Yaxın Şərqdə cərəyan edən proseslərin Azərbaycanın daxilinə daşınması – Əli HƏSƏNOV

Azərbaycanda və dünyada baş verən proseslərin arxasında hansı geosiyasi, geoiqtisadi, yaxud lokal siyasi-iqtisadi korporativ maraqların dayandığını siyasətlə yaxından uzağa əlaqəsi olmayan vətəndaşlarımızın çoxu başa düşür. Nəinki başa düşür, hətta bir zamanlar meydanlarda, küçələrdə qaldırdığı yumruğunu azadlığın təkrarsız simvolu kimi təqdim edənlərdən daha yaxşı təhlil etməyi bacarır. Amma illərdir ölkənin siyasi arenasında baş girləyib, aqressiv və təkrarçı ritorikalarını cəmiyyətə “siyasi intellekt nümunəsi” kimi sırımağa çalışan antimilli və dağıdıcı müxalifət təmsilçiləri ən adi reallıqları belə görmək istəmir, yaxud görə bilmirlər.

Müstəqil.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov qeyd edib.

“Fikrimizi arqumentləşdirmək üçün yaxın siyasi tariximizin dərinliklərinə dalmağa ehtiyac yoxdur, bəhs olunan müxalifət nümayəndələrinin son 15-16 il ərzində regionda və dünyada baş verən proseslərə münasibətini və nümayiş etdirdikləri davranışı yada salmaq yetərlidir.

16 il öncə Azərbaycanın radikal müxalifətinin də ilhamlandığı və az qala bayram kimi qeyd etdiyi Gürcüstandakı “qızılgül inqilabı”ndan sonra cərəyan edən prosesləri, yəqin ki, hər kəs yaxşı xatırlayır. Yaxud Ukraynada “narıncı inqilab“ ssenarisinin reallaşdırıldığı dövrdə bizim radikalların orada baş verənlərin eynilə təkrarlanmasına çalışdıqlarını, Ukraynadakı ilə oxşar adda partiyalar bloku qurduqlarını, müəyyən şəxslərin Ukraynadan narıncı geyim və qalstuk idxalı biznesindən özünə güzəran düzəltdiyini də hamı bilir. Ukraynadan Qırğızıstana qədər postsovet məkanını bürümüş “rəngli inqilab”ların çox keçmədən narıncıdan sarıya doğru necə metamorfozaya uğradığının, əvvəl “narıncılaşmanın”, sonra da “saralmanın” bu ölkələr üçün hansı insani, maddi və ərazi itkiləri ilə yekunlaşmasının şahidi olduq.

Radikal müxalifət 2010-cu illərin başlanğıncında start götürmüş “ərəb baharı”ndan da vəcdə gəlmişdi. ”İnqilab baharı” mövsümünün Yaxın Şərqdə yüz minlərlə günahsız insanın qətlinə, milyonlarla insanın qaçqın taleyi yaşamasına, bəşəriyyətin mədəni sərvəti olan unikal tarixi abidələrin dağıdılmasına, terrorizmə rəvac verməsinə laqeyd qalan azərbaycanlı “inqilab idxalçı”ları bu dəfə də vaxtından əvvəl sevinməyə başlamışdı. Onların hətta Tunisdə olduqca fəlakətli proseslərin katalizatoru olmuş faciəni andıran hadisənin 2013-cü ildə Bakıda təkrarlanmasından necə sevindiklərini, ekstaz keçirdiklərini təsvir etmək sözün imkanları xaricindədir. Sanki söhbət özünü yandıran insandan deyil, inqilabı körükləmək üçün tələb olunan adi bir əşyadan gedirdi.

Yaxın Şərqdə cərəyan edən proseslərin Azərbaycanın daxilinə daşınması üçün bizim radikal antimilli dairələr gecə-gündüz sosial şəbəkələrdə, internet resurslarında təbliğat aparırdı. Ölkəmizdə baş verən sıradan bir kriminal hadisəni, yaxud təməlində hansısa əhəmiyyətsiz sosial problemin dayandığı istənilən faktı “dəhşətli hüquq pozuntusu” kimi qələmə verir, müsəlman Şərqində ilk respublika quran, müasir, sivil, inkişaf etmiş Azərbaycan xalqını bu və ya digər səbəblərdən geridə qalmış cəmiyyətlərlə müqayisə etməkdən belə çəkinmirdilər. Amma bu gün onlardan heç biri özündə cəsarət tapıb vaxtilə “azadlıq uğrunda mübarizə” kimi təqdim etməyə çalışdıqları “ərəb baharı”nın göz önündə olan qanlı nəticələrindən danışmır və bətnindən terrorizm, İŞİD kimi ən dəhşətli terror bəlası doğuran prosesləri təbliğ etdiklərinə görə Azərbaycan cəmiyyətindən üzr istəmirlər.

Bəzi faktlara baxaq. “İnqilabi mövsüm” qurbanı olan ölkələrdən Liviyada yalnız 2011-ci ilin avqustuna olan göstəricilərə görə 50 mindən çox insanın həyatına son qoyulub. Bəzi mənbələrdə isə daha 30 min insanın itkin, 750 minə yaxın şəxsin qaçqın düşdüyü bildirilir. Suriyada baş verənlər isə 2015-ci ilin statistik göstəricilərinə görə 300 min insanın həyatına son qoyub, 4 milyon nəfər isə öz evindən didərgin düşüb. 2011-ci ildən sonra Liviyada, 2015-ci ildən sonra isə Suriyada baş verən kütləvi insan ölümlərini artıq heç kim hesablamır. Çünki günahsız insanların qətlə yetirilməsi, terror bu ölkələr üçün adi hala çevrilib. Viranə qalmış, terror qruplarının meydan suladığı bu ölkələrdə insan həyatının heç bir dəyəri yoxdur. Liviyada tuareqlərin etnik, tarixi vilayətlərin regional separatizmi ölkəni real parçalanma təhlükəsi qarşısında qoyub, vətəndaş müharibəsi səngimək bilmir, hər gün yeni qüvvələr, geosiyasi maraqlar ölkədəki münaqişəsinin dərinləşməsinə xüsusi “töhfə” verirlər. Suriyada baş verənləri isə Azərbaycan mediası kifayət qədər geniş işıqlandırdığından burda yaşanan humanitar fəlakəti, XIX əsr suriyalı maarifçilərin “Böyük Suriya” idealının, XX əsrin əvvəllərində və ortalarında reallaşdırılmasına təşəbbüs göstərilən panərəbizm layihələrinin necə dəfn edildiyini, Suriyanın etnik və konfessional zəmində necə parçalandığını, xarici hərbi birləşmələrin ölkədə necə söz sahibi olduqlarını xatırlatmağa lüzum görmürük. Çünki bunları Azərbaycan inqilabçılarının ideoloqu “görkəmli tarixçi professor” Cəmil Həsənli və onun “müzəffər inqilabçı lideri” Əli Kərimli bilməmiş deyil.

Sonrakı illərdə – 2017-ci ilin sentyabrında Myanmanın Arakan vilayətində Rohinca müsəlman azlığına qarşı qətliamlarla əlaqədar alovlanan qarşıdurma Azərbaycanın radikal müxalifəti üçün növbəti analogiyalar üçün bəhanə açmışdı. Az qala xalqı ittiham edirdilər ki, nəyə görə Myanmada sabitliyin pozulacağına səbəb olan hadisələr baş verir, amma bizim ölkəmizdə xalq yatıb, sabitlik pozulmur ki pozulmur.

2019-cu ilin aprelində Sudanda baş verən genişmiqyaslı nümayişlərdən sonra da bizim Cəmil Həsənli-Əli Kərimli düşərgəsinin əsas müzakirə mövzusu aksiyaları Xartumdan Bakıya necə transfer etməyin yolları ilə bağlı idi. Halbuki Sudanda baş verənlər Cənubi Sudanda guya soyqırım törədilməsi haqda sübut edilməmiş, sonradan bəzi beynəlxalq ekspertlər tərəfindən də təkzib edilmiş iddialarla başlayıb, Cənubi Sudanın ölkədən qoparılması ilə nəticələnmiş hadisələrin davamı olduğu hər kəsə bəlli idi. Cənubi Sudan ayrılıb müstəqilliyini elan etsə də, əsas təbii sərvətlərin istismarına başlamaq üçün açar rolunu oynayan ərazilər uğrunda mübarizə hələ bitməyib.

Bütün bunlar xaricdən müxtəlif bər-bəzəkli adlar altında ixrac olunan inqilab “ssenari”lərinin nə qədər dəhşətli nəticələrə gətirib çıxardığının bariz nümunələridir. Amma Azərbaycanın dağıdıcı müxalifəti, adını çəkdiyim professor və onun rəzil lideri bütün bunlardan nəticə çıxarmaq, ölkəmizdə mövcud olan sabitliyin, vətəndaşlarımızın təhlükəsiz bir şəraitdə yaşamasının nə qədər vacib olduğunu dərk etmək istəmir.

Radikal antimilli müxalifət həmişə olduğu kimi, bu gün də bu və ya digər xarici ölkədəki zorakı hakimiyyət dəyişikliyini “İnqilabi təbliğat” məqsədilə istifadə edir, digər ölkələrdə daxili siyasi vəziyyət gərginləşəndə ruhlanır. Ölkələr arasında fərqləri nəzərə almadan “bunlar bizdə də baş verməlidir” kimi yanlış ümidlərə qapılır, sosial bazalarını da bu ovqata kökləmək istəyirlər. Radikalların başqa ölkələrin siyasi təcrübəsindən eyforiyaya düşməsinin ən başlıca səbəbi Azərbaycan xalqından dəstək ala bilmədikləri üçün xarici mərkəz və qüvvələr arasında gizli himayədarlar axtarışına çıxmasıdır.

Müşahidələr göstərir ki, beynəlxalq qlobal media şəbəkələrinin Azərbaycandilli resursları da həmin prosesləri müxtəlif aspektlərdən geniş işıqlandıraraq antimilli müxalif qrupları ideoloji baxımdan “təlimatlandırır” və təşviq edir. Sonradan “Azadlıq” qəzeti, “Azərbaycan saatı” kimi müxalif saytlar, müxalif Youtube kanalları və sosial səhifələr mövzunu Azərbaycan üzərində fokuslayır. Budur, müxalifətə başçılıq edənlər indi də öz təfəkkür səviyyələrinə uyğun olaraq siyasi kataklizmlər üçün analogiya axtarışlarının növbəti predmeti kimi hazırda qarşıdurma yaşanan Boliviyanı nümunə seçiblər. Bu həftənin əvvəllərində Boliviya prezidenti Evo Moralesin hakimiyyətdən devrilməsi bu kontekstdə təqdim edilməkdədir. Amerika qitəsində yerli qırmızıdərili əhalini təmsil edən ilk prezident olmuş Moralesin hakimiyyəti illərində Boliviyanın qısa müddətə ciddi iqtisadi nailiyyətlər əldə etməsi, “evonomika” adı verilən xüsusi iqtisadi konsepsiya tətbiq etməsi, sosial rifahın, orta aylıq əmək haqqı göstəricilərinin dəfələrlə artması, 2017-ci ildə bu göstəriciyə görə bəzi Şərqi Avropa ölkələrini belə geridə qoyması, əhalinin 60 faizindən çoxunu təşkil edən qırmızıdərililərin dini-mədəni və sosial hüquqlarını qorumaq üçün hansı mühüm addımlar atmasından qətiyyən bəhs edilmir. O cümlədən də, hazırda Boliviyada hakimiyyəti zəbt etmiş “inqilabi liderin” irqçi ağ liderlərdən biri olması, ona separatçı regionlar tərəfindən necə dəstək verilməsi Azərbaycan müxalifəti tərəfindən bilərəkdən gizlədilir. Bu uzaq ölkədə cərəyan etməkdə olan hadisələrin nəticəsi bir yana qalsın, özlərinin “demokratiya”, “hüquqi dövlət” tərəfdarı olduqlarını iddia edən Cəmil Həsənli-Əli Kərimli düşərgəsi, hətta baş verənlərin mahiyyətinə nəzər salmağı belə bacarmırlar. İnsan ölümləri və hərbçilərin siyasi proseslərə müdaxiləsi ilə müşayiət olunan dövlət çevrilişi “ərəb baharı”nda olduğu kimi yenə də eyni entuziazmla təbliğ olunur. Çünki radikal müxalifət təmsilçiləri üçün öz korporativ maraqları və onları idarə edənlərin sifarişlərindən başqa müqəddəs heç nə yoxdur.

ABŞ Konqresinin Nümayəndələr Palatası “erməni soyqırımı” ilə bağlı sənəd qəbul edəndə “Vətən”, “Dövlət”, “Millət” hayqıran Cəmil Həsənli-Əli Kərimli düşərgəsindən səs çıxmadı. Dağlıq Qarabağdakı separatçı rejimin başçıları Konqresdə görüşlər keçirəndə onlar Vaşinqtonda Azərbaycanı hədəfə gətirməklə məşğul idilər- budur bunların “vətənpərvərliyi”, “milli təəssübkeşliyi”, dövlət və millət “qayğısı”.

Görünən odur ki, radikal müxalifətə başçılıq edənlərin təfəkkürü dünyada baş verən prosesləri yamsılamaq, sosial şəbəkələrdə boş və mənasız kampaniya təşkil etmək, qarayaxma ilə məşğul olmaqdan o yana keçmir, cılız, qorxaq olduqları qədər də ambisioz və hikkəli davranışdan başqa ortaya heç nə qoya bilmirlər.

Gözləyək görək, Boliviyadan sonra harada nə baş verəcək” – o qeyd edib.

Müstəqil.Az

Share: