Yardımlının on bir kəndi zülmətdə…

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Yardımlı Elektrik Şəbəkəsini, necə deyərlər, “Həsənsoxdu dəyirmanı”na çevrib. Tez-tez rəisləri dəyişməklə nə düşündüyünü bilmək olmur.

 

İndi də Emil Bədəlov adında bir məmuru şəbəkəyə rəhbər təyin edib. Və həmin Emil Bədəlov rayonumuza ayaq basandan bir sıra kəndləri işıq üzünə həsrət qoyub. Qaz, su sarıdan korluq çəkən Yardımlı əhalisinə bu azmış kimi, üstəlik elektrik enerjisi ilə də imtahana çəkirlər…

Artıq neçə gündür ki, rayonun Osnakəran, Anzov, Hamarkənd, Abasabad, Zenqaran, Solqard, Alar, Şıxhüseynli, Bürzünbül, Bilnə və Seyidlər kəndlərində elektrik enerjisi fasilələrlə verilir. Elə gün olur ki, 5-6 dəfə işığı yandırıb söndürürlər. Bəzən səhər sönən işıq nəhayət axşam yanır. Kəndlərin heç birində ayrıc yoxdur deyə, hər hansı bir kənddə adi bir qoruyucunu dəyişməkdən ötrü on bir kəndi zülmətə qərq edirlər…

Maraqlıdır, ilin-günün bu vaxtında insanları narazı salmaq, onlara zülm etmək görəsən Emil Bədəlovun nəyinə gərəkdir və o, nə vaxt bu “özfəaliyyətə” son qoyacaq?

Elman Eldaroğlu

Share: