Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında türkiyəli yazıçı, şair Bolat Ünsalın kitablarının müzakirəsi keçirildi.
Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq qonaqları salamladı və Bolat Ünsal haqqında məlumat verdi. Bildirdi ki, kitabda müəllif müxtəlif zamanlarda, Türkiyənin müxtəlif yerlərində şahidi olduğu hadisələrdən bəhs edən hekayələr və şeirlər yazıb. L.Məmmədova vurğuladı ki, 2024-cü il yubileylər ilidir (“İmadəddin Nəsimi – 655”, “Abbasqulu ağa Bakıxanov – 230”, “Qasım bəy Zakir – 240” və b.).
Böyük metodist İradə Hüseynova çıxışında bildirdi ki, “Heybədən hekayələr” kitabında hekayələr öz müxtəlifliyi ilə seçilir, təsvirlər o qədər canlı verilmişdir ki, elə bil müxtəlif illərdə Türkiyəni gəzib dolaşırsan, İstanbulun köhnə məhəllələri, Antalya, Kəmər o qədər aydın təsvir olunur ki, sanki biz də o yerlərə səyahət edirik. İ.Hüseynova “Heybədən hekayələr” kitabından “Hardan biləydim?” şeirini oxudu. Şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov müəllifi təbrik etdi, ona yaradıcılıq uğurları arzuladı. O, şanlı türk əsgərinə həsr etdiyi şeirini oxudu.
Yazıçı Aləm Kəngərli çıxışında bildirdi ki, kitab tanınmış şair Səhər Əhmədin redaktəsi ilə nəşr olunub. O, Bolat Ünsalla ilk tanışlığından danışdı. Tədbirinin təşkilatçılarına öz təşəkkürünü bildirdi. Təqdimatda çıxış edən Qabil Nəbiyev Bolat Ünsal haqqında fikirlərini söylədi və yazara yaradıcılıq uğurları arzuladı.
Tanınmış rəssam Sehran Allahverdi tədbirə dəvətə görə öz təşəkkürünü bildirdi və yazarın portretini ona hədiyyə olaraq təqdim etdi.
Tanınmış yazıçı-publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın oxucusu Nüşabə Məmmədli Bolat Ünsalın Azərbaycan bu qədər sevildiyinə görə xoşbəxt adam olduğunu vurğuladı. Belə bir kitabı bizə təqdim etdiyinizə görə təşəkkürünü bildirdi.
Kitabın müəllifi Bolat Ünsal tədbirin təşkilinə görə kitabxana kollektivinə minnətdarlığını bildirdi. O, türk dili, onun özəlliyi haqqında danışdı. Qırğız və qazax dilində olan kitabları haqqında məlumat verdi.
Tədbirdə İnformasiya-resurs şöbəsinin operatoru Günay Qululunun hazırladığı dahi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Məhəmməd Füzuli – 530” adlı videoçarx nümayiş olundu.
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Xatirə İsmayılova uzun müddətli səmərəli fəaliyyətinə və 65 illik yubileyinə görə Fəxri fərmanla təltif olundu. Tədbirin sonunda tədbir iştirakçıları müəllifə öz suallarını verdi. Müəllif 8 adda türk, qazax və qırğız dilində nəşr olunan kitablarını kitabxanaya hədiyyə etdi və kitabxana əməkdaşlarına avtoqraflı kitabları təqdim etdi.