Yeni yaşınız mübarək, Fərəh xanım!

Yeni yaşınız mübarək, Fərəh xanım!

Deyir ki,- “Mən atamdan çox şey öyrənmişəm. Onun ömür yolunda özündən sonra qoyduğu təmiz ad və ləyaqət övladlarına bir mirasdır. Atam həmişə işlədiyi Bakı Dövlət Universitetini özünün birinci evi hesab edirdi. O, 60 ildən çox bu universitetdə çalışıb.

Onun düşüncəsində Bakı Dövlət Universiteti Azərbaycan elminin bir modeli idi. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləndə atam ən əziz övladının ən xoş günü kimi sevinirdi.”
Haqqında söhbət açdığım Fərəh Əliyeva görkəmli alim, bütün ömrü boyu Cümhuruyyət və mətbuat tarixini araşdıran professor, rəhmətlik Şirməmməd Hüseynovun yadigarlarından biridir. 1961-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə indiki Bakı Musiqi Akademiyasını bitirərək, bu ali məktəbdə müəllim kimi əmək fəaliyyətinə başlayıb, dərs deyib. Sonra akademiyanın elmi katibi, ixtisasartırma fakültəsinin dekanı olub. 1986-1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildən 2006-cı ilədək Bakı Musiqi Akademiyasında Elmi katib vəzifəsində çalışıb.
1994-cü ildə “XX əsrin 60-70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 1995-ci ildən dosent, 2005-ci ildən professor adına layiq görülüb. 2008-ci ildə isə “XX əsrin birinci yarısının tarixi inkişaf kontekstində Azərbaycan musiqi mədəniyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə elmlər doktoru alimlik dərəcəsi alıb. 2014-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib. 11 may 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiridir. Fərəh Əliyeva həm də Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının musiqişünaslıq və incəsənət bölməsinin üzvü və elmi katibidir. Eyni zamanda Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Bir neçə kitabın müəllifidir.
Xidmətlərinə görə müxtəlif dövlət mükafatlarına layiq görülüb:- 2017 ci ildən Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adını daşıyır. 2021-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Şöhrət” ordenilə təltif olunub…
Çox səliqəli, xoş xasiyyətli və xeyirxahdır. Ardıcıllığı sevir. Hər bir hərəkətini əvvəlcədən planlaşdırıb, həyata keçirir. Ciddi insan olduğundan, qərarları da ciddi olur. Hər bir qənaəti ağıl və məntiqə söykənir. Sabitliyi çox yüksək qiymətləndirir, bunun üçün hisslərini cilovlamağa hazırdır. Nizam-intizamı xoşlayır. Mükəmməl bir insan olduğu üçün təkcə özünə qarşı deyil, ətrafdakılara qarşı da tələbkardır. İdeal sahibədir. Səhərdən axşama kimi işlə məşğul olsa da, heç vaxt evindəki nizamı başqasına tapşırmır. Mehriban və qayğıkeş xanımdır. Liderlik qabiliyyəti yüksəkdir. Vaxtını bölüşdürməyi bacarır, necə deyərlər, həyatının bir tərəfi digər tərəfə görə heç vaxt əziyyət çəkmir, hər yerdə vaxtında olur və hər şeyi nəzarətdə saxlaya bilir…
Deyir ki,- “Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin məqalələrindən birində çox maraqlı detal oxumuşdum. Qeyd edirdi ki, avropalıların mədəsində həzm olmaq istəmirsinizsə, onların beyinlərinin məhsullarını həzm edin. Yeni nəsil diasporumuz artıq mədədə həzm olunmayacaq, ancaq onlar özləri beyin məhsullarının yaradıcıları olmalıdırlar. Bu həm də Azərbaycan diasporunun hədəfidir. Davamlı işi yeni nəsil həyata keçirə bilər. Onlar artıq həmin ölkələrin bərabərhüquqlu vətəndaşları kimi işləməlidirlər. Akademik səviyyə o qədər dərin, nüfuzedici olmalıdır ki, sözü keçərli olsun, səsi eşidilsin. Xaricdə yaşayan soydaşlarımız bir məsələni dərindən bilməlidirlər ki, onların missiyası Azərbaycanın mənafeələrinə uyğun haqqın, ədalətin carçısı olmaq və bunu ustalıqla həyata keçirməkdir…”
Şən, gülərüz, diqqətli, nəzakətli və nəcibdir. Xaraktercə realistdir, həyatdan nə istədiyini yaxşı bilir. Məntiqə söykənməyən arzular haqqında xəyal qurmağı mənasız sayır, həm də sevmir. O, öz imkanlarını adekvat qiymətləndirməyi bacarır və həmişə yalnız öz gücünə arxalanır, üstəlik çox məsuliyyətlidir. Bütün bunlarla yanaşı, dövlətə, dövlətçiliyə sidqi ürəklə bağlı və sadiqdir. Bu yolda xidmət etməkdən zövq alır. Sanki ömür bitər, amma işlər bitməz!- devizi onun üçündür…
“Vətənin, millətin taleyi anlayışı ortaya gələndə biz dəmir yumruq kimi birləşə bilirik və bu yumruğun gücü çox qüvvətlidir.”- söyləyir…
Bəli, Ali Baş Komandanın timsalında biz bu yumruğun necə Zəfər çaldığının şahidi olmuşuq. Sentyabrın 7-si Fərəh xanımın növbəti ad günüdür. Bu münasibətlə Onu təbrik edir, möhkəm cansağlığı, işlərində uğurlar arzulayıram.
Yeni yaşınız mübarək, Fərəh xanım!
Elman Eldaroğlu
Share: