Kulis.az Nihat Pirin “Yaxşı oğlanlar həmişə günahsızdır?” adlı yeni yazısını təqdim edir.
Bizdə “yaxşı oğlan” deyə bir anlayış var. Hansı ki bu adamların ən özəl xüsusiyyətləri heç kəsin görmədiyi, amma hamının israrla inandığı ürəyi yumşaq olmalarıdır.
Bu adamlar üçün bütün ölçü vahidləri, bütün ölçü mexanizmləri məhz “yaxşı oğlan”lıqdan sonra gələn məsələlərdir.
Vuran, yıxan, dağıdan, sökən, söyən, dünya-aləm vecinə olmayan və nəhayətində, dünyanın, heç olmasa, səhra və yarımsəhra quru çöl iqlim tipinə aid olan ərazilərini yaratdığını düşünən oğlanlara verilir bu ad.
Bu adamlar üçün 7 milyard insanın mümkün 4 milyard civarında olan kişi cinsindən olan nümayəndələri yalnız özündən sonra kişi ola bilir. Yəni bu adamlar kişilik cinsinin ilkin sterotiplərini daşıdıqlarını iddia edirlər.
Bu adamlara qəti şəkildə günah yapışmır. “Səhv hərəkət” etmirlər, yanılmırlar və ətrafları da çox geniş olur. Məsələn, onlar asanlıqla başqasının başından vurub yeməyini əlindən ala bilər, onu rahatlıqla yeyə bilər və üstəlik, ürəyi soyumasa, yanbızına bir təpik də ilişdirə bilər.
Niyə?
Çünki bu adamların, əslində, ürəkləri yumşaqdır, sadəcə xasiyyətlərində bir qədər “hozu”luq toxumları var.
Xülasə.
Ötən gün “Dolu” filmindən yaxşı xatırladığımız və oradakı “Drakon” obrazı ilə, sözün əsl mənasında, oyun çıxarmış Rza Rzayevin həbs qərarı çıxdı. Düzü, mən sözügedən şəxsin həbsdə olduğunu düşünürdüm. Məhkəmə prosesi, ibtidai istintaq, ay nə bilim, həbs qətiimkan tədbiri kimi məsələlərə toxunmaq istəmirəm. Qarışıq prosesdir. Amma əsas etibarilə, Rza Rzayev 2018-ci ildə törətdiyi əmələ görə iki il müddətinə azadlıqdan məhrum edilib.
İşin təfərrüatı nədir: Rza Rzayevin bacısı Zeynəb Rzayeva orta məktəblərin birində direktor müavini kimi çalışırmış. Günlərin bir günü direktor Zeynəb xanımı çağıraraq ona bildirir ki, təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcək. Zeynəb Rzayeva sözügedən qərara qəti etiraz etdikdən sonra söhbətə Rza Rzayev, yəni Zeynəb xanımın qardaşı da qoşulur. O, məktəbə gələrək direktorla mübahisə edir və nəticədə onu əzələli qollarının hesabına salır şillə-təpiyinin altına.
Mən sizlərdən rica edirəm: təfərrüatın sonuncu cümləsini bir neçə dəfə oxuyun.
Ortada yerlə-bir olan müəllim nüfuzu, baş alıb-gedən dərəbəylik situasiyası, sözün bütün mənalarında, hozuluq vurğusu olduğu bir vaxtda bizim gözəlim sənət mühafizəkarları, aktyor və rejissor profilinə yüksək ali irq nümayəndəsi kimi yanaşan yoldaşlar Rza Rzayevə azadlıq şüarları səsləndirirlər.
Niyə?
Çünki Rza Rzayev “Dolu”da erməni əsir qadınını buraxanda “Mən arvad davası eləmirəm, biz torpaq davası edirik” deyə bilən yaxşı oğlan, o rolun öhdəsindən layiqincə gələ bildiyi üçün yaxşı aktyor, sənət dostları arasında yaxşı hörmətə malik olduğu üçün həm də yaxşı adamdır.
Təsəvvür edirsiniz?
Adam bacısı işdən çıxarılıb deyə, əlini-qolunu sallaya-sallaya məktəbə hücum çəkir, məktəb direktorunu məktəbin ortasındaca salır ayağının altına, üstəlik, polisin gözünün qabağındaca direktora barmaq silkələyə-silkələyə “Gəl bura, səni başa salım” deyir, bizim ədalət zınqırovları aktyorluq və rejissura havasına çalınan sənət mühafizəkarlarımız isə onun “yaxşı oğlan” tərəflərini daş olub yağdırırlar başımıza.
Hələ Rza Rzayevin “Geyilməmiş ayaqqabılar” filmini çəkməsini demirəm.
Heyrət ey məhkəmə çəkici!
Bəs, ay başınıza döndüklərim, bizim bu zavallı direktorumuzun gözünün altına geyindirilən yumruğun haqqını kim tələb edəcək? Siz olmazmı ki, geyilməmişin dərdini çəkməmişdən öncə, geyindirilənin dərdini çəkəsiniz?
Bu nə məntiqdir?
Yəni adamın müəyyən sənət uğurunun olması onun xuliqanlıq əməlinə bəraət qazandırmaq gücündədir?
Yəni adamın rejissorluq sənətinə can yandırması onun üçün qanun-qaydanın vız gəlməsi deməkdir?
Yəni adamın təhsil ocağına hücum çəkməsi, məktəb direktorunu döyməsi aktyordur deyə göz yumulası haldır?
Ay başınıza dönüm, siz xəstəsiniz?
Siz nəyi müdafiə etdiyinizin fərqindəsiniz?
Oxşar situasiya meyxanaçı Rəşad Dağlı həbs olunanda da yaşanmışdı. Yəqin, xatırlayırsınız.
Xatırlamamaq nə mümkün?!
Amma adamın başının üstündə Allah var, o hadisə buna baxanda toya-bayrama gediləsi idi. Çünki o vaxt Rəşada dəstək verənlər, azadlıq tələb edənlər, “anası kulivatdasın” köynəyini geyinənlər, maksimum 15-16 yaşlı uşaqlar və yaxud da elə 15-16 yaşlı uşaq təfəkküründə olan adamlar idi. Və bu kütlənin əksəriyyəti “Tiktok” nəsli idi. Yəni səhəri orada açan, naharı orada edən, axşamı əsnəyə-əsnəyə orada gərnəşənlər.
Bu adamlar üçün “Rəşad Dağlı adam öldürüb” həqiqətini hayqırmaq, ən yaxşı halda, adamın boğazında üçüncü dərəcəli travmatik deşik əmələ gətirərdi, başqa heç nə.
Düşüncə yox, baş yox, beyin yox.
Yaxşı bəs, Rza Rzayevi müdafiə edənlər?