Daxilən nəzakətli olduğu üçün SƏSİ yaşıl rəngdədir. Bəli, hər səsin öz rəngi var…
Əməlləri düşüncələri ilə həmahəngdir, ritmikdir, musiqiyə bənzəyir. Nota köçürüb, ifa edəndə, “Cəngi” sədası ətrafa yayılır. Ruhu özündən çox gənc olduğu üçün yaratmaq eşqi ilə hələ də alışıb yanır. İstedadına söz ola bilməz, varlığına hakim kəsilib, şəxsiyyətinin təsdiq olunmasında mühüm rol oynayıb, tarixləşdirib. Zaman onun qarşısında acizdir, unutdura bilməyəcək…
Haqqında söhbət açmaq istədiyim Rasim Müzəffərlinin rəsmi tərcümeyi-halında çox hadisələr yer alıb: Azərbaycanın müasir musiqi mədəniyyətinə böyük xidmətlər göstərmiş, tanınmış rok musiqiçisi, Azərbaycan rok musiqisinin yaranmasında və inkişafında misilsiz rol oynamış, ötən əsrin əfsanəvi “OZAN” qrupunun qurucusu və rəhbəri, beynəlxalq musiqi müsabiqələri və festivallarının laureatı, bəstəkar-şair və multi-instrumentalçı, muğam-rok üslubunun yaradıcısı, rokn-rol, texno-rok, reggey və rep üslublarında Azərbaycan dilində ilk mahnıların müəllifi, ssenarist, tərcüməçi, naşir, filosofdur. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakultəsini bitirib. Fəlsəfə elmləri namizədi alimlik dərəcəsinə yiyələnib və s.. Xidmətlərini bir-bir sadalasam uzun vaxt aparacaq. Sizə rəsmi tərcümeyi-halından deyil, ona xas olan xüsusiyyətlərdən danışmaq istəyirəm. Axı bu gün onun ad günüdür…
Qəribə adamdır. Başqalarından eşitdiyi informasiyalardan daha çox öz intuisiyasına inanır. Sanki dünyanı olduğu kimi deyil, şirin xəyallarında canlandırdığı kimi görmək istəyir. İnanır ki, nə vaxtsa insanlar olduğu kimi görünəcəklər, dünyada dürüstlük hökm sürəcək. Məhz bu səbəbdən də mürəkkəb prosseslərdə bəzən dünyadan küsür. Amma gələcəyə romantik inamı yarana biləcək ruh düşkünlüyünün qarşısını alır…
Çox ağır hadisələrlə üzləşib. Avtomobil qəzası nəticəsində komaya düşüb, kliniki ölüm keçirib. İllərlə fəaliyyətsiz qalıb. Həkimlərin səyi, daxili iradəsi onu yenidən həyata qaytarıb.
Zarafata salıb deyir ki,- “Çıxıb getmişdim gerçək həyata, sizi orda görmədim, ona görə qayıtdım.”
Hər bir elmdə və ya insan fəaliyyəti sferasında müəyyən qanunlar var, onlar elmi yox, daha çox mistik xarakter daşıyırlar. Rasim Müzəffərli sanki bu qanunları kəşf etmək üçün Yer kürəsinə göndərilib. Bütün ömrü boyu elmlə fəlsəfənin sintezini apararaq, dünyanın iç üzünü açmağa çalışır, onun mahiyyətinə varmaqla məşğuldur. Bunu onun həyat fələsəfəsi də adlandırmaq olar.
“Yol var ki, onu getmək yox, onu getməmək adamı yorur.”- söyləyir…
Sirli, qeyri-adi insanları sevir. Onun diqqətini cəlb etmək üçün həmişə yüksək əhval-ruhiyyədə olmaq yetər. İncə yumor hissinə malikdir. Qəfil atmacaları, duzlu, məzəli zarafatları insanlara təbəssüm bəxş etsə də, düşündürə də bilir. “Ən yaxşı güzgü sevdiyin insanın xoşbəxt üzüdür.”- bunu da, o deyir…
Ömür-gün yoldaşı Lalə xanım mərhum akademik Hüseyn Həsənovun qızıdır. İxtisasca həkimdir. İki qızın atasıdır- Nərgiz və Banunun. Nərgiz xanım Moskva Dövlət Universitetinin filologiya fakultəsini və Barselona Universitetinin magistraturasını, Banu xanım isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitiriblər. Nadin adında bir nəvəsi də var. Sentyabr ayında Nadinin iki yaşı tamam olacaq…
Gözləri ilə baxıb, ürəyi ilə görə bilir. Müəyyən mərhələlərdən keçərək qazandığı bu üçüncü GÖZ, onu heç vaxt aldatmayıb, əksinə, zehninə, idrakına nur qatıb, daxili aləmini işıqlandırıb.
Bəli, Rasim Müzəffərlinin haqqında çox danışmaq olar, amma elə ali xüsusiyyətləri var ki, onları SÖZə çevirməkdə, ifadə etməkdə acizəm. O, Yer kürəsində yaşayan yeddi milyard yarım insandan biri olsa da, sözün əsl mənasında xoşbəxtlərin sırasındadır…
İyunun 21-i Rasim Müzəffərlinin 64 yaşı tamam olur. Bu münasibətlə Onu təbrik edir, möhkəm cansağlığı, firəvan həyat, işlərində uğurlar arzulayıram.
Yeni yaşın mübarək, XOŞBƏXT ADAM!
Hörmətlə, Elman Eldaroğlu