“YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK” ŞEİR DİLİNDƏ

“YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK” ŞEİR DİLİNDƏ

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına yazıçı və şairlər yeni əsərlərini təqdim etməkdə davam edir.

Kitabxananın Fəxri oxucusu şair Qadir  Hüseynov “Bu gözəl yurdumun şanı gözəldi” şeiri ilə sözügedən layihəyə qoşuldu. Şeirdə şair yurdumuzun təbiətini, əsrarəngiz gözəlliyini vəsf edir, bu gözəlliyi təbliğ etməyə çağırır.

                                                 Qadir Hüseynov

                   Bu gözəl yurdumun şanı gözəldi

Hər tərəf gül açıb, bahar çağıdı,

Quşlar nəğmə deyir, cənnət bağıdı.

İgidlər məskəni, mərd oylağıdı,

Bu gözəl yurdumun şanı gözəldi.

 

Düzləri bəzəyib qönçə lalələr,

Könüllər oxşayır gur şəlalələr.

Təbiət sevinər, ürək dincələr,

Bu gözəl yurdumun şanı gözəldi.

 

Xəzər təbiətin şah əsəridi,

Göygöl gözəlliyin göy gözləridi.

Ceyranlar meşənin gözəlləridi,

Bu gözəl yurdumun şanı gözəldi.

 

Gəlin gözəlliyi verib əl-ələ,

Sevərək qoruyaq düşsün dillərə.

Yayılsın dünyaya, bütün ellərə,

Bu gözəl yurdumun şanı gözəldi.

Təqdim etdi: Y.Məmmədli

Share: