Faiq Balabəylinin doğum gününə
Ömürdən keçən günlər ötmür, uçur sankı…
Yaşı 40 olanda tanış olmuşdum onunla. Bu illərdə dəyişən heç bir şey olmadı ki. Sayı artan kitablar, nəvələr və saçdakı dəndən savayı.
Faiq Balabəyli qırxlardakı yüksək enerjisini, gümrahlığını, istedadını yaş keçdikcə nəinki itirmiş, əksinə onların üzərinə bir də keşməkeşli dövrə təsadüf edən həyat təcrübəsini də əlavə etmişdir.
Ələ-ovuca, olduğu məkana, dünyaya sığmayan bu insanın qəlbi elə dünyanın özü qədərdi. Qaça-qaç yaşantısına baxıb düşünərsən – insan heçmi yorulmaz, heçmi durulmaz?
Bir ayağı qaçaq olar həmişə. Dəniz kimi dalğalı, ləpəlidir. Dincliyi, sakitliyi yoxdu sanki!
Bu qədər qaçaqaç yaşayan biri nə zaman dincəlir – deyə düşünmüşdüm bir gün onunla uzun-uzadı söhbıtdən sonra. Özündən soruşa bilməzdim, çünki onda dəqiq cavab yoxdur ki!
Çünki o riyaziyyatçı deyil, ədəbiyyatçıdır.
Verəcəyi cavab da mübaliğəli olacaqdı!
Ata-baba – şair – yazar və dənizçi!
Görəsən hansı daha ağır gəlir Faiq Balabəyli şəxsiyyətində?! Çalışdığı, çörəyini qazandığı dəniz sadəcə iş yeri deyil ki. Canı, ruhuyla bağlı olduğu yerdi.
Bəlkə elə Faiq Balabəyli üçün ədəbiyyat dənizdə yaranır?
Bəlkə yazdığı çöl çiçəkləri kimi incə, kövrək, sevgi, eşq, Vətən, azadlıq qoxulu misraları ona Xəzərin ləpələri bağışlayır?! Ola bilər?! Yox,təbii ki! Ola bilər deyil! Bu dəqiq belədir! Onun işi ilə yaradıcılığı qoşa addımlayır. Bəs rahatlığı harda tapır bu dalğalı adam – dənizdə, yoxsa ədəbiyyatda? Şübhəsiz ki, ikisində də! Dənizin ona pıçıldadığı sonradan şeirləşən misralar, romanlaşan fikirlər bu dalğalı adamın durulduğu yerdi. Dənizdən aldığı enerjini ədəbiyyata gətirir. Yalnız dənizdənmi? Yox, təbii ki! Həyatdan da…
Faiq Balabəyli həyatını açıq yaşayan insandı. Hər kəs onun doğulduğu torpaqdan yaşadığı yerə, balalarının kimliyindən nəvələrinin şıltaqlıqlarına qədər həyatına bələddi. Gizli yaşantısı yoxdu – deyə biləcək həddə. Bu mənada başına gələn hər xoşbəxt məqamlarla bərabər qəmli, dərdli məqamları da hər kəsə bəllidi. Faiq başına gələn bir inanılmaz, haqsız hadisəni dərd edib ah-vayla qalmadı, əksinə onu ədəbiyyatlaşdırıb əbədiyyətləşdirə bildi. Nəticədə insanlığa və insanlara dərs ola biləcək bir kitab yarandı. Bu kitab bu dəfə dənizdə doğulmadı – kiçik pəncərəsindən günün yarımca saatlığında günəşin yalnız bir şəfəqinin düşdüyü yerdə – dörd divar arasında, zindanda yarandı!
“Bayırdan Bayıla” kitabının, buradakı “Lənətlənmiş həyat” povestinin və hekayətlərin ilk oxucusu – hətta müəllifin xarakterinə bənzəyən dalğalı xətti ilə yazılan əlyazmasının oxucusu idim və onu oxuduqca heyrətlənirdim. Müəllifin o günə qədər oxuduğum bir-birindən gözəl şeirlərdən sonra belə düşündürücü, ağrılı əsər şair Faiq Balabəylinin daha bir istedadını – yazıçı istedadını ortaya qoymuşdu.
Psixoliji məqamlar, gərgin səhnələr, hadisələrlə əvəzlənən əsərdə müəllif oxucuya nəfəs yeri də qoymuşdu. Bir nəfəsə oxuduğum əsərin məni gərginlikdə saxladığını həbsxananın həyətində bitən yasəmən ağacının çiçəyinin ətrinin burnuma dəyməsi ilə anladım və içimi çəkərək ayılıb əsəri oxumağa başladığım andan nəfəssiz qaldığımı anladım. Müəllif bəlkə bilərək, bəlkə bilməyərək bu yasəmən qoxulu nəfəsliyi oxucusu üçün açıq qoymuşdu.
Əsərdə qoxusu alına biləcək qədər real təsvir olunan bu ağac bir az da simvolik məna daşıyır.
Müvəqqəti də olsa orda yaşayan insanların gözəlliyi unutmaması, həyatın, azadlığın var olması kimi inanclarına olan ümidlərinin bitməməsi kimi…
Bu əsərdən sonra anladım ki hər zaman düşündüyüm və yuxarıda da qeyd etdiyim kimi qələmə aldığı əsərləri Faiqə yalnız dəniz pıçıldamırmış, Faiq olduğu hər yerdən ilham ala bilirmiş. Faiq olduğu hər yeri “dənizləşdirə” bilirmiş. Demək, Faiq Balabəyli istedadı yalnız dənizlə sərhədlənmir; daha doğrusu bu istedadın sərhədi yoxmuş…
Faiq Balabəyli məndən inciməzsə ürəyimdən keçən bir fikri də deyəcəm – (inciməz) – nə yaxşı ki, yolu ordan – həyatın dibindən düşdü, oxuculara oranı bütün çılpaqlığı ilə, yazar cəsarəti ilə göstərdi. Hansı yazarınsa xəyalının məhsulu olan bir yaşantını gözü ilə görüb güclü qələmi ilə oxucuların gözləri önünə sərdi.
Beləcə, quruda, dənizdə, xəyalda, ədəbiyyatda keçən ömür daha bir yaşa çatdı.
Doğum günün mübarək, mənə ilk gündən “bacı’ deyən dənizçi qardaşım!
Doğum günün mübarək, istedadlı, şirin, azad qələmli yazarım!
Sağlamlığın, xoşbəxtliyin dənizləri aşıb daşsın, Faiq Balabəyli…
Doğum günün mübarək!
Təranə Musayeva
şair.
22.02. 2022.
İstanbul