Yaşın üstünə yaş gəlməsini heç sevmirəm

-Narıngül, yaşının üstünə bir yaş da gəldi, amma maşallah, elə bil geriyə qayıdırsan, daha gənc görünürsən, bunun bir sirri, resepti var?

-Yaş söhbətini eləmə…Yaşın üstünə yaş gəlməsini heç sevmirəm. İmkanım olsa illəri tutub saxlayaram. Tanıyanlar bilir ki, heç ad günü keçirməyi də xoşlamıram. Elə hesab edirəm ki,18 yaşdan sonra ad günü keçirməzlər, 40 yaşından sonra isə ümumiyyətlə ad günü söhbəti eləməzlər.

-Qızlarla bir yerdə idiz, deyəsən axı qeyd edirdiz

-Hə. Düzdür,bu il ənənəni pozdum. Sosial şəbəkə xatırlatdı, səhər baxdım ki, dostlar təbrik ediblər. Həmin gün çoxlu təbriklər gəldi, zənglər oldu. Mən də özümdən “qisas” aldım. Bütün günü  şəhəri dolaşdım. Gün ərzində dostlarla bir neçə yerdə olduq. Sonuncu dayanacağımız isə Dəmir Yolu Vağzalı oldu. Bilmirəm, təsadüf idi, ya nəsə, gəzə-gəzə ora gəldik.  Gecə vaxtı qatar gözləyən insanların üzündə qəribə bir işıq gördüm… Fikir verdim ki, qatar gözləyən sərnişinlərin hərəsinin üzündə  sirli-sözlü bir hekayə gizlənir. Bir də ki, bütün vağzallarda gizli bir azadlıq havası var… Yəqin vağzala gəlməyim də intuitiv olaraq bir hekayə, məcara axtarmağımdan irəli gəlir…

Sualın ikinci hissəsinə gəldikdə isə, deyim ki, mən xarici görünüşə çox önəm verirəm. Qadınların qocalmasını heç istəmirəm. Küçədə, yaxud metroda üzündə çoxlu qırışlar olan qadına rast gəldikdə, əhvalım korlanır. Elə bilirəm ki, gözəl bir sənət əsərini əzib bu hala salıblar. Az qalıram əllərimi irəli uzadıb o qırışlara ütü çəkim. Bəlkə də, çox kompleksliyəm, ondan irəli gəlir. Yaxşı ki, indi kosmetoloji vasitələr var, istənilən yaşda cavan və yaraşıqlı qalmaq mümkündür.

-Çağdaş ədəbiyyatımızda özünəməxsus yerin var, seçilirsən. Amma de, sayılırsanmı? Axı bu gün dəstə-dəstə oxunanlar, təbliğ olunanlar var, deyirlər…

-Bu gün sosial şəbəkənin yaratdığı imkanlardan istifadə edərək  özünü reklam edənlər, gündəmdə qalmaq istəyənlər həddindən çoxdur. Özü də bu adamlar get-gedə bir-birilərinə çox bənzəyirlər, kütləviləşirlər.  Artıq kütlənin yaratdığı ədəbiyyat meydandadır. Çoxlu sayda yararsız, aşağı səviyyəli yazılar, ədəbi şou- biznesin əsas atriburdu olan, pul qazanmaq məqsədilə nəşr olunan,  aşağı səviyyəli  almanaxlar göz önündədir.  Ədəbiyyatın, sənətin  kütləviləşməsi sürətlə geriyə qayıtmaqdır. Bu çox təhlükəlidir. Artıq kütlənin zövqünə tabe olan ədəbiyyat yaranır. Bu, musiqidə neçə illər əvvəl özünü göstərmişdi. Aydın şəkildə görünür ki, 1990-2000-ci illərin ədəbiyyatı bu günki ədəbiyyatdan qat-qat yüksəkdə dayanır. Bu illərdə yeni ədəbiyyat yaratmaq cəhdləri çox böyük idi, yeni nəzəriyyələr, universal tənqid meydana gəlirdi. Təəssüf ki, kütləvilik hər ieyi üstələyə bildi.  Bu hal təkcə ədəbiyyatda deyil, mədəniyyətin bütün sahələrində belədir. Təbii ki, sosial-ictimai mühitin, mövcud ictimai quruluşun burada təsiri çox böyükdür. İctimai quruluş tam formalandan sonra ədəbiyyatın da inkişaf dövrü başlayacaq. Ciddi yazarların bir çoxu bu günki, ədəbi-şou bazarından kənara çəkilərək susmağa üstünlük verirlər.

Deyim ki, ədəbi taleyimdən narazı deyiləm. Uşaqlıqdan sevə-sevə oxuduğum, nə vaxtsa rastlaşıb salamlaşmağımı belə ağlıma gətirmədiyim Anar müəllimlə bir idarədə çalışıram. Ətrafımda çoxlu istedadlı insanlar var.

Yaradıcılığıma gəldikdə isə özümə tənqidi yanaşmağı bacarıram. Nəyin pis, nəyin yaxşı olduğunu bilirəm. Düşünürəm ki, bu gün  yetərincə təbliğ olunmuram və ədəbi  tənqid baxımından dəyərimi almamışam.

-Sən həm yaradıcı adamsan, həm anasan, həm də həyat yoldaşı. Həyatında bu üç nüansın hansı sənin ürəyincədir?

Bunların üçü də mənim həyatımızn özəyini təşkil edir. Yaradıcılıq olmasa həyatımın boşluq hissəsinə dözə bilməzdim. Məncə, yaradıcı insanların çoxunda belədir. Həyat iki xətlə davam edir və sən növbəli şəkildə hər iki xəttin üzəri ilə yeriməyə məcbursan. Bu xətlərin biri reallıq, o biri isə yuxu hissəsidir. Yuxuda qarabasmalar, təşvişlər, həyəcanlar, darıxmalar olur. Bunu yalnız yaradıcılıqla dəf etmək mümkündür. Belə anlarda insan nəyləsə məşğul olmasa, hətta intihar belə edə bilər. Yəni yaradıcılıq bir növ xilas yoludur. Onsuz mümkün deyil.

Analıq hissi isə artıq ürəyimdədir. Yəni övladlarımla birlikdə doğulub, yəqin ki, ölənə kimi də qalacaq. Mənə elə gəlir ki, pis ana deyiləm. Uşaqlarıma kifayət qədər azadlıq vermişəm, onların fikirlərinə hörmətlə yanaşıram, nəyisə onlara diqtə etməyə çalışmıram, və onlar yaxşı olan nələrisə məndən götürüblər. Həyat yoldaşı kimi də hələki qarşı tərəfdən şikayət eşitməmişəm. Mən həyat yoldaşımı imtiyazlı birisi kimi deyil,daha çox insan kimi anlamağa, həmişə ona hörmət etməyə çalışıram.

-Deyirlər qadınlar bir yerdə olanda daha çox qeybət edirlər. Bax, sən, Aləmzər, Şəfəq, Fərqanə daha çox bir yerdə olursuz, kişi kimi de)), daha çox qeybət edirsiz, yoxsa ədəbiyyat söhbəti?

-Açığını deyim bu insanlarla bizi ədəbiyyatdan da çox səmimiyyət, qadıncasına edilən söhbətlər bağlayır. Elə situasiyalar var ki, ədəbiyyat reallıqdan ayrılır. Mənim günaşırı zəngləşib, yaxud görüşüb  ədəbiyyat söhbətləri etdiyim adamlar var. Çoxlu müzakirələr edir, fikirlər bölüşürük, amma dost deyilik.  Bir nüans da var ki, adlarını çəkdiyin insanlar ədəbiyyat adamı olmasaydılar, bu qədər zaman ərzində bir yerdə ola bilməzdik. Çünki ümumi dostlarımız, tanışlarımız, danışmağa mövzumuz var. Biz bir-birimizdən incisək də, sonda barışmağı bacarırıq.

Bir mənalı qarşılanmasa da, bir şeyi  qeyd edim ki, qeybət insanları çox yaxınlaşdırır. Qeybət edən insanlar daha istiqanlı, daha cana yaxın olurlar. Müşahidə etmişəm ki, qeybət edən insanların danışmağa sözü çox olur, bir-birilərilə sirdaş, həmdərd, həmfikir  olurlar.Təbii ki, söhbət zərəsiz qeybətdən gedir.

-Qayıdaq doğum gününə, doğulmağının heç peşimançılığını çəkmisən?

-Doğulmağım üçün qətiyyən peşimançılıq çəkmirəm. Düşünürəm ki, bütün çətinliklərinə, əziyyətlərinə baxmayaraq həyat çox gözəldir. Hərdən ürəyimdən keçir ki, kaş geridəki həyatı bir daha təkrar yaşamaq, həyatdan doymaq imkanı olaydı… Həmişə dünənki gün, bu günki gündən daha gözəldir…

Söhbət etdi: Faiq Balabəyli

 

 

Share: