Yazıçı, şair Şövkət Horovlunun yaradıcılıq gecəsi keçirildi

Yazıçı, şair Şövkət Horovlunun yaradıcılıq gecəsi keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzində AYB-nin üzvü, “Qızıl qələm” və Mahmud Kaşğari mükafatları laureatı, kitabxananın Fəxri oxucusu, şair, yazıçı-publisist Şövkət Zərin Horovlunun yaradıcılıq gecəsini keçirdi.                                                                                      

Tədbir iştirakçıları və qonaqlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.                                                                                      
Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova tədbiri açaraq qonaqları salamladı və yazıçının həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. O qeyd etdi ki, Şövkət Horovlu qadın yazarlarımız arasında öz dəst-xətti ilə seçilir. Yazıçının Qarabağ həsrəti, yurd itkisi və yanğısı ilə yazdığı əsərlərini oxucular maraqla oxuyur. Ş.Horovlunun yaradıcılığının qırmızı xətti Qarabağ müharıbəsi və Əfqanıstanda yaşadığı dövrdür. Yazıçı, şair Şövkət Horovlu bir çox mükafatlara layiq görülmüşdür. Onunla görüşümüz çox gözəl bir günə, Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə təsadüf edir. 

“Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Nüşabə Məmmədli çıxışında bildirdi ki, Şövkət xanım çox istedadlı və əvəzolunmaz yazıçıdır, o, xalqın yazıçısıdır. O, yazanda iştirakçı kimi əsərlərinin içindədir, xüsusilə uşaq ədəbiyyatında. Əgər yazıçı yazdıqlarının içində varsa, o yaşayır.                                                                                                                      

AYB-nin Tənqid bölməsinin rəhbəri, tənqidçi Bəsti Əlibəyli çıxış edərək qeyd etdi ki, Şövkət xanımın 20-yə yaxın kitabı nəşr olunub. O, Şövkət Horovlunun yaradıcılığının bir neçə məqamı üzərində dayandı. Və qeyd etdi ki, Ş.Horovlunun həm poeziyada, həm də nəsrdə özünəməxsus imzası və uğurları var. O, yaradıcılığını şeirlə başlayıb və nəsrlə davam etdirib. Şövkət xanım müasir ədəbiyyatda olan imzaların içində şeirini də, nəsrini də bir quşun qanadı kimi davam etdirir.                                  

Professor Maarifə Hacıyeva dedi: “Mən Şövkət xanımın əsərlərini sevə-sevə oxumuşam. Şeirləri çox gözəldir. Əsərlərini xalqın dilində yazır və gözəl mükafatları da var. 

Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova çıxışında bildirdi ki, yazıçının “Arazdan gələn səs” romanı məni çox heyrətləndirdi. Şövkət xanım o qədər aydın, sadə dildə yazır, onun kitablarını biz sevə-sevə oxuculara tövsiyə edirik.                                                                                                            

Şair Firuzə Məmmədli yazıçını təbrik edərək qeyd etdi ki, biz bu gün Şövkət xanımın işığına toplanmışıq. Biz müstəqillik əldə edildikdən sonra yazan xanımların sayı artdı. Bu gün üç mindən artıq Yazıçılar Birliyinin üzvü var və onların çoxu qadın yazarlardır. Şövkət xanım bunların arasında seçilən poetik səviyyəli orijinal yazardır. Şövkət xanımın oxucuları çoxdur. Mən sizə sosial şəbəkədə onun şeirlərinə oxucularının yazdığı rəylərin bəzilərini oxumaq istəyirəm: “bir-birindən səmimi misralar”, “şeir könül oxşayır”, “gözəl yazmısınız, əllərinizə və ürəyinizə sağlıq” və s.                                     
    Əməkdar mədəniyyət işçisi Elmira Əliyeva tədbir təşkilatçılarına təşəkkürünü bildirdi və Şövkət Horovlunun əsərlərinin hamının stolüstü kitabı olması təklifini irəli sürdü.                                                                                               
    “Qarabağa aparan yol” qəzetinin baş redaktorunun müavini Fariz Çobanoğlu yazıçının “Bu mənəm” şeirini oxuyaraq qeyd etdi ki, Şövkət xanım hamıya doğmadır, xüsusilə mənə doğmadır, Şövkət xanım Horovludakı bulaqdır.                                                                                                                 
    “Respublika Xatirə Kitabı”nın baş redaktoru, şair Nəzakət Məmmədli yazıçını təbrik etdi və bildirdi ki, burada çıxış edənlər Şövkət xanımın yaradıcılığına səyahət etdi. Onun dolğun keçən həyat yolunu, zəngin yaradıcılığını izlədikcə Şövkət xanımı daha çox sevirəm.                                                            
    Əməkdar jurnalist Zenfira Məhərrəmli dedi: “Kitab bilik mənbəyidir, kitablardakı sözlər adama qol-qanad verir. Mən Şövkət xanım haqqında günlərlə danışaram. Onun Qarabağ həsrətindən irəli gələn kədəri əsərlərinin əsas mövzusudur. Şövkət xanım Qarabağdır. Onun vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən bir şeirində “sərhədlərimizi süngüləri ilə qırdı oğullar” cümləsi bu günümüz və sabahımız üçün çox qiymətlidir. Onu şeirləri ilə sevmişdim, nəsri ilə isə ona vuruldum”.                                    
    Yazıçı Mənzər Niyarlı Qarabağa aid rəsm əsərini yazıçıya  hədiyyə edərək qeyd etdi ki, mən Şövkət xanımla çox tez-tez danışıram. Onun həyatı həmişə Cəbrayıl, Horovlu həsrətiylə keçib, onun poeziyasının misralarındakı mənalar çox duyğuludur.                                                                                 
    Polis polkovniki Vaqif Məhərrəmov çıxış edərək bildirdi ki, mən Şövkət Horovlu haqqında ürək dolusu danışacağam. Onun həyat yoldaşı Azərbaycanın tanınmış alimi, ziyalısı idi. Biz çox ağır aylar, illər keçirdik. Cəbrayıl yeganə rayondur ki, on iki kəndini ermənilərdən aldı. “Arazdan gələn səs” romanı birbaşa həyatdan götürülmüşdür. Şövkət xanımın əsərləri əldən-ələ gəzir. Biz onun növbəti yaradıcılıq gecəsini Cəbrayıl rayonunda, Horovlu kəndində keçirəcəyik.                                                                                                              
    Tədbirdə iştirak edən Cəbrayıl rayonunun ziyalısı Tariyel Abbaslı, jurnalist Fəxrəddin Meydanlı, “Yeni Təfəkkür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Şəmsiyyə Kərimova, AYB-nin üzvü, şair Nafilə Nafi, tərcüməçi və yazıçı Təranə Məmməd, şair-qəzəlxan Mahcamal Babayeva, şair Malik Əhmədoğlu, müəllim Elmira Aslanxanlı Tuxan, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, əməkdar elm və təhsil işçisi, professor Şəmsəddin Abdullayev, tarixçi Şəhla Nuruzadə, şair Qadir Hüseynov, Şövkət Horovlunun qızı Gülnarə Həsənova Şövkət xanımı təbrik edərək, ona ürək sözlərini bildirdilər və yeni yaradıcılıq uğurları arzuladılar.                                                                                                                             
    Sonda yazıçı, şair Şövkət Horovlu tədbir iştirakçılarına təşəkkürünü bildirdi və qeyd etdi ki, burada mənim haqqımda o qədər gözəl sözlər deyildi ki, artıq mənə deməyə söz qalmadı. Mənim ilk kitabım Əfqanıstanda yandırıldı və mən yazmaqdan imtina etdim. Lakin bir müddət keçdikdən sonra həyat yoldaşım Hüseyn müəllim mənə dedi ki, mən sənin potensialına bələdəm, sən davam elə. O, mənə kömək etdi. Mən üç müharibənin əzablarını görə-görə, canlı müşahidələrimlə onları əsərlərimdə yazmışam. Qarabağ müharibəsi mənim yaradıcılığımda əks olunur. Əlimdən nə gəlibsə qələmimlə etmişəm!                                                                                                                
    Tədbirin bədii hissəsində AMK tərkibində İncəsənət Gimnaziyasının sinif rəhbəri Nərmin Teymurova, tərbiyəçi müəllim Samirə Məmmədova, 3c sinfinin şağirdləri Şövkət Horovlunun şeirlərini söylədilər, məktəblilər Şövkət xanıma maraqlı suallarla müraciət etdilər.                                                                     
Mərkəzi Kitabxananın metodisti İradə Hüseynova “Ana yurdum” və “Yandıra bilmədim” şeirlərini söylədi.                                                                                                                 
Tədbir iştirakçıları Şövkət Horovluya həsr olunmuş videoçarxı izlədilər. Sonda tədbir iştirakçıları və qonaqlar Heydər Əliyev Muzeyini ziyarət etdilər.
Yazıçı, şair Şövkət Horovlu kitabxanaya çoxsaylı kitablarını hədiyyə etdi.
                                                                                                                          

Share: