Yaponiyanın səfiri Ədəbiyyat İnstitutunda olub

Yaponiyanın səfiri Ədəbiyyat İnstitutunda olub

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüş keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli 2012-ci ildə Yaponiyaya olan səfərindən və qarşılıqlı əməkdaşlıqdan danışıb. Tokiodan əlavə Xrosimada olduğunu da xatırladan akademik İsa Həbibbəyli həmin şəhərin Ağdamla oxşar taleyindən söz açıb: “Xrosimadakı dəhşətin səviyyəsini oradakı video-lentdən görmək olur. Ağdamdakı erməni vəhşiliklərini isə əyani görmək mümkündür. Hər ikisi bəşəriyyət üçün böyük fəlakətdir. Xrosimada yandırılmış torpaqlarla yanaşı, yeni park salınıb və yaponlar həmin parkın adını “Sülh” qoyub. Azərbaycan da müharibə bitəndən sülh müqaviləsinin bağlanmasını istəyir.
Ölkəmizdə Yaponiyaya böyük maraq, hörmət və ehtiram var. Naxçıvan Universiteti ilə də Yaponiya arasında yaxşı əlaqələr vardır. Mən rektor olan zamanlar bu əlaqələr qurulmuşdu, hazırda da yüksək səviyyədə davam edir. Əlaqələrimiz səfirliklər, diasporlar, universitetlər səviyyəsində inkişaf edir. Arzu edirik ki, akademiya səviyyəsində də inkişaf etsin.
Bu cəhətdən Gülnar Yunusova yaxşı körpüdür. O, Yaponiyada oxuyub, yapon dilini öyrənib. Yapon ədəbiyyatını tədqiq edir, hətta yapon ədəbiyyatından tərcümələr edir. Naxçıvan universitetindən Xumar Məmmədova da Azərbaycan Yaponiya ədəbi əlaqələri mövzusunda doktorluq işi yazır. Bu gün Gülnar Yunusovanın dissertasiya müdafiəsidir, elmi rəhbəri mənəm. Gülnar Yunusova Dünya ədəbiyyatı (yapon ədəbiyyatı) ixtisası üzrə “Haruki Murakaminin yaradıcılığında postmidernizm” mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yazdığı dissertasiyasını müdafiə edir. Haruki Murakami müasir yapon ədəbiyyatının əsas simalarından biridir. İlk dəfədir ki, bizdə müdafiədə səfir iştirak edir. Gülnar Yunusova institutumuzun ən gənc şöbələrindən olan Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin əməkdaşıdır. Həmin şöbənin müdiri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlidir.
Biz Xəlil Kələntərlə danışmışıq ki, orada böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin hekayələr kitabını yapon dilində çap edək. Mən Cəlil Məmmədquluzadə haqqında doktorluq işi və çoxlu kitablar yazmışam. İndiyə dəqər onun əsərlərini 11 xarici ölkədə çap etdirmişik. Biz Haruki Murakamini tanıdığımız kimi, yapon oxucusunun da Cəlil Məmmədquluzadəni tanımağını əhəmiyyətli sayırıq. Sizin gəlişiniz Azərbaycan-Yaponiya əlaqələrinin inkişafına dəstəyinizi ifadə edir”.
Sonra Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi çıxış edib: “Bizi dəvət etdiyiniz və Yaponiya-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı dediyiniz xoş sözlərə görə təşəkkür edirik. Bildiyiniz kimi Yaponya-Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm mədəni sahədə inkişaf etməkdədir. Ədəbiyyat sahəsində inkişaf etməsi də çox vacibdir. Gülnar xanımın apardığı tədqiqat da bu əlaqələrin inkişafında müsbət rolunu oynayacaq.
Bu il Yaponya-Azərbaycan diplomatik əlaqələrinin 30-cu il dönümünu qeyd edirik. Belə bir zamanda Gülnar xanımın hazırladığı tədqiqat işi bu əlaqənin inkişafına bir töhfədir. İki ildir ki, Azərbaycandayam, yaponlarla azərbaycanlılar arasında ortaq cəhətlər çoxdur. Sevinirəm ki, burada iştirak edib, öz dəstəyimi göstərə bilirəm”.
Rəsmi görüşdən sonra Gülnar Yunusovanın müdafiəsi keçirilib.

Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

Müstəqil.az

Share: