Hazırda yoluxma sayının yüksək olması və ölkə xəstəxanalarında kifayət qədər yerin olmaması səbəbindən bir çox xəstələr evdə müalicə alır. Bu xəstələr bilməlidir ki, onlar haqqında məlumatlar TƏBİB-in elektron mərkəzində var. Aktiv koronavirus xəstəsi yaşayış ərazisini tərk edərsə, dərhal aşkar edilir və həm cərimə, həm də azadlıqdan məhrumedilmə cəzası ilə cəzalandırıla bilər.
Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında tanınmış hüquqşünas, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov evdən müalicə alan aktiv koronavirus xəstələrinin yaşayış yerini tərk edəcəyi təqdirdə üzləşə biləcəyi hüquqi cəza tədbirləri haqda danışarkən deyib.
O bildirib ki, dünən Milli Məclisin iclasında pandemiya ilə bağlı tətbiq edilən cərimələr və cəza tədbirlərində bir sıra hüquqi dəyişikliklər qəbul edilib:
“Son zamanlar ölkəmizdə koronavirus pandemiyasına yoluxanların sayında yaşanan kəskin artımla əlaqədar olaraq cərimələrin miqdarı artırıldı. Xüsusilə bunu qeyd etmək lazımdır ki, karantin qaydalarının pozulması həm inzibati, həm də cinayət məsuliyyəti yaradır. Müvafiq olaraq İnzibati Xətalar Məcələsinin 211-ci maddəsində fiziki və hüquqi şəxslər, eyni zamanda vəzifəli şəxslər üçün bir sıra sanksiyalar nəzərdə tutulub. Cinayət Məcəlləsinin 139.1-ci maddəsinə isə əlavələr edilib.
Yeni dəyişikliyə görə, cəza hissəsi artırılıb. Təbii ki, burada ən mühüm məsələlərdən biri cinayət işi ilə əlaqədar olaraq 139-cu maddənin sanksiya hissəsində göstərilən “insan ölümünə və ya digər ağır nəticələrə səbəb olma” halıdır. Yəni əgər koronavirusa yoluxmuş şəxs digər şəxsləri xəstəliyə yoluxdurarsa və ya ölümünə səbəb olarsa, bu, həm cərimə ilə, həm də azadlıqdan məhrumetmə ilə cəzalandırılmalıdır. Hesab edirəm ki, Milli Məclisin bu istiqamətdə son dəyişiklikləri adekvatdır. İnsanlar daha diqqətli olmalıdır”.
Turan RZAYEV