağlına gələrdi?!
Yafəs bu şanlı vəzifəni ayaqqabı stendlərində malların arasına qatıb satdığı kitablarla başladı. O gün “qaraçılıq” və “yazıçılıq” sözləri arasında məna doğmalığı yarandı. Gerçək ədəbiyyat və alver ədəbiyyatı dilemması sona çatdı.
Azərbaycan ədəbiyyatının inqilabçısı Yafəs bununla kifayətlənmədi. Bir qədər sonra ayaqqabı satışından, (ayaqqabıdan kürəyə düzülən tibbi banka, bankadan stəkan-nəlbəkiyə keçidi yada salmırıq ) tamamilə kitaba keçdi. Bununla da o, yeni bir ənənənin əsasını qoydu – küçədə kitab satmaq ənənəsinin!
Yafəs ayaqqabıdan kitaba keçdi. Onun ara-sıra satdığı tək-tük kitablar Azərbaycan Sıqanlar hərəkatına təkan verdi. Yafəs ayaqqabı sata-sata nəinki şairə çevrildi, qaraçılıq ədəbiyatın ikinci adı oldu.
Sevindiricidir ki, Yafəs ənənələri və irsi bugün də şərəflə davam etdirilir. Yafəs Atanın ən böyük davamçısı Kəramət Böyükçöldür.
Amma Kəramət nəinki bir davamçı, həm də novator və reformistdir. Yafəsin sıqanizm cərəyanına yeniliklər gətirən bu gənc dahi küçələrə düşüb kitab satmağı elə qiymətə mindirib ki, şair-şüəra, yazar-füqəra əxlaqını elə pozub ki, hamının qəlbindən tək bir şey keçir: “Keşkə Elmlər Akademiyasının qabağında mənim də bir dənə “polkam” olaydı”.
Kəramət öz ustadının ənənələrinə texnoloji əlavələr elədi. O, kitab alveri və reklamının imkanlarını internetdən istifadə edərək genişlətdi. Məhz onun fəaliyyəti hesabına bugün biz Azərbaycan yazıçısı adını Azərbaycan qaraçısı adıyla fəxrlə əvəz edə bilərik.
“Utananın oğlu olmaz” şüarını özünə bayraq edən Kəramət kitab alverindən qazandıqlarını çəkib fb profilinə qoyur. Bu fotolardakı onluqlar, yüzlüklər onun mənliyinə, kimliyinə işıq saçır. Kəramət ən böyük demokratdır. Çünki xalqdan heç nəyini gizlətmir. Sıqanizmin əsas prinsiplərindən biri məhz budur.
Kəramət həm də alverçi dostlarına stimul verir. Ayxan Ayvaz, El Roman, Rəvan Cavid kimi gənc qaraçı yazarlar kafe axtarışına çıxırlar. Beləcə, sıqanizm inkişaf etdikcə Azərbaycan ədəbiyyatı küçələrdən yığışır və kafelərə, publara yerləşir.
Təkrar edirəm: Bu böyük hərəkatın əsasını Yafəs Türksəs qoyub. Ona bəziləri Yafəs Turpsəs, (hətta Yafəs Mərdəqal Köhnəyurd və Yafəs Xoşamito deyildiyi vaxtlar da olub) deyir. Bu cür paxıl adamlar Yafəs Atanın yaratdığı ədəbi səs-küyün qarşısını almaq, alver ədəbiyyatının sütunlarını sarsıtmaq istəyirlər. Ancaq bu, mümkün deyil. Yafəs ənənələri və sıqanizm hərəkatı elə möhkəm sütunlara dayanıb ki, onu laxlatmaq, ona zərbə vurmaq istəyən istənilən qüvvə yalnız öz adına ləkə vura bilər.
Bazar olsun!