O vaxtlar hər adamın evində olmazdı. Yaxşı yadımdadır, beş-altı qonşu bir yerə yığışıb, mavi ekranından göstərilən verilişlərə tamaşa edərdilər. Hətta qonşuların arasında onu möcüzə sananlar da var idi…
Televizor adlanan bu “möcüzənin” qüdrətinə yaxşı bələdəm. Zaman-zaman insanlara çox adamları sevdirə bilib…
Bəli, televizor olmasaydı, bəlkə də biz onu kəşf edə bilməzdik. Bu dünyada Əməkdar mədəniyyət işçisi, şairə, publisist, nasir Telli Pənahqızının varlığından xəbərimiz olmazdı…
Deyir ki,- “AzTv mənim ilk və yeganə iş yerim olub. Uzun illər “Xəbərlər” proqramını aparmışam, 10 il qocalar evindən verilişlər çəkmişəm. Sonra “Mədəniyyət xəbərləri”ni apardım. Ardınca verilişin adı dəyişib “Mədəniyyət aləmində” oldu. Ondan sonra unudulan sənətkarlarla bağlı “Gümüşü yağışlar” verilişim oldu…”
Dünyaya gəldiyi Vedibasarın Böyük Vedi kəndini, məktəbə getməyini, uşaqlıq dostlarını, qonşularını, atalı-analı günlərini tez-tez xatırlayır. Atası 37 yaşında, mədə xorasından dünyasını dəyişib. Düşünür ki, mədə xorasından cərrahi əməliyyat o vaxt da əlçatan olub, amma atasının vəfatında məhz erməni həkimlərini günahlandırır. Orta məktəbi bitirdikdən sonra, Bakıya ali təhsil almağa yollanıb. 1971-1976-cı illərdə Azərbaycan Dovlət Universitetinin jurnalistika fakultəsində təhsil alıb. Sonra əmək fəaliyyətinə başlayıb. Cəmi üç il Respublika Gənclər Kitabxanasında baş kitabxanaçısı işləyib. Daha sonra 1980-ci ildən 2005-ci ilədək AzTv-də müxtəlif vəzifələrdə çalışıb…
“Bu gün teleaparıcı gənclərin danışığında yetərincə qüsurlar var. Məsələn, indi hamı “mentalitet” sözünü işlədir. Amma onu bilən də deyir, bilməyən də. Türklər fransızlardan bir “performans” sözü götürüblər. Bunun bizim dilimizdəki qarşılığı qabiliyyətdir. Amma bizim bu jurnalistciklər o sözü efirdə deyə-deyə adamın bütün əsəblərini korlayırlar. Bir də yeri gəldi, gəlmədi “belə deyək də” ifadəsi işlədilir. Böyüklü-kiçikli, deputatlı, süpürgəçili hamı belə danışır. Bu sözü o vaxt işlədirsən ki, nəyinsə adını tapa bilmirsən. Əksər özəl telekanallarda çıxış edənlərin işlətdiyi dörd-beş cümlədə səkkiz dəfə bu kəlmə işlənir. Efirə çıxan, müsahibə verən adam hazırlıqlı olmalıdır, dediyi sözün məsuliyyətini hiss etməlidir.”- söyləyir…
Gəncliyində onu Aida xanım İmanquliyevaya, Şəfiqə xanım Məmmədovaya bənzədənlər də az olmayıb. O qədər eşq elan edənləri, dəlicəsinə sevənləri olub ki. Özü isə…
Deyir ki,- “Söhbət ilk gənclik illərimdən gedir. Dəli kimi olmasa da, bir nəfəri sevə bilmişdim, amma araya girənlərə görə ailə qurmağımız alınmadı. Sonra isə həyat mənə elə dərs verdi ki, mənimçün karyeram daha önəmli oldu. Soradan çox adamlar etiraf edirdilər ki, “səni çox sevirdik, amma düşünürdük ki, ev arvadı ola bilməzsən”. Maşından düşüb təyyarəyə, təyyarədən qatara, qatardan gəmiyə minirdim axı…”
Mayın 24-də 69 yaşı tamam olur. Buna baxmayaraq, əlahəzrət Zaman gözəlliyini, şuxluğunu ondan ala bilməyib. Kim bilir, bəlkə də onu, hələ də dəlicəsinə sevənlər var?..
Yeni yaşınız mübarək, Telli xanım!
Elman Eldaroğlu