Abbasqulu Nəcəfzadə
Ölkəmizdə yaradılan rəqslər özündə Azərbaycanın qədim və zəngin tarixini yaşadır. Rəqs sənəti ilə bağlı Azərbaycanda ən qədim yazılı abidə “Kitabi-Dədə Qorqud” (VII əsr) dastanı sayılır.
Şifahi ədəbiyyatımızın şah əsəri, zirvəsi olan bu dastanda “Qanlı qoca oğlı Qanturalı boyını bəyan edər, xanım, hey-hey!!!” boyunda gəlinlərin rəqs etdiyi qədim bir havanın adı qeyd olunur: “Qanturalıyla qızı götürüb gərdəkə qoydılar. “Ozan gəldi, “Yelətmə” çaldı”.
Məşhur qorqudşünas alim, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Saməd Əlizadə (1938–2002) həmin boyu sadələşdirilmiş variantında, yəni “Yelətmə” sözünün izahını gəlin havası kimi təqdim edir. Deməli, “Yelətmə” o dövrdə gəlin havası olub, indiki “Vağzalı” əvəzində ifa edilib. Yəni gəlin bu havanın sədaları altında ata ocağından yeni quracağı ailəyə, məkana köçərmiş. Onu da bildirək ki, Azərbaycan musiqi mədəniyyətində “Yelətmə” adlı yallı növü də olmuşdur. Bu rəqs kollektiv şəkildə, yallıvarı icra edilirmiş. İnsanlar əl-ələ verib yellənmişlər, rəqsin adının kökündə də məhz bu səbəbdən “yel” sözü durur.
“Vağzalı” rəqsi Azərbaycanda əsasən, gəlin gətirmə mərasimində ifa edilir. XVl əsrdə Azərbaycanda məskunlaşmış Qaraqoyunlu qəbiləsinə məxsus olan “Qarabağın ağırı” və yaxud “Asta Qarabağı” rəqslərinin musiqi motivləri də “Vağzalı” rəqsində özünü göstərir. Bu baxımdan bəzi mütəxəssislər “Vağzalı”nın həmin rəqslərdən törəndiyini düşünürlər. Biz bu fikirlərlə heç də razılaşmırıq, çünki gəlin gətirmə mərasimlərinin yaranması oğuzların ibtidai dövrünə gedib çıxır. “Kitabi-Dədə Qorqud” dastanında belə bir musiqinin ifa edildiyinin şahidi oluruq. O başqa məsələdir ki, tarixin müxtəlif mərhələlərində bu rəqs fərqli adlar daşımışdır: “Yelətmə”, “Asta Qarabağı”, “Qarabağın ağırı”, “Vağzalı”.
Bəs hansı səbəbdən kökü “Yelətmə” olan adını çəkdiyimiz rəqslər sonradan “Vağzalı” adını almışdır? “Vağzal” sözü dilimizə XIX əsrin sonlarında, daha dəqiqi, 1880-ci ildə Azərbaycanda ilk dəmir yolu (Bakı-Suraxanı-Sabunçu) xətti istifadəyə verildikdən sonra daxil olmuşdur. Əsli ingilis sözü olan vauxhall sözü Rusiyada vokzal, Azərbaycanda isə vağzal şəklində tələffüz edilmişdir.
İngiltərənin paytaxtı Londonda Voks adlı zəngin bir qadın evinin ətrafında sakinlərin dincəlməsi üçün böyük bir park saldırır. Burada o, həmçinin yağışlı-qarlı günlərdə daldalanmaq üçün geniş bir zal da inşa etdirir. Əhali buranı Vokshol (ingiliscə Vauxhall) adlandırır. Şəhərin hər yerindən insanlar bu parkda dincəlməyə gəlirlər. Həmin illərdə şəhər rəhbərliyi Londonda ilk dəmir yolu xəttini çəkmək üçün əlverişli sahə kimi bu ərazini seçirlər və ilk dayanacağa da “Vokshol” demişlər. Beləliklə, XIX əsrin sonlarında bu söz dilimizdə də eyni mənada işlədildi və bu gün də belə adlanır.
“Vağzalı” rəqsinin adına Əlihüseyn Dağlının 1924-cü ildə qələmə aldığı “Ozan Qaravəli” adlı əsərində rast gəlirik. 1936-cı ildə isə Səid Rüstəmov (1907-1983) “Vağzalı” rəqsini notlaşdırmışdır. Bu rəqs segah məqamında, moderato tempində və 6/8 ölçüsündə bəstələnmişdir. “Vağzalı”nın melodiyası dinləyicidə sevinc və həsrət hisslərinin vəhdətini təşkil edir. Övladını yola salan ailə ayrılıq, hicran hissləri keçirdiyi halda, oğlan evinin nümayəndələri isə tamam fərqli ovqatda (sevinc, şad, xürrəm, vüsal və s.) olur.
Tanınmış müğənni, Əməkdar artist Təranə Vəlizadə “Vağzalı” rəqsi ilə bağlı söyləyir: “Мən belə düşünürəm ki, keçmişdə zurna, müasir dövrdə isə klarnetçalanların sənətkarlıq səviyyəsini müəyyənləşdirmək, onlara qiymət vermək və çalğısını yoxlamaq üçün ifalarında təkcə “Vağzalı”nı dinləmək kifayətdir. “Vağzalı” elə bir musiqidir ki, orada ifaçı bütün hiss və ovqatlarını – sevinc, kədər, canyanğısı, intizar, həyəcan, hicran, ayrılıq və s. büruzə verə bilir. Hər musiqiçinin öz ürəyi nə qədər yük çəkə bilirsə, eləcə də çalır. Mən ifaçılardan çox gözəl “Vağzalı”lar eşitmişəm. Onların hər biri bu rəqsi özünəməxsus, öz dəsti-xətti ilə ifa edib. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, qalanların isə hamısına kömək olsun”.
“Vağzalı” oyun havası 1937-ci ildə Şəki musiqiçilərinin – qoşanağara çalan Əhmədağa Məhərrəmovun dəstəsinin ifasında fonovaliklə lentə alınmışdır.
Erməni bəstəkarı Aram Xaçaturyan (1903–1978) “Qayane” baletində “Qılınclarla rəqs”ində “Vağzalı”nın melodiyasından fraqment şəklində istifadə etmişdir. Doğrudur, Ü.Hacıbəyli uzaqgörənlik edərək öz tələbələrinə tövsiyə edirdi ki, bəzi qədim rəqslərdən əsərlərində istifadə etsinlər ki, onlar unudulmasın, həm də başqa xalqlar gələcəkdə bu rəqslərə yiyə dura bilməsinlər. Yəni həmin not nümunələri əsasında illər ötdükdən sonra deyə bilək ki, hələ XX əsrin ilk illərində bəstəkarlarımız müvafiq rəqsləri notlaşdırıb və əsərlərində istifadə etmişlər. Bu tövsiyədən erməni bəstəkarları məharətlə faydalanmış və bir çox rəqslərimizi oğurlamışlar. A.Xaçaturyan da “Qayane” baletində “Vağzalı” ilə yanaşı, Azərbaycan xalq rəqsləri “Şalaxo” və “Uzundərə”dən də istifadə etmişdir.