Yaralı əsgərimə Şəfa verən əlindən Öpüm, şəfqət bacısı… – Zaur İlhamoğlu

Yaralı əsgərimə  Şəfa verən əlindən  Öpüm, şəfqət bacısı… – Zaur İlhamoğlu

Şəfqət bacısı

 

Yaralı əsgərlərimizin sağlamlıqlarına qovuşmaları üçün yorulmadan

çalışan şəfqət bacılarının timsalında bütün həkimlərimizə

 

 

 

Bir əsgərin döyüşdə yaralanmağı dəhşət,

O, qələbə yolunda addımlayarkən əlbət,

Aldığı yarasının ağrısı göylər qədər,

 

Əzabı göylər qədər.

O an ona yetişib köməklik göstərməyin,

Dəyəri göylər qədər,

Savabı göylər qədər.

Yarasını bağlamaq,

Dərdinə məlhəm olmaq,

Doğma insanı kimi ona bir həmdəm olmaq,

Ona təsəlli vermək:

Qorxma, sağalacaqsan,

Sən yenə qısasını düşməndən alacaqsan.

Onu nikbin ruh dolu

Ümidlə ovundurub yaşamağa səsləmək,

Gecə-gündüz bilmədən

Qayğısına qalaraq o insanı bəsləmək..

Bilirsiniz həmin an,

Necə gərəkdir ona?

Od yurdunun oğluna

Kim edir bunu görən?

Kimdir ona əvəzsiz nəvazişi göstərən?

O bir şəfqət bacısı.

Göstərdiyi qayğıyla,

Şəfalı əlləriylə,

Yaralı əsgərimin çıxır öz bədənindən

Hər ağrısı, acısı.

O, gecə-gündüz bilmir,

Yuxusuz gecələri özünə adət edir,

O, nə bir an dincəlir,

Nə istirahət edir.

O, çalışır, çalışır,

Təki yaralı əsgər sağlamlığa qovuşsun,

Təki onun canına gələn bəla sovuşsun,

Təki yaralı əsgər bu gündən sabahına

Nikbin boylana bilsin,

Özünü bu vətəndə gərəkli sana bilsin.

Susmur şəfqət bacısı

Dayanmır zərrə qədər,

Çalışır hər gününü,

Yenə açılır səhər,

O, yenə də çalışır,

Sinəsində çırpınan öz böyük ürəyiylə,

İynəsi, dərmanıyla,

Həmin o əsgər kimi

Vətənə borc ödəyir,

O da zərif canıyla.

Geydiyi ağ xalatı olsa da qan içində,

Əzilsə də çiyinlər çətin işin yükündə,

Onun ruhu əzilmir.

Günlərin yorğunluğu

Çöhrəsində sezilmir.

Əksinə xoş təbəssüm ona siraət edir,

Niyə, niyə, çünki o,

Vətənə xidmət edir.

O, yaralı əsgərə hədsiz qayğı göstərir,

Hədsiz diqqət yetirir.

Evində bişirdiyi yeməyindən gətirir.

Onu öz balasıtək,

Onu öz qardaşıtək

Əzizləyir, oxşadır.

Halaldır sənə, halal

“Şəfqət bacısı” adı.

Gün olsun zəfər çalaq,

Mən də tər bənövşədən

Sənin başının üstən

Səpim, şəfqət bacısı.

Hələliksə izn ver,

Yaralı əsgərimə

Şəfa verən əlindən

Öpüm, şəfqət bacısı.

 

 

 

***

 

 

Silahsız insanlara hücum çəkməklə deyil,

Guya ki düşünürsən sən igidsən, sən ərsən.

Ey bədbəxt oğlu, bədbəxt, sən bu acizliyinlə,

Yalnız günahsızlara hücum çəkə bilərsən.

 

 

 

Sənin hünərin deyil mərdanə döyüş etmək,

Sən üz-üzə gəlməyi çətin bilən adamsan.

Mənim öz qolum vardır, mənim öz qoltuğum var,

Sən özgə qoltuğuna dirsəklənən adamsan.

 

 

 

Sən nəyi götürmüsən, mən nəyi götürmüşəm,

Kim nəyi görmüşdüsə, ondan götürə bildi.

Mən igidlik götürdüm sən isə heçnə, çünki

Atan igid deyildi, baban igid deyildi.

 

 

Baxaq tariximizə qəhrəmanlar kim olmuş,

Sənə xəyal görünər qəhrəman olan anlar.

Andranikin vardı,  onun da Soltan bəyim,

Kəsmişdi qulağını ötüb-keçən zamanlar.

 

 

Mən öz torpağımdayam, sən mənim torpağimda.

Gəmiçiyəm gəmimə minib dava edirsən.

Atın özgə atıdır, nalın özgə nalıdır,

Sən kimin hesabına belə yeyin gedirsən?

 

 

Güvəndiyin dağları uçuracam yerindən,

Düzəngah yaradacam, mən ki buna qadirəm.

Sən adicə oğluna söz keçirə bilməyən,

Mən isə bu dünyaya hökm edən cahangirəm.

 

 

 

Bilirsənmi, zavallı, sən özgədən dönməsən,

Mənimsə özgələrlə  həyatda olmaz işim.

Sən keçmişin ləkəsi, tarixin üz qarası,

Mənimsə əzəlindən parlaq olub keçmişim.

 

Məsum körpələrimə silah uzatmağınla,

Düşünmə gələcəyim qanında boğulacaq.

Bu gün bir körpəm öldü, gələcəyin igidi,

Sabah yüz elə igid yenidən doğulacaq.

Bu gün sənin bayrağın dalğalanır eybi yox,

Sabah həmin məkanda bayrağım dirçələcək.

Bu gün mənim anamın sinəsi yanır yansın,

Sabah sənin anana dəli yanğı gələcək.

 

 

Qısası qiyamətə saxlamaram heç zaman,

Çəkdiyini çəkməsən ölüm yoxdur unutma.

Mən Bozqurdam, sən tülkü, sən ayrısan, mən ayrı,

Sən məni bu həyatda özünlə eyni tutma.

 

Bu gün ayaq üstəsən, amma bu gün, sabah var,

Sabah açılan zaman diz çökəcən önümdə.

Yalançı tarixinlə sinənə döymə, düşmən,

Tarixin silinəcək mənim zəfər günümdə.

 

 

Vur, igidim, vur!

Vətən verdi xeyir-duasın sənə, mərd əsgərim,

Cəbhədə tarix yazacaqsan yenə, mərd əsgərim,

Zərrə qədər vermə aman düşmənə, mərd əsgərim,

Onlar üçün gözdağısan öndə dayan, öndə dur.

Vur, igidim, vur, vur,

Vur, igidim, vur!

 

Türk ruhu, təsir eləməz ruhu çürüklər sənə,

Bata bilməz arxada, həm üzdə dönüklər sənə.

Neynəyəcək Təkur Məlik, Şöklü Məliklər sənə?

Sənin atan Salur Qazan, sənin baban Bayandur.

Vur, igidim, vur, vur,

Vur, igidim, vur!

 

 

 

Düşmənə sən tor atasan ki, düşə bilsin tora,

Düşdüyü tor çün onu əldən sala, hətta yora.

Doğma elindir oralar, yaxşı bələdsən ora,

Bacardıqca sal tələyə, pusqu yarat, pusqu qur,

Vur, igidim, vur, vur,

Vur, igidim, vur!

 

Varlığına etdik inam dirçələcəksən deyə,

Layiq olan zirvələrə yüksələcəksən deyə,

Özlədi cənnət Qarabağ sən gələcəksən deyə,

Gözləyir həsrətlə səni Göyçə, Qafan, Zəngəzur,

Vur, igidim, vur, vur,

Vur, igidim, vur!

 

Əz başını düşməninin, çal zəfər, ey əsgərim,

Qalibiyyət müjdəsini ver xəbər, ey əsgərim,

Vətəndə gün dolu açılsın səhər, ey əsgərim,

Qoy çiləsin al günəşim torpağa nur, yurda nur,

Vur igidim, vur, vur,

Vur, igidim, vur!

 

 

Eheey, düşmən,

Qarı düşmən!

İstəyirsən dörd yanını sarı, düşmən.

İstəyirsən aramızda gözgörməyən bir sədd yarat,

İstəyirsən keçilməyən sərhəd yarat.

Keçəcəyəm, gələcəyəm,

Al qanını topraq üstə tökəcəyəm,

Qələbəmə qəh-qəh çəkib güləcəyəm.

 

Qanad açıb uçsan göyə,

Qanadından vuracağam.

İnadından dönməz olsan,

İnadından vuracağam.

Arzuları çıxardaraq ürəyindən od vuracam,

Kül olacaq.

 

Qəzəb dolu baxışlarım

Gözlərinə mil olacaq.

Oyacağam oyum-oyum.

Məni yaxşı tanımırsan.

Mən bir Türkəm,

Türk oğluyam, türkdür soyum.

Min illərin arxasından əslim bəlli,

Köküm bəlli, nəslim bəlli.

 

Bu bəşərin beşiyində ilk olaraq yatan mənəm,

Mənə göylər layla çalmış,

Bu dünyanın hər yerində izim qalmış,

Orduları pərən salan, alay pozan millət mənəm,

Tarix yazan millət mənəm,

Şərqdən Qərbə hökm eyləyən hökmranam,

Bilgə Xaqan, Alp Arslanam,

Atillayam, Çingiz xanam,

Teymurləngəm, İsmayılam,

Sultan Mehmet, Süleymanam.

 

Nökər olmaq, əsir olmaq…

O hisslərə tamam yadam,

Mən Babəkəm, mən Kürşadam.

Torpağıma əl uzansa,

Biləyindən kəsən türkəm.

Düşmənlərin başı üstə,

Qasırğatək əsən türkəm.

Bəs sən kimsən?!

 

Tarix boyu onun-bunun kölgəsində daldalanan bir zavallı,

Başqasının hesabına lovğalanan bir zavallı.

Yaşadığın o torpaqlar sənin deyil,

Mənim yurdum, vətənimdir.

Öz elimdir, məskənimdir.

Buz bulaqları mənimdir,

Axar çayları mənimdir,

Uca dağları mənimdir.

 

Bəsdir daha at oynatdın,

Qılınc çəkdin.

Baş apardın, zəhlə tökdün.

Yetər daha, qarı düşmən,

Gəlirəm mən.

Mən gəlincə ağlın varsa,

O yerlərdə çalış durma,

Zəfər çalmaq sənlik deyil.

Xəyallarla ürəyini ovundurma.

 

Nə qədər ki, anan ağlar qalmayıbdır,

Cəhənnəm ol!

Nə qədər ki, boş başına bu dünya dar olmayıbdır,

Cəhənnəm ol!

Qaçmaq sənə eyib deyil,

Əkil, çıx get!

Nə qədər ki, ölməmisən,

Çəkil, çıx get!

 

Eheey, düşmən.

Gəlirəm mən!

 

 

 

Torpaq həsrətinə son qoymaq üçün,

Yurdum Qarabağa qoşun yeritdi.

Mən zəfər şeirinə hazırlaşarkən,

Dedilər sus, şair, məsələ bitdi.

 

 

Nə bitdi, nə təhər bitdi, de görək,

Dedilər arada atəşkəs oldu.

Eşitcək od tutdu qulaqlarımı,

Sanki cəhənnəmdən gələn səs oldu.

 

Yoxee ola bilməz, qınama məni,

Nəsə yanlışlıq var sənin sözündə.

Qələbə bizimdir, daha az qalıb,

Şeir yazmalıyam Cıdır düzündə.

 

Bəlkə nələrisə bilmirik biz də,

Bir az səbr eləyək, son nədir görək.

Buraxaq zamanın öhdəsinə qoy,

Doğrunu, yanlışı o göstərəcək.

 

Qalib gəlmək üçün gedən əsgərdə,

Geriyə dönməyə heç həvəs olmaz.

Uşaq deyilsən ki, atam, qardaşım,

Qələbə anında atəşkəs olmaz.

 

Olsa da, bir şərtlə olar razıyam,

Mənə məxsus olan mənim olacaq.

Bir vaxtlar əlimdən aldığın torpaq,

İndi bütünlüklə məndə qalacaq.

 

Yoxsa boş xülyayla başını yorma,

Sən deyən havaya uyuşmaram mən.

Aman istəyirsən, verim, amma ki

Atəşkəs haqqında danışmaram mən.

 

Aman diləyərsən, vurmaram heç vaxt,

Mənim comərdliyim göylər qədərdir.

Ta dövrü-qədimdən Oğuz igidi,

Aman diləyənə aman verərdi.

 

Mən  şəhid vermişəm, şəhidlərim var,

Sən heç bilirsənmi şəhidlik nədir?

O elə ağrı ki, o elə ağrı,

İnsanın içini didib, göynədir.

 

Bir elə oğullar qurban gedərkən,

Susub dayanmağın de, yeri varmı?

Səninlə yenidən razılaşsam mən,

Onların ruhları bağışlayarmı?

 

Yox əsla, yox daha dayanmaram bil,

Yerlə göy birləşə susmaram daha.

Sən kimə sığındın özün bilərsən,

Mən isə sığındım qadir Allaha.

 

Qələbə mənimdir, zəfər mənimdir,

Pas atmaz qəlbimdə daha arzu, kam.

Qələbə eşqinə Cıdır düzündə,

Ahəstə-ahəstə şeir yazacam.

 

 

 

Zaur Ilhamoglu

Müstəqil.Az

 

 

 

 

 

 

 

 

 

 

Share: