Sabir Zəkullaoğlu maraqlı bir janra üz tutmuşdur. Onun qələminin məhsulu olan müdrik fikirlər, aforizmlər, deyimlər, söyləmələr real həyat hadisələrindən, təcrübədən gəlir. Folklorda ata sözləri, məsəllər kimi janr qəlibinə salınan bu cür deyimlər yazılı ədəbiyyata da təsirsiz ötüşmür.
Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələri Nizami, Füzuli, Xətayi, Zakir, Seyid Əzim, Sabir və digərlərinin yaradıcılığında müdrik deyimlər aparıcı yer tutur. Maraqlıdır ki, tədqiqatçılar bəzən belə aforizm xarakterli fikirlərin folklordan gəldiyini söyləyirlər. Əslində, şair və yazıçılar ictimai münasibətlərə, tarixi hadisələrə münasibət bildirərkən fikirlərini lakonikləşdirməyə çalışmış, böyük tutumlu ideyaları bir cümlədə, yaxud bir-iki misrada vermişlər. Göründüyü kimi, şifahi ədəbiyyatda olduğu kimi, yazılı ədəbiyyatda da lakonizm, yığcamlıq fikirlərin mayasını təşkil etmişdir. Həm nəsr əsərlərində, həm də nəzm əsərlərində aforizmlər əhvalatların, hadisələrin yekunu təsiri bağışlayır, bəzən adama elə gəlir ki, uzun-uzadı bir şeir elə sonuncu misradakı aforizmə görə yazılmışdır. Lakin əhvalatçılıqdan, geniş mətnlərdən qaçaraq düşündüyünü birbaşa deyən qələm adamları da olmuşdur. Mərhum filosof Asif Əfəndiyev də belə aforistik nitq söyləməyi və yazmağı xoşlayırdı.
Sabir Zəkullaoğlu (Ağayev Sabir Zəkulla oğlu) 16 mart 1969-cu ildə Cəlilabad rayonunun Ağusəm kəndində anadan olub, ibtidai təhsilini bu kənddə alıb, sonra Cəngan kənd tam orta məktəbini bitirib. Azərbaycan Kommersiya Texnikumunda kommersant ixtisasına yiyələnib. Əmək fəaliyyətinə ticarət obyektlərində başlayıb və 1995-ci ildə Bakı şəhərinə köçüb, orada işləyir.
Sabir Zəkullaoğlu yazılı və şifahi ədəbiyyatın şərikli janrı olan aforizmləri əsas ədəbi obyekt kimi seçir və müdrik deyimləri ilə şifahi xalq ədəbiyyatının ata sözlərinə xas xüsusiyyətlərini yazılı ədəbiyyata gətirir. O, mövcud aforizmləri qələmə almır, hər fikrində yeni bir ədəbi nümunə yaradır. Özü isə bunları “Deyimlər, aforizmlər” adlandırır. Müəllifin öz ifadəsindən çıxış edərək, belə qərara gəlmək olar ki, Sabir Zəkullaoğlunun yaratdıqları əslində aforistik deyimlərdir. Şifahi xalq ədəbiyyatında ata sözləri və məsəllərin janrdaxili dəyişmələrinə deyimlər, söyləmələr, savlar daxildir. Yazılı ədəbiyyatda bu janrı ən yaxşı halda “Deyimlər” ifadə edir.
Sabir Zəkullaoğlunun bütün deyimləri günümüzün hadisələri, çağdaş insanların yaşantıları ilə bağlıdır. Hətta bu deyimlərdən kompüter texnologiyası, texniki qurğular, internet, teledalğalar, avtomobil hissəcikləri və sair kimi vərdiş etdiyimiz həyati məsələlərlə bağlı yeniliklər də keçir. Nümunələrə diqqət yetirsək, bu deyimlərin necə böyük bir əhvalatı, hadisəni, olayı əhatə etdiyini aydın görərik:
Şəxsiyyəti təsdiq edən vicdandır, şəxsiyyət vəsiqəsi deyil.
Gözün dəyəri ondan düşəndən sonra bilinir.
Məsafələri yaxın edən nə maşındır, nə uçaq… Wİ Fİ-dır.
Elə məhkumam ki, əfvə də düşmürəm.
Böyüklərlə kiçiklərin fərqi onların oyuncaqlarındadır.
Hamının bildiyi şeyi belə oxumağa dəyər.
İnsanlar da şeir kimidir – heca, sərbəst, lap sərbəst…
Bəzi deyimlər var ki, psixoloji yaşantılara söykənir, məsələn, Sabir Zəkullaoğlu deyir ki, hissiyatı yüksək olan insanlar xəstəliyi də ağır keçirirlər. Yenə psixoloji bir məqam: Yadınıza düşürəmsə, mənə yox, yaddaşınıza minnətdar olun!
Sabir Zəkullaoğlu belə hesab edir ki, xoş sözlə də adamı incitmək olar. Kimsənin ağlına gəlməyən bu fikrin altında icbari yaşantılar dayanır. Yaxud: Adam köhnə paltarın içində özünü daha rahat hiss edir. Bəlkə də buna görə, Muxtar Kərimzadə bu deyimləri mənsur fikirlər adlandırır. İlqar Atabəyli isə deyir ki, iri həcmdə yazılan vecsiz əsərlər, romanlar Sabir Zəkullaoğlunun bir cümlədən ibarət deyimləri qarşısında acizdir.
Deyimləri mövzusuna görə qruplaşdırmaq da olar. Məsələn siyasət, təsərrüfat, elm, texnologiya, məişət və sairlə bağlı olan deyimlər günümüzün reallığı ilə səsləşdiyindən düşündürücü və təsiredicidir. Sabir Zəkullaoğlu deyimlərini Facebook səhifəsində oxucuları üçün yayımladığından onları “Müdrik statuslar” da adlandırırlar.
Sabir Zəkullaoğlunun aforistik deyimlərini Təranə Musayeva toplayıb ayrıca kitab halında tərtib etmişdir. 2017-ci ildə nəşr olunmuş “Sabirlə bacara bilsəm…” adlı bu kitabda tərtibçinin emosional ön sözü ilə yanaşı, Sabir Zəkullaoğlunun deyimlərinə rəğbətlə yanaşan Əlövsət Saldaşın, Dadaş Bayramovun, Sevinc Arzulunun, Reyhan Kənanın, Mənzurə Qaçayqızının, Ləman Fikrətlinin, Əlövsət Tahirlinin, Araz Gündüzün, Süleyman Abdullanın və başqalarının da fikirləri yer almışdır.
Bilal Alarlı HÜSEYNOV,
filologiya üzrə fəlsəfə doktoru