Xalq artisti Şeyx Əbdül Mahmudbəyov hazırda yağan yağışın mənzilini (Nəsimi rayonu M.Əliyev-170, mənzil 7) “gölməçəyə çevirdiyini” bildirib.
Müstəqil.Az bildirir ki, bu barədə Kult.az-a danışan xalq artisti qeyd edib ki, Bakı şəhərinin sabiq icra başçısı Hacıbala Abutalıbovun dövründə bu ərazidə yeraltı qaraj tikiləndə bina zərər görüb:
“O vaxt Hacıbala Abutalıbov yeraltı qaraj tikdirəndə bizim evimiz zərər görmüşdü, binamızda çatlar yaranmışdı. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, heç bir tədbir görülmədi: mənzilimizi nə təmir etdirdi, nə də bizi köçürtdü. İldən-ilə mənzildə yaşamaq daha dözülməz olur. Bugünkü yağış isə sanki evimizə yağır. Evin içinə ləyənləri düzmüşük ki, yer su olmasın. Artıq evdə oturmaq mümkün deyil. Faciəvi vəziyyətdəyik, yaşaya bilmirik”.
Şeyx Əbdül bildirib ki, üçotaqlı evdə 3 ailə yaşayır və bu da vəziyyəti daha da ağırlaşdırır.
Xalq artisti aidiyyəti qurumlara dəfələrlə müraciət etdiyini, amma heç bir xeyri olmadığını deyib və yeganə ümidinin ölkə rəhbərliyi olduğunu bildirib.
Müstəqil.Az