“Yaxın 48 saatda nəsə baş verəcək…”

“Yaxın 48 saatda nəsə baş verəcək…”

Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, Rusiyanın Ukraynaya təcavüzü təhlükəsi “dünyanı uçurumun kənarına gətirir” və bildirib ki, bu “çox, çox təhlükəli və çətin vəziyyət” yaradır.

Çərşənbə axşamı baş nazir Böyük Britaniyanın Ukraynadakı mövcud vəziyyətə reaksiyasını müzakirə etmək üçün hökumətin COBRA fövqəladə hallar komitəsinin tam iclasını keçirəcək.

Conson deyib ki, Rusiya Ukraynaya müdaxilə etməyi planlaşdırır və buna dair “olduqca aydın” sübutlar var. Bu barədə “Sky News” xəbər verir.

“Düşünürəm ki, sübutlar olduqca aydındır. Ukrayna ilə sərhəddə 130 minə yaxın hərbçi cəmləşib. Təcavüz üçün ciddi hazırlıqları göstərən bir çox başqa əlamətlər var. Biz başa düşməliyik ki, bu, çox, çox təhlükəli və çətin vəziyyətdir”, – baş nazir bəyan edib.

Bununla belə, Conson əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinin “hələ geri qayıtmağa vaxtı var”. “Biz hər kəsi dialoqa dəvət edirik”.

Conson, vəziyyətdən “son dərəcə narahat olduğunu” söyləyib. “Biz əmin olmalıyıq ki, prezident Putin belə addımının iqtisadi və siyasi nəticələrini başa düşür”, – Conson əlavə edib.

“Yadınızdadırsa, Rusiya Ukraynanın şərqini, Krımı alıb. Amma biz həqiqətən də Rusiya karbohidrogenlərindən asılılıqdan xilas olmaq üçün kifayət qədər iş görməmişik”, baş nazir deyib, və bütün Avropa ölkələrini Rusiyanın neft və qazından asılılığı azaltmağa çağırıb.

“Biz alternativ enerji mənbələri tapmalıyıq və Rusiyaya çox, çox ciddi iqtisadi cavab verməyə hazır olmalıyıq”, o əlavə edib.

***

17:56

Rusiyanın fevralın 16-da Ukraynaya hücuma keçəcəyi haqda xəbərdarlıqların edildiyi, xarici ölkə vətəndaşlarının Kiyevdən təxliyə olunduğu bir vaxtda Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskiyə ünvanlanmış ultimativ bəyanatla çıxış edib. “Klounada vaxtının sona çatdığını” bildirib, onu Donbassa dair Minsk razılaşmasını dərhal yerinə  yetirməyə çağırıb.

“Cənab Zelenski! Klounada vaxtı başa çatdı. Qarşısıalınmaz nəticələrdən qaçmaq naminə öz xalqı qarşısında borcunu yerinə yetirməyin saatı gəldi. Yəni heç vaxt olmamış kimi bu gün Minsk razılaşmasının yerinə yetirilməsi zərurəti yaranıb, hansı ki, altında təkcə Rusiya prezidentinin yox, Ukrayna prezidentinin də imzası dayanır”, – Kadırov yazıb.

 

O, Donbassa “xüsusi statusu” da nəzərdə tutan Minsk razılaşmasının olduğu kimi yerinə yetirilməsinin təkcə Moskva ilə Kiyev arasında qarşıdurmanın nizamlanması üçün deyil, ümumi gərginliyin azaldılması üçün də ilk mühüm addım olduğunu bildirir. Kadırov Zelenskini “sülhü bərqərar etmək və qan tökülməsindən qaçmaq üçün” prezident kimi ondan asılı olan hər şeyi etməyə çağırıb.

Xatırladaq ki, “Rosqvardiya”nın tərkibində olan və əslində Kadırovun şəxsi ordusu hesab edilən “Kadırov polku” da Ukrayna sərhədlərinə yeridilib.

Müstəqil.Az

Share: