Yaşayırsansa, demək varsan, tükənməmisən…

Yaşayırsansa, demək varsan, tükənməmisən…

Əli Həsənov ölkə başçısının köməkçisi vəzifəsində işlədiyi dövrdə, necə deyərlər, çox adam onun zavalına tuş gəlib. O, tapşırıqlarını sözsüz icra edənlərlə, yaltaq, rüşvətxor, iki üzlü adamlarla işləməyi xoşladığından azad düşüncəli, cəsarətli mütəxəsislərdən zəhləsi gedirdi.

Vaxtı ilə onun barəsində belə deyirdi:- “Kanalların birində ardıcıl olaraq Arif Rəhimzadənin təhqir olunduğunu gördüm. Bu, yol verilməzdir. Ümummilli lider Heydər Əliyevin silahdaşı olan şəxsi təhqir edən adam vəzifəsindən getməliydi və getdi də. Arif Rəhimzadə türk və azərbaycan dilini bir-birindən fərqləndirdiyi üçün tənqid atəşinə tutuldu. Lakin o sadəcə identifikasiya aparırdı. Deyir ki, türk dili türk dilidir, azərbaycan dili azərbaycan dilidir. Türkiyə Türkiyədir, Azərbaycan Azərbaycandır. Bu ifadələrdən çıxış edərək Arif Rəhimzadə barədə iradlar səsləndirməyə heç kimin haqqı yoxdur…”
Əsli-kökü Cənubi Azərbaycanın Qaradağ mahalındandır. Ulu babası o vaxt Qarabağa gələrək, orada məskunlaşıb. Şuşada doğulub böyüyən maarifpərvər, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi Həsənəliağa xan Qadağskinin nəticəsidir. Atası məşhur diktor, əməkdar artist, səsi ilə ürəklərdə yuva quran Aydın Qaradağlı, anası isə ölkəmizdə peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olan, təmiz, cilalanmış, məlahətli səs sahibi Gültəkin xanım Cabbarlı olub.
“Biz cəmiyyətdə kitaba olan həvəsi, elmə olan marağı, intellekti qaldırmasaq, tamaşaçı zövqünü cilalaya bilmərik. Bu gün bütün telekanallar cəmiyyətin zövqünün əsirinə çevrilib. Axı verilişlər cəmiyyətin zövünə uyğun olmalıdır. Bu çox vacib məsələdir. Cəmiyyətin zövqünü formalaşdırmaq ümdə, ən böyük, ali bir məsələ olsa da, çox çətindir. Bildiyiniz kimi, ölkəmizdəki kanalların əksəriyyəti kommersiya kanalıdır. Mən telekanala rəhbərlik edərkən məşhur “Ford Boyard”ın Azərbaycan versiyasını düz iki il keçirdik. Elə bilirsiniz o, çox reytinqli veriliş oldu? Zövqümüzə uyğun olmayan, baxmaq istəmədiyimiz verilişlərdən belə “Ford Boyard”ın reytinqi iki dəfə yarım aşağı oldu. İki dəfə yarım… Onun dəyəri isə, nə deyim sizə, bəlkə də yüz, yüz əlli dəfə artıq idi. Həmin o zövq məsələsini qabartmaq naminə buna getdik. “Aydın səs” layihəsi oldu. Heç bir kommersiya yükü yox idi, bu verilişin. Nə oldu reytinqi?..”- söyləyir.
Haqqında söhbət açdığım Vüqar Qaradağlı 1966-cı ildə Bakıda anadan olub. 1983-cü ildə orta məktəbi, 1990-cı ildə Bakı Dövlət Universitetinin şərqşqnaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. 1985–1987-ci illərdə hərbi xidmətdə olub.
Əmək fəaliyyətinə Bakı Dövlət Universitetindən başlayıb. 1990-1991-ci illərdə universitetin baş laborantı, 1991-1992-ci illərdə tədris hissəsinin böyük inspektoru, 1992-1994-cü illərdə ərəb filologiyası kafedrasının müəllimi, 1994-2006-cı illərdə baş müəllimi vəzifələrində çalışıb. 1994-cü ildən 1999-cu ilədək BDU-nun İlahiyyat fakültəsinin ilk dekan müavini işləyib. 2006-cı ilin dekabrından Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının dosentidir. 2012-2017-ci illərdə Azad Azərbaycan Müstəqil Tele Radio Kompaniyasının prezidenti olub. 2010-cu ildə əməkdar jurnalist fəxri adına layiq görülüb…
Artıq bir neçə ildir ki, televiziyadan uzaq düşsə də, elmi fəaliyyətlə məşğuldur. Siyasətdən çox uzaqdır. İnadkar, mərd, əqidəli adamdır. Ünsiyyətdə mehriban, şən olsa da, iradə göstərməyi, sözü üzə deməyi bacarır. Yarınmaq, yaltaqlıq etmək, kiminsə qarşısında qürurunu alçaltmaq onun ruhuna yaddır…
Bizdə belə bir məsəl var- “Yıxılana balta vuran çox olar.” Əslində vəzifədən azad olunmaq, uzaqlaşdırılmaq hələ “yıxılmaq”, “son” demək deyil. Çünki ömür davam edir, yaşayırsan. Yaşayırsansa, demək varsan, tükənməmisən. Təki adamı Allah yıxmasın!..
Bəli, noyabrın 24-ü hamımızın adını ehtiramla çəkdiyimiz, məşhur diktor Aydın Qaradağlının yadigarı- Vüqar bəyin doğum günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, firəvan həyat arzulayıram.
Yeni yaşı mübarək!
Elman Eldaroğlu
Share: