Yeni Ocaq səfərləri

Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!

Bu günlərdə Asif Atanın Mütləqə İnam Ocağı bölgələrimizə yeni səfərlərini gerçəkləşdirdi. Ocaq Yükümlüsü Soylu Atalı Amaldaşları Günev, Nurtəkin Atalılarla Cəlilabad rayonunda olmuşlar. Öncə Amaldaşları Yurdtəkin Atalının qonağı olmuş, onun təşkilatçılığı ilə ayrı-ayrı gənclərlə söhbətlər etmişlər. Gəncləri maraqlandıran suallara cavablar verilmiş, sonda onlara Ocaq ədəbiyyatları bağışlanmışdır.

Bir gün sonra Bilən Atalının təşkilatçılığı ilə Yardımlıda olmuşlar. Asif Atanın milli-insani çağırışlarının mahiyyəti izah edilmiş, Yurdumuzda antimilli gəlişmələrə, gerilikçi şüurun genişlənməsinə qarşı dirəniş göstərməyin gərəkliyi, yolları haqqında bilgilər verilmiş, Ocaq ədəbiyyatları bağışlanmışdır. Ocaqçılar elə həmin gün Beyləqanda olmuş, Amal Bağında İnam Evini ziyarət etmişlər. Günev Atalının fədakarlığı, dönməz əməli ilə İnam Evinin içi təmir olunub mərazimlər üçün hazır duruma gətirilmişdir.

Sonrakı gün səfər Göyçayda davam  etdirilmişdir. Bilən Atalının təşkilatçılığı ilə burada da görüşlər keçirilmişdir. Azərbaycanın Dünəni, Bugünü, Sabahı yönündə ciddi söhbətlər aparılmış, Asif Atanın hədəfləri vurğulanaraq suallara cavab verilmişdir. Burada da söhbətə qatılanlara Ocaq ədəbiyyatları bağışlanmışdır.

Səfərdən dönərkən yolda bu yöndə söhbətlər davam etdirilmişdir.

 

Mütləqə İnam Ocağı

 

16-19 Ata Ayı, 42-ci il.

(sentyabr, 2020).

 

 

Share: