Vurğuladığımız kimi, bu günlərdə Asif Atanın “Anlam İnsaniliyi” Bitiyi çapdan çıxdı. İndiyə kimi Asif Atanın “Onluğu”ndan doqquzu çapdan çıxıb. Bəziləri ikinci dəfə çap olunur. Bitiqlər sıralama ilə basılmayıb. İndi sunacağımız yazı 3-cü Bitiyə – “Anlam İnsaniliyi”nə yazılan “Ön Söz”dür.
Ürəyində Ata Günəşi olsun, sayğılı oxucu!
İnsan düşünəndə yaşayır deyiblər. Yaşayana isə Ədalət, Həqiqət gərəkdir. Ədalətsiz, Həqiqətsiz yaşayan düşünmür demək. Birgəyaşayışın başlıca şərti ədalətin, həqiqətin münasibətlərdə bərqərar olunmasıdır. Ancaq bəşər övladı bu gün bu tələbdən çox uzaq yaşayır. Bu, əslində insanın özünə yadlaşması, özünə qarşı olması deməkdir. Tarix boyu insan özünə qarşı yaşayıb. Ona görə bu günün insanı insanın özünə bərabər yaşayacağına inanmır. Ya da insanın özünə bərabər yaşamasını elə indiki kimi olmaqda təsəvvür edir. Ən yaxşı halda, bir az sosial dəyişikliklərin ortaya gəlməsi ilə indikindən üstün olacağını düşünür.
Bu düşüncə nəyi təsdiq edir görəsən. Ya da genel olaraq nəyisə təsdiq edirmi?! Bu cür inamsızlığın, belə də demək olar, nisbi inamın kökündə nə dayanır?! Bu sorulara cavab tapmaq üçün çox axtarışlar, düşüncələr ortaya gəlib. İnsanın yaşayıb var oluşu üçün tükənməz çabalar göstərilib, insanın şüurunu, düşüncəsini dəyişən ideyalar verilib. Bununla belə, insanın ömrü dəyişməyib, özünə inamı bərpa olunmayıb. Bunun üçün səbəb tapılmayıb. Daha doğrusu, insanı dəyişmək üçün onu üz-üzə qoymağa obyektiv səbəblər axtarıblar. Heç bir obyektiv səbəb insana, onun özünə inamına kömək eləməyib. Onu yönətib (idarə eləyib). Düşünən, dəyişilən, böyüyən insan deyil, vəd verilən, yönəldilən, arxayınlaşdırılan insan yetişdirilib. İnsanın qıraqdan yönətilməsi onun özünə inamını yarada bilməz. Yönətilən insan yarımmexanizm deməkdir. Yarımmexanizmin özünə inamı olmur.
Sayğılı oxucu, sənə sunduğumuz Asif Atanın bu “Anlam İnsaniliyi” Bitiyi yuxarıda vurğuladığımız sorunları çözməyə çalışır. Bunun üçün sorunların, eləcə də sorunları yaradan nədənlərin ən incə qatlarını göstərən addımlar atır. Burada obyekt-subyekt məsələlərinin rolunun, etkisinin doğru bəlirlənməsi çox önəmlidir. Bir var subyektin özündə dəyişiklik, özünün özünə etkisi, bir də var qıraqdakı obyektin ona etkisi, onda apardığı dəyişiklik. Buna fəlsəfədə obyektiv, subyektiv səbəblər deyirlər. Subyekt kimi burada biz insan faktorunu əsas götürürük. Obyektiv səbəblər deyəndə isə ona etki göstərən istənilən ideya, doktrina, quruluş, şəxs, şəxsin baxışı, fərq etməz.
Beləliklə, Anlam İnsaniliyi bunları bizə necə anladırsa, onların üzərində qısa vurğu edəcəyik.
Öncə onu deyək, bu Bitiq Asif Atanın Qutsal Onluğunun 3-cü bitiyidir. Özündə 3 əsəri birləşdirir: Təzadlar, Rəmzlər, Mənalar. Bu əsərlərin hər üçü deyimlər (aforizmlər) biçimində yazılıbdır. Məna yükünə görə bir-birinə yaxındır. İnsanın varlığına, şüuruna, düşüncəsinə ən çox etki göstərən məsələlərə yönəlik düşüncələr yer alıb. İnsana ruhsal açıdan etki göstərən dinə, ideoloji etki göstərən Marksizmə, Demokratiyaya, Quruluş kimi Kapitalizmə, Sosializmə öz baxışlarını sərgiləmişdir Asif Ata. Eləcə də bəşəriyyətin mənəvi yaşamında etkisi olan şəxsiyyətlərin yaradıcılığına, düşüncələrinə yönəlik baxışlarını, görümlərini yazmışdır. Ola bilər, Asif Atanın baxışları, kimlərəsə, sərt olmalıykən yumşaq, yumşaq olmalıykən sərt görünsün. Əslində Asif Ata heç bir düşüncəsini, baxışını dövrə, zamana hesablamayıb. Onun ölçüsü birdir: “ya hər şey, ya heç nə”. Ona görə özül məsələlərdə güzəşt eləmir, üst qatlardakı münasibətlərə isə anlayışla yanaşır, necə deyərlər vurub-qırıb atmır. Bir örnək gətirib bu dediklərimizi aydınlaşdıra da bilərik. Məsələn, dinin insanı hər addımda aldatmasını biranlamlı şəkildə rədd edir. Fərdin öz yaşamında yanlışlara yol verməsini anlayışla qarşılayır. Onun dəyişilməsinin gərəkliyini, böyüməli olduğunu dərk edir. Hər kəs insana acıqlananda Ata qayğı göstərir, ona qarşı müdrik davranmağın önəmini qabardır. Bu dediklərimiz Asif Atanın Mütləqə İnam fəlsəfəsində hər addımda qarşımıza çıxır. Ataya görə fəlsəfə dünyanı, həyatı insana doğru anlatmalıdır. Dünya, həyat haqqında düşüncələri artırıb azaltmaqla insanın nikbinliyinə xeyir vermək mümkün deyil. Dünya nədir, necədir, həyat niyə adiləşir, insana vəd olunanlar onu hara çağırır?! Fəlsəfənin gücü, ruhaniyyatın yetkinliyi bu suallara doğru cavab bəlirləməsindədir. Asif Ata qiymətləndirdiyi, ələşdirdiyi, rədd elədiyi dini-siyasi baxışlara, ideoloji doktrinalara bu nöqtədən yanaşır. Bu nöqtədən baxanda biz insanın çevrəsində oyun həlqəsi yaradıldığını görürük. İnsana Azadlıq haqqı tanımaq yerinə oyunlara çəkmək gedişlərini izləyirik. Bu oyunların içində insana elə rol vermək istəyirlər, ümumi gedişdə nizam yaratsınlar. Ancaq oyunun nizamı uzun sürmür, toplumsal yaşam hər addımda pozuntularla gerçəkləşir. Bunu biz dinin ruhaniyyat nizamı yaratmaq çabalarında necə ortaya gətirməsini dönə-dönə vurğulamışıq. Tanrı – insan bağlılıqlarında ortaya gətirilən yanlışlar min ildir oyunların fərqli çeşidlərinə dünüşə-dönüşə çağımıza kimi yaşamaqdadır. İnsan toplumu, bir çox qabaqcıl baxışlı düşünərlərin də dediyi kimi, psixoz duruma salınmışdır. O, mənəvi, ruhani yaşamını hipnoz altında yürüdür. Tanrı anlamı insana elə sunulmuşdur, o bu anlam haqqında fərqli heç nə eşitmək, öyrənmək, bilmək istəmir. Halbuki onun özgürlüyü, bağımsızlığı bu anlamın təyinatının doğrulmasından başlayır. Toplum Tanrını metaforik, alleqorik, mifik ifadələrlə dinləməyi arzulayır. Gərək Tanrı haqqında danışanda, ya da onu təsvir edəndə nağıllaşdırasan, əfsanələşdirib mifik obrazlarla təsvir edəsən. Əgər gerçək həqiqətlər açısından, bilim məntiqindən fərqli bir söz demək istəsən, toplum dirəniş göstərəcək, eşitmək istəməyəcək. Toplumun düşüncəsinə yeridilib ki, Tanrı dünyanın təbii nizamı ilə bağlı qanunlar verib. Özü bu qanunları istədiyi vaxt poza bilir, istədiyi gerçəkliyi oluşdurur (xeyir də, şər də Tanrıdandır baxışı). Tanrı qanunverici orqan kimi qavranılır. O, insana acıqlananda öz qanununu pozub fərqli davranışlar sərgiləyir. Belə bir şüurun oturuşması toplumsal yaşam üçün sağlam ölçünün gəlməsinə əngəl olur. Asif Ataya görə dünyanın gerçək nizamına dəyişiklik gətirmək bu şüuru dağıtmaqdan başlaya bilər. Çünkü burada insana qarşı yerə-göyə sığmayan inamsızlıq hökm sürür. Uşaq yalnız nağıllar aləminə inanır. Onun şüur azadlığı nağıllar aləmində özünü tapır. Çünkü onun şüur imkanları gerçək həqiqətlərə varmaq üçün qapsamlı deyil. İnsana inanmamaq onun şüurunu uşaq düzeyində saxlamağa gətirib çıxarır. Şüur cəfəngləşdiyi üçün düşüncə daim qaranlıqlarda azır. Azadlığın isə özülü həqiqət ölçülərindədir.
Həyatda başlayan bütün oyunlar, yaramazlıqlar yuxarıda vurğuladığımız şüurun hakim etkiyə çevrilməsinə görədir. Siyasət – ruhaniyyatın azdığı nöqtədən başlayır. İnsanı böyütməyən, içsəl (daxili) kamilliyə çatdırmayan ruhaniyyat hər addımda insanı izləyən lokal oyunlara yol açır. Lokal oyunlar qlobal uçurumlar hazırlayır. İnsanın mənəvi, mədəni, sosial, iqtisadi həyatında xaos, anarxiya hökm sürür. Bu cür gedişi dəyişmək istəyən düşüncə adamları yeni ideya, ölçü vermək çabaları göstərirlər. Ancaq yenə də insandan qıraqda, insana çatmayan ideyalar ortaya gəlir. Sosial dəyişikliklər olur, Quruluş belə dəyişir, insan dəyişmir. Yəni yeni ideyalar Quruluşa yarayır, İnsana yaramır. Bu ideyalardan biri kapitalizmdən sosializmə keçid təşkil edən Marksizm baxışıdır. Asif Ataya görə Marksizm – insanı, özündən öncəki doktrinalardan az aldatmayıb. Bunun izahına biz Bitiyin “Təzadlar” əsərində tez-tez rast gəlirik. Düşüncələrimizi əsaslandırmaq üçün Bitiqdən ayrı-ayrı alıntılara baxış yeitrək:
“Kapitalizm – Azadlığa qulluq etmir, maddi tərəqqiyə qulluq edir. Azadlıq – kapitalizmdə Məqsəd deyil, vasitədir.
Sosializm – Azadlığa qulluq etmir, Hamılaşma doktrinasına qulluq edir. Azadlıq – sosializmdə şüardır”. Başqa bir deyim:
“Kapitalizm – maddi mənafe uğrunda yırtıcı döyüş azadlığını müdafiə edir. Bununla da o, insaniliyə zidd çıxır. Həmin döyüş Qələbə yaratmır, Məğlubiyyət yaradır. Qalib – İnsaniliyi itirir, məğlub – maddi faydanı. Qalib – yırtıcılıq əsarətinə düçar olur.
Məğlub – maddi əsarətə.
Cəmiyyət hər iki əsarəti qoruyur”.
“Sosializm – Maddi nemətləri şəxsiyyətin əlindən alır, onu ümumiliəşdirir, Hamılaşdırır, Dövlətləşdirir. İnsan bütünlüklə cəmiyyətin ixtiyarına verilir. Fərdin maddi nemətlərə sahib olmaq Azadlığına son qoyulur. Maddi əsarət yaranır.
Mütləq Dövlət Hakimiyyəti həm də insan üzərində Mənəvi Ağalığa sahib olur: İnsan alətləşir.
Hər iki əsarət cəmiyyət tərəfindən qorunur”.
“Kapitalist mülkiyyəti əslində Xüsusi Mülkiyyət deyil – zorakı Mülkiyyətdir. Çünkü burada kapitalist əməkçi Mülkiyyətinə zorla sahib olur. Sosialist Mülkiyyəti əslində ümumi Mülkiyyət deyil – zorakı Mülkiyyətdir. Çünkü burada Dövlət əməkçi Mülkiyyətinə zorla sahib olur”.
“Kommunizm idealsızlığı: 1. İstədiyin qədər ye, bacardığın qədər işlə!” məqsədinin insanlaşmaya dəxli yoxdur. İnsanlaşmadan başqa kənarda insani ideal yoxdur əslində. Bu baxımdan, kommunizm bariz idealsızlıqdır.
- Marks kommunizmi – “insanın özünə qayıtması” adlandırdı. Əslində isə kommunizm, ən yaxşı halda, maddi toxluq, qədərli əməkçilik deməkdir ki, burada insaniliyin heç nişanəsi belə görünmür.
İnsanilik – inam, idrak, mənəviyyat, iradə kamilliyi deməkdir ki, o, toxluq və qədərli əməkçiliklə yaranmır”.
Bütün bu deyimləri oxuduqdan sonra sual yarana bilər, nədən Asif Ata bunları sabaha anladır?! Axi indi yurdumuzda, bütövlükdə götürəndə dünyanın başqa yerlərində Marksizm ideologiyası yalnız tarix dərsliklərində qalıb. Yəni belə də düşünmək olar. Ancaq Asif Ata, filosof olaraq, real çağın yaşadığı, yaşatdığı doktrinalara yönəlik düşüncə sərgiləmir. O, bütün zamanlara yönəlik baxış bildirir. Nə qədər İnsanlığın yaşamda ölçüyə çevrilməsi baş tutmayıb, nə qədər hər şey insandan qıraqda olur, oluşdurulur, hər bir köhnəliyin yaşama qaytarılması baş verə bilər. Çünkü bəşəriyyətin mənəvi-ruhani nizamı siyasi-iqtisadi doktrinalarla yoluna qoyulur. Bu isə olduqca uğursuz gedişlərin yaranmasına nədən olur. Asif Ata belə yanlış nəzəriyyələri filosof kimi mühakimə eləsə də, özünün düşüncələrini sərgiləyərkən bir dünyabaxış yaradıcısı kimi davranır. Çünkü dünyanın gedişini aydınlaşdırmaq, ən yaxşı halda, dünyanın mənasını dərk eləmək azdır, gərək dünyanın Mənasına inam yaradasan. Dünyanın Mənasına inam isə insanı dəyişmək tələb edir. Bunun üçün insana yanaşmağın ölçüsü çox önəmlidir. Elə bəri başdan deyə bilərik: Asif Ata insana yanaşmağın ölçüsünü dəyişir.
Son çağlar sosialogiya deyilən cəfəng bir elm yaradıblar. İnsanı sosial varlıq sayıb bu elm araçılığı ilə yönətirlər. Bu elm bütünlüklə siyasətin alt çoxluğu kimi şəkillənib. Birgəyaşayışın sosial yönümünü ölçü kimi götürüb guya nizam yaradır. Bu zaman hər bir davranış, gediş, bağlantı, ailə münasibətləri bu elmin uydurulmuş məntiqi əsasında dəyərləndirilir. Sosialogiyanın məntiqi kapitalizm quruluşunun qəlibi içərisindəki elementlərdən oluşur. Ona görə insana yanaşma keyfiyyətcə zədələnmiş olur. Bu üzdən Asif Ata siyasi-ideoloji doktrinaları antiinsani sürəcin sonucu sayaraq rədd edir. İnsan quruluşların tələbi ilə, yalançı elmlərin, antiinsani quruluşlara qulluq edən nəzəriyyələrin nizamı (əslində inamsızlığı) ilə azadlığa yetməz. Azadlıq adına verilən vədlər, hər bir sosial, demokratik, liberial paylar antiazadlıq gedişi doğurur. Məsələn, kapitalizmin verdiyi azadlıq insana qənim kəsilir. İnsanın maddi, mənəvi varlığı işğal olunur, istismar olunur. Ancaq, insanın hüququnun qorunması kimi sunulur. İnsanın ölməmək – mövcud olmaq hüququ onun azadlığı kimi dəyərləndirilir. Beləliklə, quruluş insanı yeni sosial-siyasi fatalizm qəlibinə sürüyüb salır.
Din ruhaniyyat yarada bilmədi. İnsanın ilahi başlanğıc olduğunu demir, onu qorxudulmuş, əksidilmiş, günahlandırılmış kimi dəyərləndirib, topluma da bu cür yeridib. Sözdə ən yüksək yaradılış sayılan insan gerçək münasibətlərdə suçlu, cılız, tamahkar bir qul olaraq dəyərləndirildi. Siyasət insana münasibətdə dini davam elədi. Dediyimiz kimi, din ruhaniyyat yarada bilmədiyi üçün nəinki quruluşa qarşı söz dedi, tərsinə, quruluşun tərkib hissəsi kimi özünü apardı. İnsanın quruluşun tələblərində məhv edilməsinə seyrçi qaldı. Asif Ata dini də, quruluşu da adi həyatın qurucusu sayır, onları yüksək (ali) həyata tərs sayır. Axı yüksək həyatı insan oluşdurur öz ömründə. Quruluş da insan ömrünü işğal edirsə, demək, yüksək həyata zidd çıxmış olur. Quruluşun tələblərindən bəhrələnən bir sıra baxışlar, nəzəriyyələr əslində yüksək (ali) həyatı gerçək oluşum kimi deyil, nəzəriyyə kimi görürlər. Çünkü insanı tanımırlar, insana inanmırlar. Ona görə yüksək (ali) həyatın varlığını nəzəri cəhətdən olumlu, gerçəkləşə bilməsi açısından olumsuz sayırlar. Asif Ata bütün bu baxışları rədd edərək İnsana İnam bayrağını başının üzərinə qaldırır. Yüksək həyatı – insanın öz ömründə üzə çıxartdığı, yaratdığı insani keyfiyyətlərlə yaşamının adına deyir. İnsanda inam duyğusu var, heyrət, sevgi duyğuları var. O bu duyğularla Dünyanın Mənasına yetir, insanı tanıyır, dərk edir. Aşiqlik məqamına, idrakilik zirvəsinə yüksəlir, Dünyanın Mənasının dünyadan yüksək olduğunu kəşf edir. Xeyirə doğmalaışır, ədalətə doğmalaşır, həqiqətə doğmalaşır. Şərin, heyvaniliyin doğurduğu balacalığı, cılızlığı, tamahı, hərisliyi, eybəcərliyi ömründən silir. İnsani gözəllikləri davranışlarına, əməllərinə gətirir. Birgəyaşayışın ölçüsü, nizamı dəyişir. Xeyirlə qurulan münasibətlər, Xeyirlə qurulan davranışlar, Xeyirin əməllərdə görsənişə gəlməsi yüksək (ali) həyatın ta kəndisidir. Burada abstraksiya, gerçək əsasları olmayan nəzəriyyə axtarmaq yanlışdır – duyğusuzluq, idraksızlıq çalarlarıdır.
İstəkli oxucu, biz burada Asif Atanın deyimlərlə (aforizmlərlə) anlatmaq istədiyi həqiqətlərin çalarlarına bəlli bir düzeydə aydınlıq gətirməyə çalışdıq. Düşünürük, Bitiyin özündən daha çox şeylər əldə edəcəksən. Biz də sənə güvənib Bitiyi ixtiyarına sunuruq. Oxu, düşün, öyrən. Öyrən, gözümüz yadların, yadlığın əlindən, ətəyindən yığışsın. Öyrən, insanlığın sirli, möcüzəli həqiqətlərini tanıyıb kəşf edəsən, içsəl azadlığa qovuşasan, ulusal kimliyin ləyaqətinə yetəsən. Sən İNSANsan – daşıdığın İnsanlıq mahiyyətinə yetmək üçün Dünyaya gəlmisən. İnanırıq, bizim ərklə, sevgi ilə, doğmalıqla ünvanladığımız bu çağırışı doğru dəyərləndirəcəksən.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atanız Var olsun!
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
01 Köcəri Ayı, 42-ci il. Atakənd.
(Fevral, 2021. Bakı).