Yeni il üçün XOŞ PROQNOZLAR – İş yerləri açılacaq, bahalaşma olmayacaq və …

Yeni il üçün XOŞ PROQNOZLAR – İş yerləri açılacaq, bahalaşma olmayacaq və …

2021-ci il inflyasiya səviyyəsinin tənzimlənməsi ili olacaq. İnflyasiya səviyyəsinin gələn il bir rəqəmli olması gözlənilir.

Bu barədə iqtisadçı ekspert, Millət vəkili Vüqar Bayramov BAKU.WS-in suallarını cavablandırarkən bildirib.

Deputat qeyd edib ki, 2021-ci ildə də builki fiskal siyasət davam etdiriləcək.

“Gələn il ciddi qiymət artımları üçün zəmin yaranmayacaq. Bu baxımdan 2021-ci il üçün istehlak bazarında qiymətlərin tənzimlənən həddə, yəni bir rəqəmli olacağı gözlənilir.

Gələn il ərzaq və kənd təsərrüfatı məhsullarının mərhələli şəkildə yerli istehsalın hesabına ödənilməsi nəzərdə tutulur.

Bu da istehlak bazarındakı qiymətlərin optimallaşdırılmasına səbəb olacaq. Bu baxımdan 2021-ci ildə bütünlükdə istehlak bazarında qiymətlərin tənzimlənən həddə olacağı gözlənilir”, – deyə Millət vəkili bildirib.

Deputat gələn il tibbi sığortanın necə təşkil ediləcəyi məsələsinə də toxunub. Vüqar Bayramov bildirib ki, icbari tibbi sığortanın tətbiqi vacib amillərdəndir:

“İcbari tibbi sığorta həm səhiyyə sektorunda maliyyələşmə mexanizminin təkmilləşməsinə imkan yaradacaq, həm də vətəndaşlarımızın səhiyyə xidmətlərinə çıxış imkanlarını artıracaq.

Bu il icbari tibbi sığortanın tətbiq edilməsi nəzərdə tutulurdu. Lakin pandemiya səbəbindən bu proses 2021-ci ilə keçirildi.

Burada həssas, xüsusən də sosial təminata ehtiyacı olan vətəndaşlarımızın təmin olunması üçün dövlət büdcəsindən vəsaitin ayrılması nəzərdə tutulur.

2020-ci ildə bir milyarda yaxın vəsaitin bu sahəyə ayrılması nəzərdə tutulmuşdu. Lakin pandemiya səbəbindən bu il icbari tibbi sığorta paketi reallaşmadı.

Növbəti ildə dövlət dəstəyi bu sektorda davam etdiriləcək. Beynəlxalq təcrübə də göstərir ki, icbari tibbi sığorta səhiyyə sisteminin inkişafı baxımından əsas alətlərdən biridir. Vətəndaşlarımızın səhiyyə xidmətlərindən daha səmərəli istifadə etməsi və əlçatan olmasıdır. İcbari tibbi sığortanın növbəti il tətbiq olunması səhiyyə sketoru üçün vacibdir”.

Vüqar Bayramov həmçinin bildirdi ki, 2021-ci ildə daha çox iş yerlərinin yaradılması gözlənilir:

“Bunun bir neçə səbəbi var. Əvvəla nəzərə alsaq ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra yenidənqurma işləri sürətlənəcək.

Bu istiqamətdə dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu da 2021-ci ildə yeni iş yerlərinin yaradılması anlamına gəlir.

Eyni zamanda pandemiya gələn ilin yarısında, bəzi məlumatlara görə mart ayında səngiyəcək. Mart ayından sonra əvvəlki həyatın bərpa olunacağı ilə bağlı gözləntilər var.

Bu da yeni iş yerlərinin açılmasına səbəb olacaq. Qlobal olaraq vaksinasiya prosesi başlanılır. Növbəti aydan etibaran bu daha da intensivləşəcək. Bu da pandemiyanın minimumlaşdırılması üçün vacibdir. Ona görə də real sektorun bərpası, yeni iş yerlərinin açılması başlayacaq.

Beləliklə, investisiya imkanları artacaq. Xüsusən ictimai iaşə obyektlərində, turizm sektorunda daha çox iş yerlərinin açılması gözlənilir.

Eyni zamanda 2021-ci ildə qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi ilə bağlı islahatlar da davam etdiriləcək. Xüsusən də gizli iqtisadiyyatın leqallaşdırılması istiqamətində siyasət davam edəcək. Bu da yeni iş yerlərinin açılmasına səbəb olacaq.

Sosial və xüsusən də yeni iş yerlərinin açılmasını təmin edən proqramların da genişlənəcəyi gözlənilir. Xüsusən də özünü məşğulluq proqramlarının genişlənəcəyi nəzərdə tutulub. Bu illə müqayisədə özünü məşğulluq proqramının növbəti il artacağı gözlənilir. İlkin proqnozlara görə, bu rəqəm artıq 18 minə qədər yüksələcək”.

Vüqar Bayramovun proqnozlarına görə, yeni il neftin qiymətinin də bahalaşması ilə nəzərə çarpacaq. Onun fikrincə, dünya bazarında Azərbaycan nefti də bahalaşacaq:

“Bu il neftin orta qiyməti 40 dollardan bir az baha oldu. Yəni bu il ötən illərlə müqayisədə neftin qiyməti hiss edilən dərəcədə aşağı oldu. Lakin hazırda neftin qiyməti 50 dollardır. 2021-ci ildə neft bazarı ilə bağlı investorların yanaşması nikbindir. Vaksinasiyanın qlobal səviyyədə həyata keçirilməsi və pandemiyanın tənzimlənəcəyi, təsirlərinin minimuma salınacağı ilə bağlı ümidlər yaranıb. Bu da investorların neft bazarına daha çox sərmayə qoymasına gətirib çıxaracaq.

Eyni zamanda OPEC+ ölkələri növbəti ildə konservativ siyasəti davam etdirmək niyyətindədir. Bu da bazarda neftə tələbin artacağı halda təklifin dəyişməyəcəyinə və qiymətin yüksəlməsinə gətirib çıxara bilər.

ABŞ kifayət qədər böyük iqtisadi paketini təklif etdi. Oxşar proqramın Avropada da olması gözlənilir. Bu da təbii ki, real sektorda optivliyi artıracaq.

Eyni zamanda qlobal müharibə və ticarət savaşlarının səngiyəcəyi gözlənilir. Buna görə də neftin dünya bazarında qiymətilə bağlı gözləntilər nikbindir. Neft bazarında qiymətlərin yüksək olması, təbii ki, Azərbaycan neftinin də baha satılacağına səbəb olacaq.

Ümumiyyətlə, normal qlobal iqtisadi şərtlər çərçivəsində Azərbaycan nefti Brent markalı neftdən 2 dollar baha satılır.

Bununla da Brent markalı neftin qiymətinin artması Azərbaycan neftinin bahalaşmasına və ölkəyə daxil olan valyuta həcminin çoxalmasına səbəb olacaq”.

Vüqar Bayramov sonda Azərbaycan manatının ABŞ dolları qarşısında hansı səviyyədə olacağına da aydınlıq gətirdi. Deputat deyir ki, burada önəmli məsələ Mərkəzi Bankın siyasətidir.

“2021-ci ildə manatın dollara qarşı məzənnəsi birmənalı olaraq Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Nəzərə alsaq ki, Mərkəzi Bank valyuta bazarına intervensiya edir. Yəni vəziyyətə nəzarət edir. Hətta bu ilin mart ayında valyutaya kəskin tələbin artmasına baxmayaraq, Mərkəzi Bank manatın məzənnəsini qoruyub saxladı.

Lakin əksər MDB ölkələrində milli valyutanın dəyərsizləşməsini müşahidə etdik. 2021-ci ildə də xüsusən neft bazarında nikbin proqnozlar fonunda Mərkəzi Bankın siyasəti manatın məzənnəsinə birbaşa təsir edəcək. Məzənnənin necə dəyişməsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq.

Mərkəzi Bank isə manatın məzənnəsini qoruyub saxlamaq niyyətində olduğunu bəyan edib”.

Share: