Yeni ilin ilk günlərindəki qəribəlik – Səhər Əhməd yazdı

Hər ilin əvvəlində qəribə bir boşluğa düşürsən. Sanki yerə yenicə enmiş təyyarənin tunelindən bayıra doğru irəliləyirsən. Ya da izdihamlı bir şəhərdə sübh tezdən adamsız küçələrdə addımlayırsan və ayaq səslərin əks-səda verir. Bir azdan hər tərəfin səs-küylə dolacağını, bu sükutun müvəqqəti olduğunu bilirsən, amma yenə bu sakitlik sənə sirli, mistik bir hüzur bəxş edir.

Sən beynində, genlərində daşıdığın tarixdən izdihamlı şəhərin səs-küyündən azad olmuş kimi keçici də olsa, azadsan. Özünü inandırırsan ki, təqvim dəyişikliyi nəyəsə qadirdi, səni əvvəlki zamandan ayıra bilər, həmin o təyyarənin tuneli kimi. Tarixin bütün mübarizəsi arxada qalıb, nə qul üsyanı olub, nə qladiator döyüşü, nə yunan filosofları, nə Misir fironları, nə Səlib yürüşləri nə “çıldırmış şairlər”, nə sonda ruhi xəstəliyə tutulmuş dahilər, nə millətlərin taleyi ilə oynamış fatehlər, nə dinlər, nə təriqətlər, nə üsyanlar, nə inqilablar, heç biri. İnanmaq istəyirsən ki, zaman qarşında ağ vərəq kimi bomboşdu və bu ildən ora nə istəsən, yaza bilərsən.

Bax onda səni öz əcdadından – ibtidai insandan mahiyyətcə heç nə fərqləndirmir. Sən də onun kimi öz acizliyini pərdələmək üçün güclü görünməyə çalışırsan, amma əslində təbiət hadisəsindən, xəstəlikdən, ölümdən, hər cür bəladan eyni instinktlə qorxursan.

Ona görə də adi təqvim dəyişikliyindən, ilin hansısa heyvan üstə təhvil olduğu yalanından nəsə təsəlli axtarırsan və sənə genlərlə ötürən o xoşbəxt olmaq arzusunu ildən-ilə sağ-salamat ötürməklə məşğulsan.
Amma hər dəfə eyni cür olur, bir az sonra hər şey qayıdır, təyyarənin tuneli bitir, sən göylərdən yerə enirsən, böyük bir şəhərin küçələrinə gecədən sonra qayıdan izdiham kimi qayıdır hər şey. Qosqoca tarix sənin yaddaşında yavaş-yavaş bərpa olmağa başlayır, yatırılmış üsyanlar, edam olunmuş diktatorlar, alimlərin kəşfləri, ədəbiyyatın ağırlığı, xəstəliklərin təbiiliyi, tibbin süniliyi və ən əsası, həyatın faniliyi, bayram süfrəsindən sonrakı miskin mənzərəni xatırladan dünyanın köhnəliyi.

Yəni, anlayırsan ki, əslində bu satqın zaman üçün heç dərd çəkməyə dəyməz. O, etibarsız sevgili kimidi, onunçün çəkilən həsrət belə mənasızdı. Bu yeni il də o sərxoş tarixin parçasından başqa bir şey deyil. Və sən bu yupyumru dünyada ona görə varsan ki, heç bir çıxış yolu axtarmadan sadəcə dairə vurasan.
Həm də ona görə ki, bir tamaşada deyidiyi kimi, bəzən uduzmaq üçün də oynamaq lazımdı.

Share: