Yeni hərbi zərbə üçün zəmin yarandı – Paşayeva yazdı

Havadarlarının hərbi-siyasi dəstəyi ilə torpaqlarımızı işğal etmiş və bu işğalı davam etdirmək niyyətində olan Ermənistanın daxili ictimai-siyasi vəziyyəti, ümumən işğalçı ilə bağlı hər şey bizim üçün maraq kəsb edir. Özəlliklə, qlobal pandemiya dönəmində düşmən necə davranır, necə bir girdabın içindədir və nə planlaşdırır?

Ermənistan hökumətinin COVİD-19 pandemiyasına qarşı mübarizədə vətəndaşlarının səhiyyə və sosial problemlərini həll edə bilməməsi aydındır: bu da bir yandan ictimai rəydə Baş nazir Nikol Paşinyana qarşı narazılıq yaradır; digər yandan, müxalifət cəbhəsindən ciddi ittihamları genişləndirir. Maraqlıdır ki, ittihamlar siyasi müstəvidə və pandemiyaya qarşı mübarizədə hökumətin gördüyü tədbirlərin yetərsiz olması ilə yanaşı, daha çox Paşinyanın şəxsinə yönəlikdir. O Paşinyanın ki, populist vədlərlə hakimiyyətə gəlmişdi; o Paşinyan ki, demokrat libaslı olsa da, işğalçı zehniyyətli olduğu hər halından bəllidir.

Beləliklə, nələri müşahidə edirik?

İşğalçıların sabiq prezidenti Serj Sərkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan Baş nazir Paşinyanın siqaret, brilyant qaçaqmalçılığı və silah alveri ilə məşğul olduğunu bildirib. Minasyanın hökumətə qarşı münasibətinin kəskinləşməsində əsas amil Serj Sərkisyanın kürəkəni olmasına görə hökumətin ona qarşı “qanunsuz gəlir əldəetmə” ittihamı ilə cinayət işi başlaması, məhkəmə tərəfindən haqqında həbs qətimkan qərarının alınması, habelə, “Müqəddəs Qriqori” Tibb Mərkəzinin baş həkimi Ara Minasyanın işdən çıxarılması olmuşdur. Xatırladaq ki, Sərkisyanın lideri olduğu Ermənistan Respublikaçılar Partiyası (ERP) Paşinyana təzyiqlərini son vaxtlar xeyli artırıb və kürəkən Minasyan ERP-nin Avropadakı ruporu kimi çıxış edir.

Ermənistanda siqaret qaçaqmalçılığı hökumətə yaxın olan bir qrupun, konkret olaraq, Paşinyanın qardaşı oğlu, qayını və Dövlət Gəlirləri Komitəsinin sədr müavini tərəfindən idarə edilir. Paşinyan şəxsi düşmənçilik zəminində sabiq prezident və onun ətrafına siyasi-inzibati təzyiqləri gücləndirir. Təbii, qarşı tərəf də buna müxtəlif iddialarla cavab verir. Minasyan Paşinyan iqtidarının sonunun yaxınlaşdığını, onun populist çıxışlarla artıq ölkəni idarə edə bilmədiyini və bu səbəblə də beynəlxalq mafiya şəbəkəsi ilə işbirliyi içində olaraq, ən qısa zaman kəsiyində, qaçaqmalçılıq yolu ilə şəxsi sərvətini artırmağa çalışdığını qeyd edib. Ötən ayın ortalarında Rusiya Federasiyasının Voronej şəhərində Ermənistandan qaçqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaret müsadirə edilib. Rusiya mətbuatı məsələ ilə bağlı konkret şəxslərin adını çəkməsə də, Minasyan müsadirə edilən siqaretlərin Paşinyanın qardaşı oğlu Sipan Paşinyana aid olduğunu bildirir.

Qeyd edək ki, Sipan Paşinyan Mənim Addımım Blokundan millət vəkil seçilib.

Minasyan qeyd edir ki, siqaretlərin son ixrac nöqtəsi Əfqanıstan kimi göstərilsə də, rəsmilər malın Voronej şəhərində necə ələ keçdiyini və müsadirə edildiyini izah edə bilmir. Siqaret qaçaqmalçılığı ilə bağlı Sipan Paşinyana Nikol Paşinyanın həyat yoldaşı Annanın rəfiqəsi – Dövlət Gəlirləri Komitəsinin sədr müavini Şuşan Nersisyan və Paşinyanın qayını – Mənim Addımım blokundan deputat seçilmiş Hraçya Akopyan köməklik edib. Necə deyərlər, qaçaqmalçılıq – bəlli, adlar – bəlli, yollar və yolsuzluqlar – bəlli…

Bəli, Minasyan qeyd edir ki, Voronejdə müsadirə edilən siqaretlərlə bağlı cinayət işi açılmaması üçün Paşinyan öz müşaviri – general Arşak Karapetyanı təcili olaraq Rusiyaya göndərib və müəyyən müzakirələr aparılıb. Minasyan Karapetyanın tərcümeyi-halı haqqında da maraqlı məlumat verir və onu “vurulmuş kadr” kimi təqdim edir. Pandemiya ilə bağlı hər iki ölkədə karantin rejimi olduğu üçün general Karapetyanın sadə vətəndaş kimliyi ilə xaricə çıxmasının mümkün olmadığı və məhz rəsmi kimliklə ölkəni tərk etdiyini deyən Minasyan Karapetyanın Rusiyaya səfəri haqqında hökumətin rəsmi internet səhifəsində heç bir məlumat verilmədiyini bildirib. O, Paşinyanın erməni ictimai rəyində əsl kimliyini formalaşdırmaq üçün Karapetyanın kim olduğu haqqında əlavə bilgilər verir.

General Karapetyan 2016-cı ilin Dördgünlük döyüş zamanı Ermənistan ordusunun Kəşfiyyat İdarəsinin başçısı olub və bu hadisədən sonra – hadisə barəsində öncədən gərəkli kəşfiyyat informasiyası təmin edə bilməməkdə (və vəzifəyə yararsızlıqda) ittiham edilərək, vəzifədən uzaqlaşdırılıb.

Yeri gəlmişkən, Karapetyan hazırda Baş nazirin müşaviridir və bu fakt Minasyanın arqumentlərini gücləndirir.

Və bütün bu olaylar Azərbaycanın ardıcıl beynəlxalq həmlələri ilə müşayiət olunur…

Minasyan cari ilin 31 may tarixində yayımladığı video-müraciətdə Paşinyanın tütün və brilyant qaçaqmalçılığından başqa beynəlxalq silah qaçaqmalçılığı ilə bağlı da məlumat verib. Bu cinayət beynəlxalq təhlükəsizlik problemidir – artıq ölkə sərhədlərini aşır və heç şübhəsiz, beynəlxalq ictimaiyyəti də düşündürməli olan yetərincə ciddi iddiadır. Bu iddianın bir ayağı da “demokrat libaslı” Baş nazirin əliqanlı sələflərinin yolu ilə gedərək, Azərbaycan torpaqlarını işğal altında tutmaqda davam etməsi ilə təsbit olunur: işğal altındakı ərazilər qanunsuz dövriyyələr, o cümlədən narko-ticarət üçün əlverişli yer sayılır və bu barədə Azərbaycan rəsmi orqanları dəfələrlə beynəlxalq ictimaiyyəti bilgiləndirib. Kim deyə bilər ki, Minasyanın iddiaları doğrulunca, qanunsuz silah, brilyant, siqaret və s. dövriyyəsinin ən önəmli marşrutlarının işğal altındakı ərazilərdən keçdiyi təsdiq olunmayacaq?

Ona görə də Ermənistan işğalına son verilməsi ilk növbədə Azərbaycanın maraqlarına uyğunsa da, bu, beynəlxalq təhlükəsizlik və bölgə istiqrarı üçün də önəm kəsb edir.

Yenə Minasyanın dediklərinə qayıdaq.

Onun qeydlərinə görə, silah alverində mexanizm belə qurulub: Paşinyan Müdafiə Nazirliyi vasitəsilə David Qalstyana Ermənistan Respublikası adına silah alma səlahiyyəti verib. Ermənistanın Rusiyadan daxili bazar qiymətinə silah alma imkanına sahib olmasından yararlanan Paşinyanın adamı Qalstyan Ermənistan üçün alınacaq silahlarla bağlı müvafiq müqavilə sənədlərini imzalayır, daha sonra offşor zonadan ödənən pulla Qalstyanın aldığı silahlardan 60 faizi Ermənistana gətirilir, geri qalan 40 faiz silah isə Ermənistana gətirilmədən, üçüncü ölkəyə, oradan da dördüncü ölkəyə satılır. Bu silahlar istifadə edilincə, əlbəttə, harada və hansı dövlət tərəfindən istehsal edildiyi, hansı dövlətə satıldığı haqda məlumatlar müvafiq bazadan öyrənilir.

Rusiya Paşinyan-Qalstyan cütlüyünün bu əməliyyatından xəbər tutan kimi Qalstyanı ölkəsində “arzu olunmayan şəxs” elan edir və on il Rusiyaya girməsinə qadağa qoyur. Özü də “demokrat libaslı” Paşinyanın silah qaçaqmalçılığında adi silahların deyil, zenit-raket komplekslərinin də olduğu haqqında ciddi iddialar var.

Minasyanın iddiaları və ittihamları ilə bağlı hökumət hələlik rəsmi açıqlama verməsə də, bu, erməni ictimai rəyində Paşinyanın mövqelərini ciddi zərbələr vurmaqdadır. Özəlliklə, pandemiya dövründə hökumətin aldığı tədbirlərin yetərsiz olduğu, yoluxmaların sayının ədədi silsilə üzrə artdığı, buna paralel olaraq, insanların hökumətə etibarının azaldığı bir dövrdə bu, Paşinyan üçün ciddi problemlərdən biri kimi qəbul edilə bilər.

Bəs bu və bir çox başqa səbəblər işğalçı ölkədə hökumət böhranını dərinləşdirə və hakimiyyət uğrunda mübarizəni gərgin fazaya keçirə bilərmi?

Pandemiyaya qarşı mübarizədə istədiyi sonucu ala bilməyən işğalçı ölkə hökuməti 8 iyun 2020-ci il tarixində böhranın ilk əlamətlərini yaşayıb. Belə ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan, Ermənistan ordusunun Baş Qərargah rəisi general-leytenant Artak Davtyan və polis rəisi Arman Sərkisyan eyni gündə istefa məktublarını Prezident Armen Sərkisyana təqdim edib. (Adıkeçən şəxslərin istefa ərizəsi qəbul edilib və elə həmin gün general-leytenant Onik Qasparyan Baş Qərargah rəisi, polkovnik Argişti Kərəmyan Milli Təhlükəsizlik Xidmətinin direktoru, polkovnik Vaqe Kazaryan Polis rəisi vəzifələrinə təyin edilib).

İstefalara hökumətin münasibəti nəyi ifadə edir?

Eyni gündə üç güc strukturu rəhbərinin istefa etməsi, əlbəttə, təsadüf sayıla bilməz və bu, Paşinyana ciddi xəbərdarlıqdır. Xatırladaq ki, Eduard Martirosyan cəmi üç ay öncə Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin olunmuşdu – bu qısamüddətli direktorluqdan istefanın özü durumun ciddiliyindən, Paşinyan hökumətinin qeyri-ciddiliyindən xəbər verir.

İstefa verən yüksək rütbəli məmurların müxalifət cinahında yer alma ehtimalı da istisna deyil.

Bu arada Ermənistanda oliqarx siyasətçi – Çiçəklənən Ermənistan Partiyasının başçısı Qagik Çarukyan da xeyli fəallaşıb.

Çiçəklənən Ermənistan Partiyası parlamentdə ikinci böyük fraksiyanı təşkil edir. O, Baş nazirin istefasını tələb edən siyasi cinaha yaxınlaşıb və hökumətin tam tərkibdə istefa etməsi gərəkdiyini bildirməklə Paşinyana meydan oxuyur.

Paşinyan isə artıq Çarukyana qarşı total və qeyri-sivil hücuma start verib. Ötən gün Paşinyanın birbaşa göstərişi ilə Milli Təhlükəsizlik Xidməti Çiçəklənən Ermənistan Partiyasının bütün ofislərində səbəb göstərilmədən yoxlamalara başlayıb, Çarukyan isə saxlanılaraq MTX-yə gətirilib. Ona ittiham irəli sürülmədən saxlanılması və sorğuya çəkilməsini ölkədə siyasi repressiya sayan insanlar, o cümlədən Çiçəklənən Ermənistan Partiyasının deputatları isə aksiyaya çıxıblar. Aksiya zamanı polis müdaxiləsi ilə aralarında deputatlar da olmaqla, çoxsaylı insan xəsarət alıb.

Bu gün isə məlumat yayılır ki, Q.Çarukyana qarşı MTX-nin keçirdiyi əməliyyatın səbəbi onun qanunsuz fəaliyyəti nəticəsində dövlətə 62 milyon dollar civarında “ziyan” dəyməsidir.

Görünür, Paşinyan həm siyasi rəqibini sıradan çıxarmaq, həm də boşalan büdcəyə qeyri-sivil üsullarla vəsait cəlb etməyi hədəfləyib.

Bu məqamda Minasyanın ona ölkəyə qayıtması və fəaliyyətini davam etdirməsi üçün ölkə büdcəsinə, həmçinin xarici banklarda Anna Akopyanın adına olan hesablara pul keçirməsi barədə təklif aldığı haqda sözlərini xatırlamamaq olmur.

Ancaq bu vəsaitlərlə ölkə büdcəsini doldurmaq və yaxud yarıtmaz iqtisadi siyasəti ört-basdır etmək mümkün deyil.

Budur “demokrat” Paşinyanın siyasi “islahatları”!

Bir məsələ də Ermənistandakı hadisələrə kənardan müdaxilədir.

“Başqa ölkənin forpostu” imicindən qurtula bilməyən, xarici yardımlardan, diaspor qurumlarından, erməni kilsəsindən, başqa ünvanlardan asılı olan Ermənistan hakimiyyəti xarici müdaxilə mövzusunu kiçik görə bilməz. Ermənistanın ictimai-siyasi həyatında Paşinyan iqtidarının qarşılaşdığı problemlər müzakirə edilərkən, bir çox hallarda, Rusiyanın adı çəkilir. Bu planda, Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyini “sərt güc”lə deyil, “yumşaq güc”dən istifadə edərək dəyişdirməyə qərar verdiyi haqqında mülahizələr irəli sürülür. Keçmiş prezident Levon Ter-Petrosyanın Paşinyana dəstəyi də özünə diqqət tələb edir. Levon Ter-Petrosyan son günlərdə müxalifətin Paşinyana qarşı artan təzyiqlərini dəyərləndirərkən, “pandemiya dövründə sosial-iqtisadi, siyasi cəhətdən ciddi problemlərə qarşı mübarizə aparan hökuməti tənqid etməyi vətənə xəyanət kimi” dəyərləndirdiyini bildirib.

Xatırladaq ki, Paşinyan özü Petrosyanın lideri olduğu Erməni Milli Hərəkatının “şineli”ndən çıxıb və Petrosyana yaxınlığı ilə tanınıb. Burada diqqətçəkən xüsusi bir məqam var: Petrosyanın bəyanatından dərhal sonra müxalifət cinahı Petrosyanı 1990-ci illərin ikinci yarısında Dağlıq Qarabağ münaqişəsində Azərbaycana “güzəştə getmək planı”nın yarımçıq qalması və bu işə Paşinyanın davam etməsi haqqında ittihamlar səsləndirir. Doğrudur, əslində, durum müxalifətin iddia etdiyi kimi deyil. Erməni ictimai rəyində Dağlıq Qarabağ mövzusu siyasi təzyiq vasitəsi kimi istifadə edilir və münaqişəni dinc yolla nizama salmaq istəyən dərhal “gizli əllə” sıradan çıxarılır: Petrosyan istefa verməyə məcbur edilmişdi, Karen Dəmirçiyan terrorçuların parlamentə hücumu zamanı öldürülmüşdü.

Paşinyan da, müxalifət də bu gerçəkliyi bilir. Paşinyan Dağlıq Qarabağ məsələsində bütün beynəlxalq normalara qarşı çıxaraq, işğalı davam etdirmək niyyətində olduğunu dəfələrlə dilə gətirsə də, müxalifət də israrla Paşinyanı Dağlıq Qarabağ məsələsində Azərbaycana “güzəştə getməkdə” ittiham edir.

Heç şübhəsiz, Azərbaycan siyasətini Ermənistan daxilindəki bu siyasi təzyiq vasitələri üzərində qurmuq; bizimşün öz strategiyamız önəm daşıyır. Amma erməni cəmiyyətində proseslərin üzlənməsi bizimçün önəmlidir.

Bizim işimiz haqq işidir, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik və bu bərpa prosesi sülh, yoxsa müharibə yolu ilə baş tutacaq, bax, Ermənistan dövlətinin öz varlığını sürdürə bilib-bilməyəcəyi məsələsi də müəyyən dərəcədə, bu yollardan hansının seçilməsindən asılı ola bilər.

İşğalçı ölkənin daxili ictimai-siyasi həyatının gərginləşməsi, iqtidar-müxalifət münasibətlərinin neqativ formada inkişaf etməsi, koronavirus pandemiyası zamanı hökumətin qarşılaşdığı problemlər, sosial-iqtisadi qayğıları həll edə bilməməsi bizim maraqlarımıza uyğundur – bu, sirr deyil. Azərbaycan Ermənistandakı mövcud duruma biganə qalmamaqda, yararlanmaqda həm mənəvi, həm hərbi-siyasi, tarixi-ideoloji, psixoloji haqq-hüquq sahibidir. Söhbət, işğalçı dövlətdən gedir; söhbət Xocalı soyqırımını törətmiş zehniyyətdən gedir; söhbət Qarabağda qanunsuz məskunlaşma aparan hökumətdən gedir; söhbət bütün qanunsuzluqlardan, haqsızlıqlardan sonra bir də bizi ittiham edən, öz qeyri-insani hərəkətlərini davam və inkişaf etdirmə istəyində olan dövlətdən gedir…

Belə bir “qarşı tərəf”ə münasibətdə hər hansı başqa bir ölkə necə davranardı?

Nəhayət, sonda!

Bütün deyilənləri ümumiləşdirərək, deməliyəm ki, Paşinyan hökuməti gərgin duruma nəzarəti önəmli ölçüdə itirib və ölkə, məntiqi şəkildə, xaosa sürüklənir. Ümumiyyətlə, yay mövsümünün Paşinyan hökuməti üçün həddindən artıq “isti” olacağı ehtimalı olduqca yüksəkdir.

Əgər koronavirus pandemiyası payıza qədər davam edərsə, iqtisadi problemləri də bura əlavə etsək, Paşinyan hökumətinin durumu olduqca çətin olacaq. Bu çətinlik yalnız Paşinyan və hökuməti üçün deyil, onlar qarışıq, bütün Ermənistana keçərlidir.

Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın birgə bəyanatını xatırlatmaq istərdim. Sənəddə Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub. Bu bəyanatın qəbulu Nikol Paşinyanın, onunla birgə Ermənistan dövlətinin ağır məğlubiyyətidir. Avropa Parlamenti rəsmilərinin ilk dəfə olaraq, Azərbaycanın işğal edilmiş ərazilərindəki qanunsuz fəaliyyətlə bağlı belə bir birgə sənədi qəbul etməsi fonunda Ermənistanda yaşanan gərginliklərin daha da artması heç təəccüblü deyil. Buna bənzər hadisələr fonunda, 2018-ci ilin mayındakı Günnüt (Naxçıvan) əməlliyatını, ondan daha öncə – 2016-cı ilin aprelində Lələtəpə istiqamətindəki zəfər yürüşümüzü yada salqmaqla, növbəti hərbi-siyasi uğurlar üçün zəmin yarandığına əminliyimi bildirmək istərdim.

Dövlətimiz, ordumuz, vətənimiz zaval görməsin!

Axar.az

Share: