Qayğıkeş, mehriban, çox nikbin adamdır. Yumor hissi güclü olduğundan münasibətdə olduğu insanlarda xoş əhval-ruhiyyə yarada bilir. Gözəl musiqi duyumu var. Gənc yaşlarından bir neçə musiqi alətini dilləndirməyi bacarır. Natiqdir, dəvət olunduğu məclislərdə mənalı çıxışları ilə hamını özünə heyran edir, hər dəfə yeni fikir söyləməyə çalışır, təkrarçılığı sevmir…
Deyir ki,- “Bir dəfə Sabir Rüstəmxanlı ilə yasa gedirdik. Bir dostumuzun yaxını rəhmətə getmişdi. Yasa üç nəfər getməli idik. Oturdum Sabirin maşınına, getdik üçüncü dostumuzu da evindən götürməyə. Yolda Sabir mənə bir bağlama verdi ki, sənə Türkiyədən hədiyyə gətirmişəm. Amma açma, evdə açarsan. Dedim ki, evə niyə saxlayıram e, mənə almısansa, elə burda açacam. Dirəndi ki, yox, evdə açarsan. Dözmədim, bağlamanı açdım. Baxdım ki, bir dənə zurnadı. Guya məni dolamaq üçün zurna alıb Türkiyədən. Mən də eləmədim tənbəllik, zurnanı aldım əlimə, başladım çalmağa. İndi biz maşında gedirik, pəncərəni açmışam, zurna çalıram. Hamı da Sabiri tanıyır axı, baxırlar ki, Sabir Rüstəmxanlı maşınla gedir, yanında oturan bir adam da ona zurna çalır. Sabir nə qədər yalvardı, fikir vermədim. Dedim, bəs sən mənnən məzələnib, zurna ala bilirsən?..”
Təvazökardır. Onunla münasibət qurmaq elə də çətin deyil. Həmsöhbətini səbrlə dinləməyi bacarır. Qarşı tərəfdə səmimiyyət gördüsə ürək qızdırıb, mehribanlıq göstərir, özünü ifadə etməyə şərait yaradır. İnsanlara maddi imkanlarına görə deyil, intellektinə, təfəkkürünə, necə deyərlər, ağlına görə dəyər verir. Zəngin dünya görüşü var. Bütün mövzularda fikir yürüdə bilir. Onunla söhbət etmək üçün təzə, ən maraqlı xəbərləri, elmi və ya sosial-siyasi xarakterli məlumatları bilmək lazımdır…
Duyğusal, romantik, şair təbiətli insandır. Poeziyanın vurğunudur. Klassiklərdən tutmuş müasir şairlərə kimi çoxunun yaradıcılığından məlumatı var. Şeir yazmasını çox adam bilməsə də arabir dostlarına şeirlərindən söyləyir. İndiyədək heç yerdə çap olunmayan gözəl poeziya nümunələri yarada bilib.
Deyir ki,- “Mən yazıram, amma çap etdirmək, kitab çıxarmaq fikrim yoxdur. Özüm üçün, öz ehtiyacım üçün yazıram. Şeir mənə çox kömək eləyir. Cavanlıqda sevgi üçün kömək eləyirdi, indi başqa mənəvi problemlərə kömək eləyir. Bu mənə bəsdir.”
Bu şeiri isə çağdaş Azərbaycan poeziyasının ünlü nümayəndələrindən biri- parlaq istedadlı şair Elçin Mirzəbəyli Onun haqqında yazıb:
…Xoş sözə, düz sözə qulağı açıq,
Ata ocağıdı, qucağı açıq,
Mərdə evi açıq, ocağı açıq,
Namərd qarşısında buz kimi adam.
…Niyyəti- saf niyyət… Amalı ulu,
Qəlbi sevgi dolu, mərhəmət dolu.
O, özü bir yoldu- qardaşlıq yolu –
Cığır kimi adam, iz kimi adam…
Haqqında sevə-sevə söhbət açdığım İbrahim Yusifzadənin iyunun 10-da 74 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, ağrı-acısız günlər arzulayıram.
Yeni yaşınız mübarək, İbrahim müəllim!
Elman Eldaroğlu
Müstəqil.AZ