“Yaxşı ki, Tanrının övladı yoxdur”
Bir uşaq evində qızcığaz gördüm,
Üst başı çiçəkdi, gözləri qəmdi,
Kefini soruşub, əhvalın sordum,
O ala gözləri qüssəli nəmdi.
Silib göz yaşını, tutdum əlini,
Doğmatək qol açıb, bağrıma basdım
Sözünün qəhəri bükdü belimi,
Sakitcə o qıza mən qulaq asdım.
Qoynuna sıxdığı gəlinciyini,
Öpüb yanağından sığalın çəkdi,
Unudub keçmişi öz dincliyimi,
Qəlbimdən inilti sədası keçdi.
Kədərlə danışır öz həyatını,
Səsinin telləri titrəyir hərdən,
Necə dinlədimsə, bu bayatını,
Ürəyim sıxıldı qüssə-kədərdən.
“Anam da mən kimi körpə olubmu?
Anası atmayıb, mənimtək nədən?
Əlləri soyuqdan əsib, donubmu?
Kömək gözləyibmi Tanrıdan, göydən?
Bir ana istirəm Tanırdan gələn,
Utana öz anam, ona baxanda,
Bir ata istirəm gözümü silən,
Öz atam küçəyə məni atanda.
Nə vaxtsa, mənim də körpəm olarsa,
Qoymaram heç zaman gözümdən uzaq,
Qiyamət qurulsa, dünya dağılsa,
Atmaram balamı, özümdən uzaq.
Yaxşı ki, tanrının övladı yoxdur,
Yoxsa kim baxardı, atılmışlara,
Deyirlər atılmış körpələr çoxdur,
Tanrıdı himayə, tapılmışlara.”
Titrək əllərini çəkdi qızcığaz,
Tutdu gəlinciyin cansız əlini,
Əlləri soyuqdu, qardı, bəmbəyaz,
Oxşadım saçını, qara telini.
Söz tapa bilmədim, dinə bilmədim,
Öpdüm yanağından təbəssüm etdi,
Astaca yeridi, mənsə gözlədim,
Körpələr içində o gözdən itdi.
“Gələcəm…”
Gəldin yenə xəyalıma,
Etdim tamaşa xalına,
Dəysələr hal- əvalına,
Olma pərişan, gələcəm.
Onsuz da gerçək deyiləm,
Xəyalam, gərək deyiləm,
Həyatda dilək deyiləm,
Röyana axşam, gələcəm.
Qol açıb, saxlasan məni,
Oxşayıb, nazlasan məni,
Bəxt quşum, anlasan məni,
Durub, obaşdan gələcəm.
Saçlarına düşəndə dən,
Bezikərsən yurddan, eldən,
Görüşümüz olan yerdən,
Məni soruşsan, gələcəm.
“…bir kimsə peyda olaydı,
İblisi Tanrıyla barışdıraydı”
Nə ola, bir kimsə peyda olaydı,
İblisi Tanrıyla barışdıraydı,
Bitəydi qan qada bu yer üzündən,
Dünyanın nəfəsi rahatlaşaydı.
Nə ola, bir kimsə peyda olaydı,
İblisi Tanrıyla görüşdürəydi,
Min illik davaya hökm oxunaydı,
Edama çəkəydi bu böyük dərdi.
İblis peşmanlıqla, boyun bükəydi,
Bu tövür, hər yerdən alqışlanaydı,
Tanrı da başına sığal çəkəydi,
Ən qatı canilər bağışlanaydı.
Xeyirə ram olub şər, sovuşaydı,
Canavar qoyunla daldalanaydı,
Quzğunla göyərçin bir uçuşaydı,
Sülh quşu səmaya qanadlanaydı.
Yağışlı gecənin torpaq qoxusu
Yağışlı gecənin torpaq qoxusu,
Sənli küçələrin doğma ətridir.
Ərşin apardığı həsrət yuxusu,
Vəsfinə yazdığım hər bir sətridir.
Torpaqdan alıram sənin naməni,
Bu doğma qoxudan gələn gülüşün,
Elə bil dəyişib, ovutmur məni,
Bir vaxt əlac idi həmən gülüşün.
Bilmək istəyirsən kiməm, nəçiyəm,
Ölmüş bir ruhu daşıyan adam.
Sənə elə səndən şikayətçiyəm,
Mənsiz oralarda yaşayan adam.
Düşünüb bulmuşam sənə çatmağı,
Dünyadan çıxmağın yerin tapmışam .
Çıxacam altından üstünə qədər,
Sevinclə bir kəndir görüb qapmışam.
Sənə qovuşmağım belə asansa,
Oturub zamanı gözləyimmi mən?
Qismətdə qovuşmaq varsa haçansa,
Bax, elə indicə gəlməyimmi mən?