““Yaşasın Azərbaycan” şüarından başqa şüarımız yoxdur!”

““Yaşasın Azərbaycan” şüarından başqa şüarımız yoxdur!”

Azərbaycan Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsi ilə bağlı oktyabrın 12-də BMT-də keçirilən səsverməyə qatılmayıb. Çünki ölkənin milli maraqları mövcud reallıqlar çərçicəsində bətnində min bir hiylə, məkr və fəsad yatan hadisələrin epidsentrindən mümkün qədər kənarda dayanmağı tələb edir. Dünyanın ədalət tərəzisinin gözü çoxdan əyilib… Bu baxımdan, 30 ilə yaxın haqqımızı yeyənlərin və yeməyə davam edənlərin “çəki daşları”nda yer almamaq istəyimiz qədər təbii heç nə ola bilməz.

Bununla yanaşı, heç kim unutmamalıdır ki, Azərbaycan dövlətlərin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və suverenliyi ilə bağlı beynəlxalq hüququn, beynəlxalq münasibətlər sisteminin fundamental əsaslarını təşkil edən norma və prinsiplərindən, hətta sözügedən anlayışlar ölkəmizə münasibətdə xüsusi həyasızlıqla, ikrah doğuran riyakarlıqla unudulanda belə, imtina etməyib. Bu xüsusda, Ukraynanın ərazi bütövlüyü ilə bağlı Azərbaycanın mövqeyi aydın və birmənalıdır. Bu mövqe dəfələrlə ən müxtəlif beynəlxalq təsisatların, o cümlədən BMT-nin tribunasından elan olunub və kimlərinsə qarşısında ölkəmizin eyni mövqeni hər gün təkrarlamaq kimi bir öhdəliyi də yoxdur.

… Dünəndən bəri, vətəndaşları olduqları dövlətin, təmsil etdikləri xalqın mənafeyindən daha çox özgə maraqlarının keşiyində dayanan, yaxud kənardan ötürülən informasiya təzyiqinin basqısı altında “kələfin ucunu” itirənlərin ölkəmizin BMT-də keçirilən səsvermədə iştirak etməməsini, az qala milli, bəşəri faciə kimi tirajlamağa çalışdıqlarına şahidlik edirəm. Sanki Ukrayna da daxil olmaqla, postsovet məkanında ərazilərinin işğal və ilhaqından, separatizmdən əziyyət çəkən ölkələr torpaqlarımızın işğal altında olduğu zaman kəsiyində bizə görə özlərini odun-alovun içərisinə atıbmışlar. Yaddaşını itirənlərə xatırladım: Ərazilərimizin Ermənistanın işğalı altında olduğu dönəmdə, dəfələrlə BMT, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və digər beynəlxalq təsisatlar çərçivəsində Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyünə, suverenliklərinə dəstək ifadə olunduğu halda, Azərbaycanın adı belə çəkilməyib və sözügedən ölkələrin təmsilçiləri bircə dəfə də olsun buna etirazlarını bildirməyiblər. Sosial şəbəkələrdə ölkəmizə qarşı çeşidli kampaniyaların muzdlu və könüllü iştirakçıları, təxminən 1-2 saatlıq vaxt sərf etməklə yazdıqlarımı təsdiq edə biləcək faktlarla tanış ola bilərlər.  Özlərinə münasibətdə ədalətin “təcalla” etməsinə əl çalan ölkələrin təmsilçiləri Azərbaycan xalqının haqlarına göz yumulmasına “müdrikcəsinə” susublar. Həm də dəfələrlə… Amma bu gün ağzını şeytan yoluna qoyanların sükutla müşayiət olunan riyakarlıqlara münasibətdə etirazlarını heç vaxt görməmişik, əksinə imkan tapan kimi Azərbaycana qarşı “səlib yürüşü”nə çıxanların sıralarında yer alıblar. 

…30 il torpaqlarımız işğal altında qalıb, 4 minə yaxın soydaşımızın öldüsü-qaldısı hələ də bəlli deyil. Əslində bəllidir, işğaldan azad etdiyimiz torpaqlarımızda aşkarlanan kütləvi məzarlıqlar onların xüsusi amansızlıqla, vəhşicəsinə qətlə yetirildiklərinin sübutudur. 30 il yüzminlərlə soydaşımız öz vətənlərində didərgin ömrü yaşayıb, dövlətimiz iqtisadi baxımdan güclənənədək qaçqın çadırlarında, vaqonlarında, heç bir şəraiti olmayan tikililərdə ömür sürmək məcburiyyətində qalıblar. Onminlərlə azərbaycanlı doğma elini, obasını görmədən dünyadan köçüb. Və bu qədər ağrının-acının, məhrumiyyətlərin, təzyiqlərin qarşısında yanımızda, qardaş Türkiyədən başqa kimsəni görməmişik.

Ukraynada müharibə başlayandan Azərbaycandan bu ölkəyə hər gün təyyarələrlə humanitar yardım aparılır. Azərbaycan müharibədən əziyyət çəkən Ukrayna vətəndaşlarına əlindən gələni əsirgəmir və əsirgəməyəcək də…

Amma bir zamanlar bizim də başımıza bombalar, raketlər yağırdı… Silahsız, müdafiəsiz mülki vətəndaşlarımız – qadınlarımız, uşaqlarımız, ahıllarımız xüsusi amansızlıqla qətlə yetirilir, yurd yerlərimiz vəhşicəsinə talan olunurdu… Və kimsə bizə görə özünü odun-alovun içərisinə atmır, dünyanın gözü qarşısında baş verən dəhşətli müharibə cinayətlərinə etirazını bildirmir, çarəsiz, yurdsuz-yuvasız qalan insanlarımızın köməyinə gəlmirdi… Biz etdiklərimizi dilə gətirməyəcək qədər qürurlu millətik, amma bizə edilən bir misqalın əvəzini vermək üçün dəridən-qabıqdan çıxırıq. İndi kimsənin bizə minnət qoymağa nə əsası var, nə də haqqı. Qarşılıqlı münasibətlərdə səmimiliyə, təmannasız yardıma, dəstəyə görə, minnət qoyacaq birisi varsa, o da bizik. Bu səbəbdən də, alnımız açıq, üzümüz də ağdır.

Ukraynanın ərazi bütövlüyünə gəldikdə isə, Azərbaycan nə Krımın ilhaqını, nə də Rusiya hökumətinin Ukraynanın işğal edilmiş ərazilərində keçiridiyi qondarma referendumları tanımır, tanımayacaq da… Bununla bağlı ölkəmizin qəti mövqeyini Azərbaycanın BMT-dəki təmsilçisi də səsvermədən öncə bir daha bəyan etdi və bu bəyanat rəsmi Bakının Ukraynada baş verənlərlə əlaqədar mövqeyini tam şəkildə ifadə edir.

Qənaətimə görə, Ukrayna ilə bağlı BMT-də səsverməyə çıxarılan qətnamənin mətni ilə tanış olan və reallıqları düzgün dəyərləndirməyi bacaran istənilən şəxs Azərbaycanın nə üçün səsvermədə iştirak etmədiyini anlaya bilər. Təbii ki, əgər belə bir qabiliyyəti varsa… Məsələ burasındadır ki, Azərbaycanın ərazi bütövlüyünə münasibətdə uzun illər boyu ikili mövqe sərgiləyən, yaxud işğalı legitimləşdirmək üçün Ermənistana dəstək verən ölkələrin də iştirakı ilə hazırlanan qətnamənin mətni beynəlxalq hüququn norma və prinsiplərinə istinaddan daha çox, dünyanı geosiyasi hikkələrinin girovuna çevirənlərin siyasi ultimatumunu xatırladır…  Hüquqi anlayışların siyasi ritorikanın kölgəsində qaldığı heç bir sənəd, xüsusilə indiki zaman kəsiyində bizim üçün keçərli deyil və ola da bilməz. Məsələnin hüquqi tərəfində gəldikdə isə, Azərbaycanın nəinki Ukraynanın, bütövlükdə beynəlxalq hüququn müstəqil subyekti olan bütün ölkələrin ərazi bütövlükləri ilə bağlı mövqeyi birmənalı və dəyişməzdir.

Bizim üçün ölkəmizin maraqları və təbii ki, dövlətlərin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və suverenliyi ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri hər şeydən önəmlidir. Siyasi ritorikanın, geosiyasi manipulyasiyaların, çoxüzlü diplomatik manevrlərin gerçək mahiyyətini isə bəlkə də bizdən daha yaxşı anlayan, təcrübədən keçirən yoxdur. Bu səbəbdən kimsə, yaxud kimlərsə bizdən “Roma papasından daha çox katolik olmağı” tələb etməsin, lütfən.

Biz haqqımızı döyüş meydanında şərəfimizlə almışıq və “Yaşasın Azərbaycan” şüarından başqa şüarımız yoxdur!

Elçin Mirzəbəyli,

Əməkdar jurnalist


Share: