Özümlə fəxr edirdim. Adım tarixə düşmüşdü. Qızıl hərflə olmasa da, hansısa bir hərflə. Mənim üçün əhəmiyyəti yox idi, lap belə divarda kömürlə yazılmış olsaydı da. Əsas olan oydu ki, Azərbaycanda həmin vaxt laxlayan rejimə qarşı çıxaraq ilk addım atan, boynundan pioner qalstukunu çıxarıb yandıran ilk məktəblilərdən idim.
Başım o zaman da az ağrımadı…Ali məktəbə qəbul oldum – təbii ki sevincimin hüdudu yox idi. Gələcək üçün o qədər planlarım vardı ki! Bəzən unudaram deyibən istəyirdim hardasa qeyd edim. Çox çətinlik çəkirdim. Kənddən, ailəmdən maddi dəstək, demək olar ki görmürdüm. Ailə böyük, tək qazanan isə atam.
Kirayə qaldığım evdə, günəşin çıxmasıyla ayın batmasının elə də bir əhəmiyyəti yox idi mənim üçün. Çünki sınıq-salxaq döşəməli, içində təkadamlıq havası olan darısqal otagımın pəncərəsi qonşunun his basmış divarına açılırdı. İşləməyə məcbur idim, iş məni tapmağa məcbur deyildi.
Yeni il qabağı tələbələrdən biri təklif etdi ki, meydanlarda “Şaxta baba”lara tələbat var, gedək, hər nə qazansaq, heç qazanmamaqdan yaxşı olar. Mən də razılaşdım. Həyatda ilk rolum “Şaxta baba” oldu. Gözüm dörd olurdu. Bir cütü mənimlə şəkil çəkdirib pul verəcək müştərini axtarır, bir cütü isə tanış-biliş görər, tələbə qızlardan görən olar deyə, nəzarətdə dayanıb döyükürdü. O qədər sıxılıb kövrələrək papağımı, saqqalımı çıxarıb, hər şeyə son qoyaraq getmək istədiyim vaxt olub ki!
Atamın hər kəsdən xəcalət olacaq üzünü, anamın məzəmmət dolu baxışlarını, bacı-qardaşımın təəccüb dolu gözlərini düşünüb ağlayıb, ürəyimi boşaldıb, yenidən… “vəzifə” başına dönmüşəm.
Çönüb keçmişimə baxanda heç vaxt unuda bilməyəcəyim, heç unutmaq da istəmədiyim bir epizod da canlanır qarşımda. Elçibəyi Naxçıvandan gəldiyi gün qarşılayıb, “Azadlıq” qəzetinin redaksiyasına apardıq. Hamı keçib görüşürdü. Arıq, çəlimsiz uşaq idim, izdiham imkan vermirdi qabaga keçim. Bəy özü mənim cəhdimi görüb “o oğlana imkan verin”, – deyərək, ona çatmağıma və görüşməyimə səbəbkar oldu. Adımı soruşdu, əlini çiynimə qoyaraq “İlkin mənim mübarizəmin bəhrəsidir”, – deyəndə, o an həyəcandan baxılacağımı sanmışdım.
Oxudum, ali təhsil aldım. Ailə qurdum, övlad atası oldum. Kənardan əzəmətli görünüşüm çoxunu vahiməyə saldı, içimdəki çəlimsiz, “Şaxta baba” rolunun mahir ifaçısı İlkinsə elə o yaşda, “Şaxta baba” geyimində, əlində çomaq, gözündə bir damla yaş donub qaldı…
… Yazıb saxlamadığım arzularımı çoxdan unutmuşam, heç birinə çatmasam da. Sanki yazı lövhəsində rəsmi olan İlkiniydim, özüm silib, yenidən cızıram öz rəsmimi! Bu dəfə, deyəsən, arzularım da fərqlidir.
Keçmişi qaytarmadım, tək “Şaxta baba” və Bəyin xatirələrindən başqa…