Gəncədə əqli geriliyi olan 16 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq edərək hamilə qalmağına səbəb olan 62 yaşlı kişi barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Müstəqil.Az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 149 və 157-ci (zorlama və mənzil toxunulmazlığını pozma) maddəsi ilə ittiham edilən 1960-cı il təvəllüdlü Rəşid Gözəlova hökm oxunub. Ona 8 il 3 ay müddətinə həbs cəzası verilib.
Qeyd edək ki, bir neçə ay əvvəl Gəncə şəhərində yaşayan 2005-ci il təvəllüdlü, serebral iflici qalıq dövrü, yüngül dərəcəli əqli gerilik, davranış və nitq pozuntuları diaqnozu ilə xəstəxanada qeydiyyatda olan qızın hamilə olması məlum olub. Aparılan araşdırmalar zamanı onun 2021-ci ildə qonşuluqda yaşayan Rəşid Gözəlov tərəfindən cinsi zorakılğıa məruz qalması müəyyən edilib. Həmçinin anası işdə, bacısı isə dəsrdə olduğu vaxt R.Gözəlov dəfələrlə onun evdə tək olmasını bilərək mənzilə qanunsuz daxil olaraq fiziki məhdudiyyətli qıza qarşı əməllərini davam etdirib, onu öldürməklə hədələyərək baş vermiş hadisələr barədə danışmamasını tələb edib.
Qızın hamilə olması üzə çıxdıqdan sonra isə hüquq-mühafizə orqanlarına müraciət edilib və cinayət işi başlanıb.
Məhkəmə prosesi oktyabrın 18-də başa çatıb.
Nizam Rza