Azadə Novruzova
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
şair-publisist
Azadlıq və səadət,
yetmək istədiyin xoşbəxtliyin sənin.
Cəsarətlə, əzmlə
milyonların yükünü çiyninə alıb,
Uzun bir yol gəldin.
Ey, azadlıq aşiqi!
Mən qorxmuram heç nədən
Ölsəm bu yolda səadətimdir dedin.
Çeynəndin ağızlarda,
Ağız büzüldü arzularına
Usanmam dedin.
Təbriz gecələri oyaqdır
İki yüz ildir.
Yuxu bizə haramdır, dedin.
Züleyxanın eşqindən betərdir sənin aşiqliyin.
Dişinlə, dırnağınla oydun sərhəd dirəklərinin dibini.
Azadlığın toxumunu əkdin orda.
Geri dönməm dedin.
Bu yol Təbrizdən başlayan sevda yolumdur.
Dönə-dönə başına dolannam…
*** *** ***
Yenə aparmışdılar,
Allah yar olsun!
Fehruz xalanı, Vəli dayını,
Lətifə xalanı, Müşfiqi gördüm.
Sağ idilər…
Qaçqınlıqda
hərəsi bir dərddən öldülər.
Pay qabqarırdılar…
Təndirxananın qabağında.
Bakıya, Fizuliyə, Naxçıvana, Şəkiyə.
Hərə bir tərəfə səpələnib,
qohum-əqraba.
Tələsdirdilər məni, qayıt dedilər.
Payın gələcək.
… Güllübulaqdan su arzulamısan.
Xeyirə yoz, yuxu yozan,
Qəribəm…
*** *** ***
Nəhayətdə ağ qoçu, qara qoçun yenən…
Quyuda kəndiri kəsilən Yusifin gerçək nağılı,
Sonun bilmədiyin eniş-yoxuşdur bu həyat.
Ağ-qaradan ilmə-ilmə toxunub
Yeri-göydən, göyü-yerdən asılı dünyanın
gecə-gündüz davasıdır bu həyat.
Sınaqdır, imtahandır, görkdür bu həyat.
Sirr dolu
ehram,
Vardan – yoxdan ün-səda.
Küllün təki
Haqqdan paydır bu həyat.
*** *** ***
ZƏFƏRİN MÜBARƏK, VƏTƏN!
Bitdi Qarabağ acımız,
Bitdi ŞUŞA həsrətimiz.
Həsrəti ilə yandığımız
Təbriz, Zəngəzur, Göyçəmiz,
BÜTÖV AZƏRBAYCANIMIZ!
Nə qaldı ki, beşcə-üşcə gün arada.
Sayıb bitirək bunu tez.
Gələk – çataq Çınqıllıya.
Öpək gözündən VƏTƏNİN.
Sığal çəkək tellərinə.
Yol gözləyən yolun-izin
Dolanıb qurbanın kəsək.
Əl çəkib evin-eşiyin
Toz basmış bucağın silək.
Gül əkək, çiçək bitirək
Dörd bir yanın Cənnət edək.
Perik düşən ruhları biz
Yad eləyib, şad eləyək.
Bütövləşsin Vətənimiz!
Bircə Bayraq, bir Komandan,
Əbədi olsun, QƏLƏBƏN!
ZƏFƏRİN, MÜBARƏK VƏTƏN!
*** *** ***
Dünyaya gəlmək səadətdir.
Gileylənmə tək qalanda…
Sevilməyəndə…
Ac yatanda…
Ruhunu sındırma.
Ağlama…
Dimdik dayan,
Haqsız haqq yeyəndə,
Su lal axanda…
Gün qaralanda…
Səni bilən var…
Dünya həm köhnədir
Həm də təzə…
Dünya doğulur, sən doğulanda
Dünya ölür, sən öləndə…
Dünya qat-qat səndir, məndir.
Sən həm köhnəsən,
Həm də təzə… bu dünyada.
Təbəssümünü əsirgəmə…
Gül üzünə…
Sevəcək aynadan gülən-güləni!
*** *** ***
Çiçəklər soldu yenə, yekə adam.
Payız qapımızda…
Təbrizə vaxtsız qar yağır…
Ürəyim üşüyür, yekə adam.
*** *** ***
Susduq eləcə qaradinməz adamlar kimi.
Ürəyimizdə söhbətləşdik yenə…
Yerə baxdıq, göyə baxdıq bu görüşdə də.
İstədik geri gedək…
Qarışqalar yığışdılar yolumuzun üstünə.
Asıldılar ətəyimizdən.
Dünyanı qınadıq…
Bizə dar gəlmişdi.
*** *** ***
Gözümü yumub,
İçimə boylanıram.
Bir qırmızı çiçək oluram.
Yavaş-yavaş soluram.
Gedirəm, elə hey gedirəm axırıma.
Bir dağın başında quş oluram.
Uçuram, elə hey uçuram.
Göylərin sonu yox.
Göylərdə heç kim yox.
Ümmanda bir zərrə işıq oluram.
Yanıram, yanıram…
Elə hey yanıram.
Uca bir dağ oluram.
Dözürəm, dözürəm
nə olsa dözürəm.
Gün çıxır, gün batır.
Dağ kimi əriyirəm…
Allah oluram.
Gözümü açıram,
Hər şey yalan olur…
Yenə adam oluram.
*** *** ***
Saçların yuxumu qarışdırıb,
Dolaşığa salmısan dünyanı.
Allah susub…
Sorğular-suallar yersizdir deyilmi?
Azad qadın…
Qırıq-qırıq səsini eşidirəm
O dünya dağılıb deyirsən.
Yaxşılıq-yamanlıq bir qazanda qaynayır,
Susmaq qızıl deyil deyirsən.
Azadlıq, Azadlıq istəyirsən.
Yüz il qul olmaqdansa,
Bir an hürr olsam deyirsən.
Nəfəsim kəsilmir, qəlbim döyünür hələ
Ölməmişəm, yaşayıram, yaşayıram hələ.
Yerin altıda, üstüdə
Vətəndir mənə,
Cənnətdə-cəhənnəmdə Vətəndir deyirsən!
Dastanın bitdi, sənin…
Azadlığın yox.
Hürr qal,
Yerdə, göydə sənin…
Azad qadın.
*** *** ***
(Şəhid Səbuhi Əhmədovun əziz ruhuna ehtiramla)
O donuq baxışın var ha…
Ürəyimi deşir.
Yerə baxma, göyə baxma, bəri bax!
Yer-göy birləşib bu gün…
Qara haşiyəli şəkil olmusan…
Şəhid olmusan.
Sənin anan Azərbaycan!
Sənin yarın Vətən!
*** *** ***
Qatar-qatar ayrılıqlar daşıyır, fırlana-fırlana…
Heç nə olmamış kimi öz işindədir dünya.
“Ölü evdən qeydlər” oxuyur biri qatarda.
Biri imdad, biri mərhəmət umur…
Biri isə çörək pulu dilənir.
Söz gəzir, söz oğrayır biri o biri qatarda…
Deyinir, tələsir, mürgüləyir biriləri
o biri, o biri, o biri qatarda…
Çoxları toqquşur, çoxları ayrılır…
Sevgilər doğulur, sevgilər ölür qatarda…
*** *** ***
Çıxıb gedəcək ürəyim bir gün…
Yollaşmırıq.
Qırıq qapılardan, qırıq pəncərələrdən uçub gedəcək ruhum bir gün…
Küsüşmüşük.
Bir gün divara qısılıb gizlin-gizlin ağlamaqdan yorulub, O da gedəcək…
Bir gün öləcək gözlərim tənhalıqdan…
Qovuşacaq bir gün…
Gedənlər…
*** *** ***
Qəfəs içində qəfəsdəyəm.
Canım ruh qəfəsində
Ruhum can.
Azadlığım bircə adımda qalıb!
*** *** ***
Sən yaşıldan sarıya dönən yarpaq kimisən…
Asılmısan ürəyimdən.
Qopub düşsən
Boş qalacaq….
Ürəyim qopbacada…
Tökülüb xəzəl olan yarpaqlar bizi ağlayır…
Əlimdən heç nə gəlmir…
Halın çönüb.
Urufun solub.
Yarpaq kimi.
*** *** ***
Niyə belə sınıxmısan?
Niyə qəddin əyilib?
Çöhrənin al gülü solub …
Qırışların çoxalıb.
Deyirsən ki, yol gəlirəm o gün – bu gün…
Deyirsən ki, bilməmişəm…
Ömür bitər, yol bitməzmiş…
Deyirsən ki, tanımazdım, dəyişmisən.
Bircə gözlərin qalıb.
Deyirsən ki,
Kor gəzmişəm bu dünyanı…
Gözüm gözündə qalıb.
*** *** ***
Sənin izin itirdiyim Vətəndir!
Samanlığa düşüb yoxa cıxan sapsız iynə olub,
tapa bilmirəm.
Neyləyəsən…
Əlac qalıb
Ya od vurub samanlığı yandırasan…
Ya odlanıb yanasan…
*** *** ***
Qəbirlər boş qalıb,
Üzü Allaha…
Qapılar, bacalar
Niyə qapanıb?
Niyə üzü gülmür
Elin-obanın?
Deyirlər qaçırıq,
Qovurlar bizi
Deyirlər Vətənin adın dəyişib,
Hayastan qoyublar dünən gecədən.
Deyirlər dədə-babamız
Burda gəlmədilər,
burda yaddılar.
Deyirlər binəsin erməni qoyub,
Deyirlər erməni standır bura.
Bir gecə yuxusu nə yaman dərin?
Bir gecə fərmanı nə yaman qəti?
Yatıb durursan ki,
Öz yatağında
Evinin içində
İsti yuvanda
Çöndərib qibləni
Öz ocağında
Səni əsir, səni mağmın ediblər.
Gorları qazıyıb, çölə töküblər
Qəbirlər boş qalıb,
üzü Allaha…
Ruhlar keşik çəkir,
boş məzarlara.
Torpağın bağrına dağ basıb yağı
Dədəmin-babamın dəftər-kitabdan
Siliblər izini
Pozublar adın.
Gəlmə-yad ediblər əzəlimizi.
Tarixi daşlardan belə siliblər
Gəziblər o ki, var
qarışbaqarış
Nə ki var türk izi axtarıb-tapıb
Çevirib tərsinə hay eləyiblər.
Pozublar, yazıblar
İki yüz ildir.
Hələ axırına çıxa bilmirlər.
Getdikcə dərinə
başları itir.
Tutub qulaqların odeee qaçırlar.
Səslənir hər yerdən
Haqqın sədası
Türkdür, türkdür, türkdür!
Bu yurdların əzəl ağası.
*** *** ***
Dünya gözlərindən gülür üzümə.
Yenə sevilirəm, yenə sevirəm.
Lal-dinməz olmusan
Bir-iki gündür.
Bu halın, bu ədan
Görən nədəndir?
Səsində məlhəmim
Sözündə, ey yar,
Gəl, etmə pərişan könlümü, din yar!
Bu işvən, bu nazın
Bilməm nədəndir?
Naz çəkim, ölüncə?
Din çəkim, ey yar!
Saralıb-solunca, solunca, ey yar!
Bircə yol usanıb
Uf da demərəm.
Ölərəm yolunda, ölərəm, ey yar!
Yol çəkək Təbrizdən,
gecə gizlicə
Qovuşsun yuxuda, iki yol çəkən.
Çəksələr divana, çəksələr dara
Gülərəm gözündən
Of da demərəm.
Ölərəm yolunda, ölərəm, ey yar!
*** *** ***
Nağıl dünyası….
O dünyadan yazıram
Darıxmaq yoxdur burda,
Əlin hər şeyə çatır.
Buludlar əlçim-əlçim
Ovcunda yağış olur.
Dağ-dərə qucaqlaşıb,
Şirin-şirin yatırlar.
Nağıl danışan yoxdur.
Hər şey nağıl kimidir.
Burda da aralıyıq,
Kor gələn, elə kordur…
Lal-kar, əlsiz-ayaqsız hamımız bir adamıq.
Əynimiz-başımız hamımızda eynidir.
Ləl-cəvahir üzdədir,
Suyun üzündə axır.
Dindirib-danışdıran olmasa danışmırıq.
Yemək-içmək havayı…
Əyri əllər kəsilib,
Burda isti çay olmur,
Ürəklər od içində isti olur həmişə…
Kitab oxuyan çoxdur,
Dəftər-qələm başaltda,
Kirayə evlər yoxdur,
Qonşular maraqlanmır,
Qonaq gəlib-gedəndə,
Gələn-gedən olanda.
İşıq pulu, su pulu
Heç adın çəkən yoxdur.
Qanı qara görməzsən
Hamının kefi kökdür,
Yeyən-içən adamlar
Burda qəhətə çıxıb.
Bir loxma dağ aşırır.
Zikr, dua saxlayır
Yerin-göyün arasın.
Qar yağanda sevinən
uşaqlar yoxdur burda
Hamı eyni yaşdadır,
Hamı eyni başdadır.
Baharın sərin mehi
Hələ burda əsməyib,
Payızı görən yoxdur.
Qışda hələ gəlməyib.
Bir fəsildə doğulur,
Bir fəsildə ölürlər…
Nağıldan nağıl olmur
Yuxular nağıl kimi
Nağıllanır, əzizim!
*** *** ***
Yenə yadıma düşdün.
Könlündən keçənləri,
Könlümdən keçirmişəm.
Göyü yerə çəkmişəm,
Yeri göydən asmışam.
Ürəyimdən keçdi ki,
Dönüb geri qayıdım.
Axtarıb, tapım səni.
İnansan gerçək olar,
İnanma xəyal olsun.
Demə səni sevmişəm.
Yum gözünü, əzizim
Gəlim öpüm gözündən.
Yuxular şirin olur,
Bitəndə ayrılıqlar!
*** *** ***
Qəfil-qəfil yoxa çıxır adamlar,
Yerə girir, göyə çıxır adamlar.
*** *** ***
Gəlməsən qınamaram
Heç küsmərəmdə.
O qədər ayrılıqlar var…
Bizimkinə şükür deyərəm…
…ayrılıqlar xarabasının
orta göbəyində doğulmuşuq …
elə bilərəm…
Sarı çıçək topladıq,
Çaydan çaya keçdik,
Yolumuz bitmədi.
Tikanlı çöldə itdik elə bilərəm.
Yuvamızdan perik düşdük…
Beş daş, yeddi şüşə, gizlənqaçım…
Dükan-dükan…
Evimizə gəlin gəlir…
Toy-toy oynadıq elə bilərəm…
Gəlməsən ağlamaram
Heç darıxmaramda…
Qaçhaqaçda uçquna düşdük…
Yarıcan olduq
Elə bilərəm…
Gəlməsən…
gözləmərəm…
Heç yollara boylanmaram,
Gedər-gəlməzdəsən
Elə bilərəm…
Gəlməsən…
Dözərəm…
Ölmərəm ki,
Səbr edərəm, səbr
dizimi yerə atıb,
son nəfəsiməcən
zikr edərəm,
Gəl, deyərəm
gəl…
*** *** ***
Yenə yuxusuzdur bu gecə…
Səhərin ağuşunda gözüyaşlıdır bu gecə..
Yol çəkir…
pəncərədən,
küçədən,
yığılmır gözü…
Qarabasmalar,
qırmızı yuxular içində
sayıqlayır bu gecə.
Sətəlcəm,
Vərəm,
Korona…
Səksəkədədir…
Pozulmuş ürək ritmi,
təzyiq,
saturasiya
yaşamaq, dirənmək,
həvəs, eşq…
Boğulur… tez-tez
Nəfəs, nəfəs, nəfəs gəzir bu gecə…
Yanağında solmuş gül
Dodağında gülüş…
Virusa təslim olmuş canın
Son ismarıcı…
məni sev!
*** *** ***
Niyə danışmırsan
Niyə dinmirsən?
Din, danış, de görüm
Bu gen dünyanın
Niyə geyinmisən başa qaraşın?
Ha sana irəli, geri ayları
Yetib çatacağın mənzil başına
Ayların, günlərin
Gecə-gündüzü sananıb bircə yol
Yazıya pozu yox, başına dönüm.