Faiq BALABƏYLİ
(yeni şeirlər)
ÇIXIB GEDƏCƏM
Daha necə yaşamaq vecimə də gəlməyir
bu dünyadan doymadan şəstlə çıxıb gedəcəm
İçimdə dustaq qalan, kimsənin duymadığı
vulkan kimi püskürən səslə çıxıb gedəcəm
Ətrafda baş verənlər yenə də baş verirsə
kəsilib, edam olur yüzlərlə baş, verirsə.
Başsız məmləkətlərə kənarlar baş verirsə
millət qarşlaşırsa qəsdlə, çıxıb gedəcəm
Nə doğmalar biləcək, nə də yadlar, bilirəm
silinəcək yaddaşdan bütün adlar, bilirəm.
Sinəm zireh də olsa, ürək partlar bilirəm
daha heç vaxt olmaram xəstə, çıxıb gedəcəm.
Yersiz gəlib yerlinin yerini dar eləyir
armudu heyva bilir, heyvanı nar eləyir.
Abırsızdan çəkinir abırlı, ar eləyir
nadanlar yaratdıqca dəstə, çıxıb gedəcəm.
SONRA…
Əvvəl gələn xəbərlər
sonra heç gəlmədi də
Sonra gəlməyən xəbər ümüdləri qarsadı…
Son dəfə əsən külək sonuncu yarpaqları
Qovdu, görə bilmədim, lap uzağa apardı…
Sonra həmən küləklər yarpaqsız budaqların
üstündən uçub getdi…
getdi
göyün üzündən buludları dağıtsın…
Daha küçələrə də su səpən tapılmadı
Tapılmadı yarını tozdan qouryan oğul…
(Mahnılar kökdən düşdü, toz basdı küçələri…)
Tapılmadı boz atı sərv tövləyə bağlayan
tapılmadı çiynindən bircə anın içində
tüfəngini aşırıb sinəsinə dayayan …
…nə pis gəldi sonralar…
Beləcə yoxa çıxdı əvvəl-əvvəl olanlar
qarğı atları minən kəndin uşaqları da
sonradan böyüdülər…
Sonra heç danışmadıq
unuduldu nağlımız
yağmalanan yurdların ot basmış yollarında
düşmən tırtılı altda qaldı uşaqlığımız…
Yaxşı ki xatirələr zökəm tutmuş sinəyə
bəlğəm kimi yapışıb –
qoparıb atmaq olmur…
Yurdu – yuvanı satdıq, qazı-nöyütü satdıq
indi bizə yad olan yadda qalan günləri
yaddaşlardan qoparıb,
aparıb satmaq olmur…
Körpə oğlanların da qaşları düyün vurub
qızların bantı hanı?-
toysuz qalıb gəlincik…
Sonra əsən küləklər bizi tərk edib getdi
getdi göyün üzündən buludları dağıtsın
Getdi bir qədər küskün, getdi bir qədər incik…
OĞLUM TURALA
Oturma,
əllərini dizinin üstünə qoyub
dincəlmə,
hələ ömrün sonun çox var.
Boylan, boyunun çatdığı,
gözünün tutduğu yerlərə
baxışların bağlamasın qabar.
Üz tut, üzünü sənə tutub
üzlülük edənlərə…
hər sözü söz edənlərə
boyun büküb, göz gizləyib
söz gəzdirənlərə
arada çımxır, arada qabar,
sən öz yerini tanı,
onlara yerini göstər
bax gör necədir belə yaşamaq,
necədir haqqı dananlarla dalaşmaq…
Dalaş oğlum, dalaş…