“Axşamkı yağışdan sonra azadlığa çıxmaq həvəsim birə beş artdı, dünya ürəyimə daha da yatdı” yazmışdı içəridə yatanda. Yağışdan sonrakı aydınlıq və yaşıllıq onun ürəyinə bir az sərinlik gətirmiş və yolunun açılacağı günə yaşıl işıq yandırmışdı bəlkə də. Yaşılı sevmişdi, arzulamışdı, yaşamışdı.
O yağışdan aylar keçdi, yaşıl işığı yandı. Onu içəri atan da, içəridən çıxaran da, ruhundakı bütün haqsızlıqlara dözümsüzlüyü və həqiqətpərəstliyi olmuşdu. Hər insan hər yerdə doğruları söyləməyi bacarmır, buna cəsarəti çatmır, amma “Yağışdan sonra”nın müəllifi bu cəsarəti edib, edir və edəcək. Hər insan həm yaxşı şair, həm yaxşı yazıçı, həm yaxşı dost, həm yaxşı ailə başçısı, həm yaxşı insan ola bilmir. Amma, o, bütün bu yaxşıları özündə birləşdirir və bunları şeirlərinin də ruhuna hopdurmağı bacarır. Yaxşılıq etməyi sevib və sevdirib insanlara. Yaxşılıq da yaşıllıqdan gəlir elə bil. İmanlı, inamlı və könlü rahat olanların rəngidir yaşıl, məncə.
Yağışdan sonra aydınlıq olur. Yağışdan sonra hava təzələnir, təmizlənir. Yağışdan sonra duruluq, saflıq, yaşıllıq olur. Yaşıllıq yaxşılıqlar gətirir, yeni şeirlər cücərdir, yeni şeirlər yeni kitablar demək olur. Bəlkə elə buna görə də, kitabının adını “Yağışdan sonra” qoyub.
Müəllif dənizçidir. Dənizçi üçün suyun nə qədər vacib ünsür olduğunu nəzərə alsaq, kitabına qoyduğu ada da bir o qədər haqq qazandıra bilərik. Yağış, yağmur, su. Yağışdan keçib, yağmurda islanıb, suda durulub, dənizdən nəfəs alan şeirlər cəm olub onun bu son statistik kitabında. Statistika demişkən, hər insanın bir statistik, bir də dinamik taleyi olur. Onun taleyinin statistik tərəfi azərbaycanlı, cəlilabadlı, Balabəylilərdən olmasındadırsa, dinamik taleyində Vətənsevər, dənizçi, suya bağlılıq, şeirə-ədəbiyyata sevgi, bütün bunlarla bərabər isə yaxşılığa və yaşıllığa bağlılıq var. O, ədəbiyyat sevdalısıdır. Kitablarının sayca çoxluğu da burdan qaynaqlanır: “Eh, ayrılıq nə yamansan!”, “Kəsilməyən həyəcan fiti”, “Sənə yazılan şeirlər”, “Burda darıxmaq olmaz”, “Yaşıl yuxulu dəniz”, “Bayıldan bayıra”. Kitabların adları da müəllifin dinamik taleyinin real göstəriciləridir. Bu göstərici həm də onun həyat yolunun, yaşantılarının, başına gələn olayların, böyük duyğularının, təfəkkürünün, düşüncəsinin əksidir. Hər kəs özünü yazır axı, hər kəs dilinin altında gizlənir axı! Çox sevirəm bu ifadələri tez-tez işlətməyi. “Yağışdan sonra”nın müəllifi də yazdıqlarının altında gizlənib, təzə oxucusu üçün sadəcə onları oxumaq və müəllifin kimliyini kəşf etmək qalır. Kimlik isə bəllidir. “Yağışdan sonra” və Faiq Balabəyli adı. Bu ad çoxlarına çox söz deyir. Bu ad Azərbaycan coğrafiyasında tanınmış addır. Bu adın sahibi millətçi və vətənpərvər şair, ictimai siması olan sosiallaşmış azərbaycanlıdır. Milli birlik, vətəndaş həmrəyliyi, azərbaycançılıq onun əqidəsinin qayəsini təşkil edir. Bu özəllikləri ara-sıra şeirlərində əks etdirir, özü də bilmədən:
Elə istəyirəm ki,
Sənin üçün ölümə gedəm,
Buna görə yaşamaq istəyirəm,
Yaşamaq, Vətən!
Vətən üçün yaşayanlardandır Faiq, yaşamaq üçün Vətəni sevənlərdən deyil. Özünə gündəlik hesabat verirmiş kimi bir şeirində deyir: “Səhəri diri açdım, Yata bilmədim…Aranı dağa, dağı Arana “daşımadım”. Bu günü silirəm təqvimdən! Bu günü boşa verdim, yaşamadım!” . Bu şeirdən göründüyü kimi, aydın hiss edilən faydalı yaşamaq, faydalı insan olmaq məsuliyyəti var onun qanında və canında. Faydalı yaşayanların ömrü daimi olur. Onlar bu dünyanı tərk etdikdən sonra da millət üçün, xalq üçün sevilən və daim yad edilənlərdən olurlar.
Bir də Aran və dağ həyatını paralel yaşayanların Vətənin hər daşını, torpağını qarış-qarış gəzdiyindən sevənlərin ruhu var onun şeirlərdə. Onun canında və qanında vətənpərvərliklə yanaşı, türkçülük və tanrıçılıq da var, deyərdim ki! Vətən üçün hər an ölməyə hazır olan şair başqa bir şeirində deyir:
Gözü qara bulaq üstə,
De sözünü varaq üstə,
Səndən ötrü ayaq üstə
Öldüm, bir kimsə bilmədi.
Vətən üçün daim ayaqda və ayıq-sayıq olmaq ehtirasları onun “Vətənə ağı” adlı bölümdəki bütün şeirlərində hiss edirik. keşikçi xarakteri var onda, bir kişilik məktəbi keçmişlərin mərdlik ruhu var onda. 20 yanvar hadisələrində bir dənizçi kimi qanlı hadisələrin canlı şahidi olub. Onun “Kəsilməyən həyacan fiti” əsərini oxuduqca yaşadığı sarsıntıların, Vətəninin azadlığı uğrunda sinəsini sipər etmiş qəhrəmanlarla bir sırada durduğunun şahidi oluruq. Tale işidir bu, kimisi şəhid olur, kimisi şahid. Vətənin, Torpağın, Ana-bacılarının, mill-mənəvi dəyərlərimizin keşikçisi olub hər zaman. Bu gün də öz fəaliyyətində və yaradıcılığında bu faktların əksini görməkdəyik. Ana-bacı demişkən, Faiq Balabəylini ilk tanıdığım illərdə (1998-99-cu illərdə) mənə şairlər içərisində də “bacı” deyənlərdən birincisi olub. Həm də sonralar etiraf etdi ki, həyatında önəmli və qutsal olan qadınların (anası, bacısı, həyat yoldaşı və qızının) içərisində mənim də özüməməxsus və müqəddəs yerim varmış. “Nə mutlu bana!”. Doğrudan da, böyük qiymət və dəyərdi bu. Bu dəyər üçün də hər zaman minnətdar olmuşam ona. Bu yazını yazmaq da onun kitablarını oxuduqdan sonra qardaş şairin yaradıcılığındakı doğmalıqları sizlərlə bölüşmək oldu. 2016-cı ilin aprel hadisələri zamanı yazdığı bir şeir az müddətdə dillər əzbəri oldu. Sosial şəbəklərdə müzakirə mövzusuna çevrildi:
Nə müddətdir sapsarıdır yaşılım,
Tez əmr ver, düşmənimlə savaşım.
Qoy vurulum, torpağıma qarışım,
Vur da, komandir, vur!
Yenə də “yaşıl” ornamenti, bu şeirdə də yaşıllıq və azadlıq rəngi gördüm. Qarabağımızın düşmən tapdağı altında olan torpaqlarını azad etmək ehtirasından doğan döyüşkənlik ruhunu gördüm.
Tanrı, Allah sevgisi, gördüyü ədalətsizliklərdən yorulanda isə Allaha xitab notları var onun yazdıqlarında. Ən çətin və kövrək anlarında isə yenə Tanrı çatır onun dadına:
Nə deyim sənə, ilahi,
Nə deyim ki, eşidəsən?
əlimi necə qaldırım
əlimdən tuta biləsən?
***
Ayağımın ucundayam, Allah,
əlim yenə sənə çatmır.
Susmuşam, eşidirsən?
Onun könlündən keçənlər – azad Azərbaycanımızın gələcəyi, müstəqilliyinin əbədiliyi və sarsılmazlığından, doğma Qarabağımızın azad olunacağı gündən keçir. Onun üçün bütün yaradıcılığı boyu öncə Vətən, Torpaq, Millət, sonra eqosu gəlir. Onun eqosu çoxlarından fərqli Vətən, Torpaq, Millət sevgilərini üstələmir, əksinə bu sevgilər bütün sevgilərin fövqündə durur.
Faiq Balabəyli bir müddət həbsdə yatdı. Adı gələndə hər kəsdə dəhşət yaradan məkan – içəri ona çox şey yazdırdı. İçəridə nə yaşadı, nələr gördüsə hamısını qələmə aldı. Bir sözlə, orda da mütaliəsindən, yazmasından, qələmindən, düşünməsindən qalmadı. Onun ən gözəl şeirləri içəridə yazılan şeirlər oldu. Buna görə də, ona içəri şeirləri üçün “içəriyə düşməyə dəyərmiş” deyənlər çox oldu. Azadlıqdan məhrum olduğu illərdə “Burda darıxmaq olmaz” adlı kitaba daxil etdiyi azadlıq eşqli şeirlərini yazdı. Bu şeirlər onun yaradıcılığının üstqatını təşkil edir:
Sənsizlikdən darıxıb,
dərindən ah çəkirəm,
Mən şeir yazmıram ki,
sözlə günah çəkirəm.
Vətəndaş şair, azadlıqsevər insan, dostcanlı, hər kəsin çağrığına yetişməyi özünə davranış kredosu seçmiş Faiq Balabəyli, yeni kitabın xeyirli-uğurlu, əlin hər daim qələmli, dilin sözlü, şeirli, ürəyin var olsun! Səni oxuduqca “Yağışdan sonra” təzələnən hava kimi təmizlənir insanın ruhu.
Dr. Həyat ŞAMİ
Şair-publisist