Yeganə çıxış yolu, yaxud koronavirusa yoluxmamağın ən sadə üsulu

Elçin Mirzəbəyli

Fakt faktlığında qalır, mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xəstələyin yayılma sürətinin artmasına səbəb oldu. Bununla bağlı fərqli fikirlərin, yanaşmaların olması təbiidir.

Amma nəzərə almaq lazımdır ki, COVİD-19 virusunun bütün dünyanı təhlükə qarşısında qoya biləcəyinin proqnozlaşdırılması mümkün olmadığı kimi, ona qarşı mübarizə üsullarının, yaxud yoluxmanın qarşısının alınması üçün həyata keçirilən tədbirlərin istisnasız olaraq effektiv nəticə verəcəyinin də zəmanət altına alınması real deyil. Virus da, yaratdığı təhlükə də, ona qarşı həyata keçirilən tədbirlər də yenidir. Qərarlar virusun yayılma dinamikasına adekvat olaraq verilir. Proses təkcə vətəndaşların həyatlarına və sağlamlıqlarına yarana biləcək təhlükəni önləmək üçün həyata keçirilən tədbirlərlə yekunlaşmır. COVİD-19 həyatın bütün sahələrinə öz təsirini göstərib, bu səbəbdən də dövlətin qarşısında duran təxirəsalınmaz vəzifələrin sayı kifayət qədər çoxdur və iqtisadi tənəzzülün qarşısının alınmasından sosial problemlərin həllinədək bütün istiqamətləri əhatə edir.
Məhz bu baxımdan, hazırda bir çox ölkələr yenidən sərt karantin rejimin tətbiqinə başlayırlar.
Ölkəmizdəki durum isə göz qabağındadır. İyun ayının ortalarından başlayaraq COVİD-19 virusunun ölkə ərazisində sürətlə yayılmağa başladığını, gündəlik təsdiq edilmiş halların sayının 500-ü ötdüyünü hər kəs bilir.
Doğrudur, iyunun 21-dən etibarən tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində gündəlik yoluxma hallarının sayında müəyyən qədər sabitləşmə təmin edilib. Amma bu ölkəmizdəki epidemioloji vəziyyəti qənaətbəxş hesab etməyə əsas vermir. Çünki gündəlik yeni yoluxan xəstələrin sayı sağalanların sayından çoxdur və bu da öz növbəsində təcili tibbi yardımın operativliyinə mənfi təsir göstərir, səhiyyə müəssisələrinin işini bir qədər də ağırlaşdırır və təbii ki, prosesin nəzarətdə saxlanılması üçün sərf olunan maliyyə resurslarının, çəkilən zəhmətin miqyasını daha da artırır.
Hazırda tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində şəhər üzrə mobilliyin, hərəkət dinamikasının və ictimai nəqliyyatdən istifadənin nisbətən aşağı düşməsi müşahidə edilir. Proses belə davam edərsə və karantin rejiminin qaydalarına daha ciddi şəkildə əməl olunarsa, növbəti günlərdə vəziyyətin nisbətən yaxşılaşması və müsbət dinamikanın əldə olunması mümkündür.
Amma bu prosesi sürətləndirmək, qarşıya cıxa biləcək bütün çağırışları öncədən ən incə detallarına kimi proqnozlaşdırmaq mümkün deyil. Üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir və təəssüf ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da bu problemin qısa müddətli, asan həlli yolu yoxdur.
Bu baxımdan, mövcud vəziyyəti olduğu kimi qəbil etməli və həyatımızı buna uyğun bir şəkildə davam etdirməli, özümüzü, doğmalarımızı və bütövlükdə xalqımızı bu bəladan qorumaq üçün maksimum məsuliyyət, səbr, təmkin, dözüm nümayiş etdirməliyik.
Pandemiya dövrü isə bir neçə həftə ilə yekunlaşmayacaq. Bunu heç kim arzulamır. Karantin rejiminin sərtləşdirilməsi, bir sıra sahələrdə fəaliyyət məhdudiyyətinin tətbiqi ilk növbədə dövlətin marağında deyil. Çünki nəticədə dövlətin gəlirləri azalır, sosial öhdəlikləri isə, əksinə, artır. İndiki halda davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmaqdan başqa çıxış yolumuz yoxdur. Bütün fərziyyələri, ehtimalları bir kənara qoymaq, hadisələrin gedişatından tələsik nəticə çıxarmamaq, soyuqqanlı davranmaq, qaydalara maksimum əməl etmək, əməl etməyənlərə isə vəziyyətin nə dərəcədə təhlükəli olduğunu başa salmaq lazımdır.
Yoluxma hallarının təhlili göstərir ki, insanlar əsasən iş yerlərində, ailə daxilində, ictimai nəqliyyatda, kütləvi yerlərdə virusa yoluxurlar.
İş yerlərində ümumi istifadə yerləri (mətbəx, sanitar qovşaqlar, görüş otaqları) və qoruyucu vasitələrdən istifadə etməmək (məsələn, maska taxmamaq, məsafə gözləməmək) yoluxmaya əsas səbəb olan amillərdəndir. Bütün bunların aradan qaldırılması üçün, əslində nə ciddi maliyyə vəsaiti, nə də xüsusi məhdudiyyət tədbirləri tələb olunmur. Sadəcə hər zamankından daha diqqətli və məsuliyyətli olmaq lazımdır. İnsan sosial varlıqdır, o bəzən ünsiyyətə təbii təlabatlarından daha çox ehtiyac duyur. Amma müasir kommunikasiya texnologiyaları məsafədən ünsiyyət üçün bütün imkanları yaradır. Bunun üçün otaqları gəzməyə, birlikdə çay içməyə, yaxud nahar etməyə ehtiyac yoxdur. Vəziyyəti başa düşmək və doğru qiymətləndirmək lazımdır. Heç bir ünsiyyət, heç bir təmas bizim üçün doğmalarımızın, yaxınlarımızın həyatından önəmli deyil və olmamalıdır da…
Yoluxma hallarının artmasına səbəb olan başqa bir amil isə xəstəliyin ilkin simptomları olan şəxsin tibbi xidmətə müraciət etmək əvəzinə öz adi həyatını davam etdirməsi, bəzi hallarda özünü müalicə etməyə çalışmasıdır. Bəzi insanlar virusa yoluxduqlarını qəbul etməkdən və ətrafdakıları bu barədə məlumatlandırmaqdan çəkinirlər. Başa düşmək lazımdır ki, bütün simptomların olduğu halda virusa yoluxduğunuzu qəbul etməməyiniz, özünüz üçün müxtəlif bəhanələr uydurmağınız CİVİD-19-un sizin, doğmalarınızın və təmasda olduğunuz hər kəsin ölümcül təhlükə ilə qarşı-qarşıya qalacağı reallığını dəyişmir. Həm də unutmaq lazım deyil ki, COVİD-19 dəri-zöhrəvi xəstəlik deyil, ağır fəsadlara yol açan kəskin respirator infeksiyadır. Yəni yoluxduğunuz zaman utanmağa ehtiyac yoxdur. Əksinə, təmasda olduğunuz hər kəsi bu barədə müxtəlif kommunikasiya vasitələrindən istifadə etməklə məlumatlandırmalı, yeni yoluxma hallarının baş verməməsi üçün maksimum səy göstərməlisiniz.
Təhlükəsizlik qaydalarını kobud şəkildə pozmaq, virusa yoluxmuş qohumları, qonşuları ziyarət etmək, yas mərasimlərində iştirak qətiyyən yolverilməzdir. Əks halda sizin başqalarının dərdinə şərik olmaq niyyətiniz, nəticə etibarilə doğmalarınızı, yaxınlarınızı və heç vaxt tanımadığınız insanları daha böyük dərdə düçar edə bilər.
Əziz həmvətənlər, qəbul edək ki, indi qaydalara istisnasız olaraq əməl etməkdən başqa seçim yoxdur. Mövcud pozuntuların miqyasını azaltmaq və karantin rejimi dövründə daha təsirli nəticələr əldə etmək üçün iş yerlərində əməkdaşların sayının azaldılması, növbəli və məsafəli iş rejiminin tətbiqi zəruridir.
Vətəndaşlar xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadə etməməlidirlər.
Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir.
Hazırda mövcud olan epidemioloji vəziyyət mövcud karantin tədbirlərinin uzadılmasını tələb edir.
İctimai yerlərdə (ictimai nəqliyyat, supermarketlərin girişi və s.) müştərilərin hərarətinin ölçülməsi prosedurlarına və tibbi maskadan istifadəyə nəzarət daha da gücləndirilməlidir.
Artıq koronavirusun mövcud olub-olmadığı müzakirə mövzusu deyil, çünki hər birimizin qohumları, yaxınları, qonşuları arasında yoluxma halları kifayət qədərdir.
Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi, bizim isə arzuladığımız axarına qayıdacaq.
Biz nə qədər pozuntulara qarşı barışmaz olsaq, ətrafımızdakı insanların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər də tez və yaxşı nəticə əldə etməyə müvəffəq ola bilərik. Bütün bunlar isə şüar deyil, mövcud vəziyyətdən yeganə çıxış yoludur!

 

Share: