“Yatıb, bir gün ayılasan, Bütün dərdlərin yox ola!..”-Ətayə Odər Əkbərsoy qürbətdən yazır…

Müstəqil.Az Ukraynada yaşayan gənc yazar Ətayə Odər Əkbərsoyun qürbət şeirlərini təqdim edir:

 

Bütün dərdlərin yox ola…

Bir ümid yaşada səni,
Həyata inam itməyə.
İnanasan gələcəyə,
Ömrün havayı getməyə.

Əzabların, acıların,
Bəxtinə sınaq yazıla.
Gözəl günlər sənin ola,
Dərdlərə qəbir qazıla.

Uğurların, sevinclərin,
Düşmən gözünə ox ola!
Yatıb, bir gün ayılasan,
Bütün dərdlərin yox ola!

 

Özümlə aparmışam

Bəlkə sən adımı da
Çıxarasan, yadından?
Səndə bir şey qalmasın,
Heç üzünü görmədən,
Həsrətini çəkdiyin
O sevdalı qadından…


Xəyalı, xatirəsi –
Nə də ki, illər öncə
Sorağına gəldiyin,
O həzin, kövrək səsi…
Unudulsun, birbəbir,
Bir sevgi dastanına
Hüzünlü yazı olsun. 


Bir ömürlük həsrətdə,
Ayrılıqda yaşanan,
Yenə də Tanrı yazan,
Qədərə razı olsun…
İtir, bir-bir yadından,
Onla bağlı hər şeyi. 


Xatirindən silinsin,
Nisgil dolu baxışlar.
O bərabər yaşanan
Bir neçə gün olmasın,
Qəlbin heç sızlamasın,
Gözün yaşla dolmasın…


Bəlkə bir gün səni də
O saf sevgi bağışlar…
Olanlar olub, keçib,
Geri dönməz, bir anı
Həm də axı neynirsən,
Sənə hüzün gətirən,
Ayrılığı, hicranı
Gözlərində itirən
O nisgilli sevdanı…


Nə verdi bu eşq sənə?
Bir ömür gözü yolda,
Bir anlıq vüsalına,
Bircə sözünə həsrət…
Bəlkə də doğrusu bu
Bəlkə İlahi qismət…


Sənə təsəlli olsun,
Yolların uzaqlığı,
Ya da bəhanə gətir,
Gəncliyi, uşaqlığı…
De ki, səhv eləmişəm,
Mən hara, bu eşq hara?
Həyatımda bu qədər
Heç çəkilmədim dara…


Bir səhvdir, olub-keçib,
Bağışlayın, siz məni.
Mən ki, heç incitmədim,
Bu günədək kimsəni.
Sadəcə bir ürəyi
Yaman dərdə salmışam
Sahibindən qoparıb,
Özümlə aparmışam…

Məni gözəl xatırla…

Bir gün əgər ölərsəm,
Məni gözəl xatırla…
Ürəyimin əzabın, 
Gözlərimin həsrətin,
Görmə, duyma, eşitmə!
Məni gözəl xatırla…
Nə yaşanan həyatım,
Ürəyinə dərd olsun,
Nə də ki, mənlə bağlı,
Əzabların sərt olsun.
Düşün ki, yaşanmayıb,
Nə o boyda ayrılıq,
Nə də bitməyən həsrət.
Məndən sonra nə üzül,
Nə də özünə qəsd et.
Geri gələn ki, deyil,
Yaşananlar, olanlar
Səni heç incitməsin,
Xatirində qalanlar.
Həyatdır də – hər kəsin,
Fərqli yazılar bəxti,
Kiminə ömür – əzab,
Kiminə qızıl təxtdi,.
Geri qayıdan deyil,
Ötən bir anın belə.
Qalan həyatını da
Acıyla vermə yelə.
Çalış, bundan sonrakı
Ömrün sevgiylə dolsun.
Gələcək günlərində,
Gözəl xatirə olsun.
“Mənisə xatırlama!”
– demirəm ki,
Mən sənə.
Xatırla! Yalnız gözəl
Xəyallar aləmində.
Necə gəlib, tapmışdın
Görmədiyin birini?
Necə həsrət vermişdi,
İlk Vüsala yerini?
Ürəklər sevgi dolu,
Baxışlarda min sual
Bə’zən səsli-haraylı,
Bə’zən sakit, susqun, lal…
Necə unuda bildin,
O yaşanan günləri?
Yadından necə sildin,
O sevdalı illəri?
Yox… Yox…
Çalış, unut sən,
Qəlbini dərd yormasın.
O sevdiyim baxışlar,
Yollara iz salmasın.
Yaşa ömrü sevgiylə,
Bu sevdadan uzaq dur.
Ömrünü sevgi dolu,
Xoşbəxtliklə başa vur!
Mənli xəyallarda da
Üzülmənə qıymaram,
Sən unut, xəyalları!
Mən xəyaldan doymaram…
Məni gözəl xatırla…

Sevda çiçəyi.

Hardan düşdü xatirələr yadına,
Necə sildin göz yaşını gizlicə?
Alışmadın ayrılığın dadına,
İllər sonra yada düşdü o gecə.

Çözələndi xatirələr oymağı,
Keçmişləri yada saldı xəyallar.
Yer tapmırdın baxışını qoymağa,
Yaddaşından silinərmi o anlar?!

Sakit-səssiz oturmuşduq üz-üzə,
Nə danışa, nə də susa bilirdik.
Bir arzunun çin olmuşdu xəyalı,
Gerçəyi də xəyal kimi görürdük.

Sən ən gözəl xəyalların gerçəyi,
Sən ən gözəl xəyalların özüydün.
Duyğularda bitən sevda çiçəyi,
Bir saf eşqin tükənməyən sözüydün.

 Müstəqil.Az

Share: