Tarix Muzeyinin damındakı zəngli saat böyük oxunu balacanın üstünə aşırıb yeni günü qarşılamaq üçün mənasız notlar səsləndirəndə Nərimanov parkından günbatana tərəf şütüyən maşınlar üzərinə alüminium tozu səpilmiş çay kimi yeraltı keçidə axdılar; günəş bu metal çayın üzərində axırdı… – və Bakı vaxtilə yeni gün başladı.
Pəncərədən baxıram: hamı tələsir, hamı əlində bağlama, ya belində çanta. Maşınlar şütüyür.
Yaddaşım korşalıb. Bəlkə də yaşamaq üçün təsəllidi. Olur, hər şeyi unudub, – o mahnıdakı kimi “silib başdan” – yenidən başlamaq istər insan.
Necə idi o məşhur fikir? – Biz öyrənmirik, xatırlayırıq. Bilgi əzəldən mövcud.
İnsan yaddaşdan ibarət psixoloji varlıqdı.
Dünyada ilk qatil Qabil olub. Adəmin böyük oğlu, Həvvanın sevimlisi.
Qardaşı Habili öldürüb.
Dünyanın cənnət vaxtı.
Fikir verin, – bu fikri ya kimsə deyib mənə, ya da oxumuşam hardansa, – onda dünya əhalisi 4 nəfər idi. Habil öldü. Demək, dünya əhalisinin dörddə biri öldü. Hələ tarixdə bunca dəhşət olmayıb. Bu vaxta qədərki müharibələrdə, təbii fəlakətlərdə ölənlərin sayı hələ ki, dörddə biri deyil dünyanın.
Tutalım, indi Allahın başı qarışıq, indi dünyanın tıxac vaxtdı. Qabil Habili öldürəndə Allah yeri sahmanlamış, göyü başına çəkib təzə uzanmışdı. Hələ əlinin palçığı qurumamış, kürəyinin təri soyumamış…
Sonra başqa Qabillər doğuldu, böyüdü, öldürdü…
Sonra başqa Habillər öldü…
Yaradılışdan ölürük.
Anadan dünyaya düşən kimi ölüm başlayır.
Yazının birinci cümləsindən bura qədərki məsafəcən ölümə yaxınlaşdıq.
Böyük mənada belə demək olar: Biz ölmək üçün yaşayırıq.
Və yaşadıqlarımız, itirdiklərimiz bizim deyil.
Təsəvvür edin, dünənki ağrı, bugünkü sevinc – və sabahkı ölüm. Yox, bu qədər ümidli olmayaq, indicə ölə bilərik. Başın qarışar bu yazıya, axmağın biri maşının sürər üstünə, ya zəlzələ olar: yanından keçdiyin bina tökülər təpənə – ölərsən.
O, bizim yanımızca gedir.
Bapbalaca ömür. Bir qaşıq.
Yaxşı, bütün bunlar nə üçün?
Tutalım, sən, mən, uşaqlarımız, iş, maşın, ev – nə mənası var?
Deyək ki, bizi Allah düzəltdi palçıqdan, sudan. Nədən? Ona inanmaq üçünmü? Yoxsa duayamı ehtiyacı vardı?
Lap sən deyən olsun, hə, fərz edək, bizi təbiət yaratdı – niyə? Nə üçün?
Heç fikirləşmisiz bu barədə?
***
Pəncərədən baxıram: hamı harasa tələsir, hamı əlində bağlama ya belində çanta. Maşınlar şütüyür.
Hara gedirsiz, adamlar?
Hara qaçırsız?
İnsan mağaradan çıxıb beton cəngəlliyə düşdü.
Geyindi, döyüşdü, öldürdü, şəhər saldı, bina ucaltdı – nə olsun? Nə dəyişdi? Nə dəyişib?
Qabil Habili niyə öldürmüşdüsə, Amerika Qüdsü ol səbəbdən istəyir. Saakaşvili eyni məqsədlə aclığa başlayıb. Ermənilər həmin kodla Qarabağdan əl çəkmir.
Yuxarıdakı yaddaş məsələsin söz xatirinə yazmadım.
Fikir verin, hər şey üst-üstə gəlir: İnsan Qabildi yenə, insan Habildi. Allah da həmin Allahdı.
Tutaq ki, Tramp dünyanın sahibi oldu, tutalım, Turan imperiyası yaradıldı, lap mən bir türk olaraq dünyanın fatehi oldum – niyəsə türklər fəth edir həmişə, o birlər işğal – nə dəyişəcək? Yox, lap dünya hamı müsəlman olsun, Qüds də paytaxt – nə olacaq?
Ümumiyyətlə, nə istəyirsiz? Niyə yaşayırsız? Niyə yaşlanırsız?
Niyə ölürsüz?
İnsanın dünyadan aparacağı tək döymədi, hə, hə. Fürsət düşən kimi bədəninizə döymə çəkdirin. Pambıq tez çürüyür. Həm də döyməni özümüz seçirik, bir hekayəsi olur, bizim olur.