Yeniyetmələri intihar etdirən “Mavi balina” ilə bağlı – Açıqlama

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Mavi balina” adlı oyunla bağlı məlumat yayıb.

Müstəqil.Az Teleqraf.com-a istinadən xəbər verir ki, məlumatda Rusiya, Qazaxıstan, Qırğızstan, Ukrayna, Hindistan kimi ölkələrdə yayılan və daha çox 13-15 yaş aralığında olan uşaqları və yeniyetmələri cəlb edən “Mavi balina” adlı oyunun hər hansı tətbiqetmə və ya internet informasiya ehtiyatı şəklində mövcud olmadığı deyilir. Bu yazışma yolu ilə yeniyetmələri əmrləri icra etməyə təhrik edən və ya maraq yaradan link formasında yayılan kontentdir.

Belə ki, sosial şəbəkələrdə müəyyən “hashtag” və qruplar yaradılmaqla oyun idarəçi (admin) tərəfindən yönləndirilir.

Artıq bir çox sosial şəbəkələr oyunla bağlı filter tətbiq edir, müxtəlif dillərdə “mavi balina” adı altında yaradılan “hashtag”ları bloklayır.

İnternet təhlükəsizliyi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tapşırığına uyğun olaraq, həm “Aztelekom”, həm də “Baktelecom” internet istifadəçilərini internet təhlükələrindən qorumaq üçün abunəçilərinə “Təhlükəsiz İnternet” xidməti təqdim edir.

Bu filtrasiya xidməti vasitəsi ilə bütün yaş kateqoriyasına aid istifadəçilər təhlükəli məzmunlardan qoruna bilərlər.

Geniş seçim imkanı təqdim edən xidmət sayəsində valideynlər azyaşlılara psixoloji zərər yetirə biləcək cinayətkarlıq, zorakılıq, irqçilik, diskriminasiya və ekstremizmi təbliğ edən oyun və filmlərin daxil olduğu resurslara nəzarət edə bilir.

Xidmətə qoşulduqdan sonra təqdim olunmuş siyahıdan təhlükəli hesab edilən kontentləri “qara siyahı”ya daxil edərək, istifadəni məhdudlaşdırmaq mümkündür. Həmçinin, istənilən zaman filtri deaktiv edərək, “qara siyahıya” daxil edilən resursu aktivləşdirmək də olar.

Məsələ ilə bağlı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzi valideynlərə yetkinlik yaşına çatmayan uşaqlarının internetdən, xüsusilə sosial şəbəkələrdən istifadəsinə nəzarət etməsini tövsiyə edir. Eyni zamanda valideynlərin uşaqların psixiloji vəziyyətindəki neqativ istiqamətdə dəyişiklikləri nəzərə almaları və bu məsələyə xüsusi diqqət yetirmələri vacib hesab olunur.

Uşaqların internetə valideynlərin də istifadə etdiyi kompüter üzərindən daxil olması məqsədəuyğundur.

Bundan başqa, uşaqların istifadə etdiyi bütün elektron cihazlarda valideyn nəzarət sistemi üzrə alətlərin quraşdırılması vacibdir.

Valideynlər övladlarının “Mavi balina” oyununu oynadığını fərq etdiyi təqdirdə ilk növbədə bütün elektron alətlərdən internetə daxilolmanı kəsmələri məsləhətdir.

Uşaq və Ailə Mərkəzinin rəhbəri, uşaq psixoloqu Kəmalə Baxış Teleqraf.com-a “Mavi balina” adlı oyunun uşaqlara təsirindən danışıb:

“Hər bir ailədə azyaşlı uşaqlar var və onlara nəzarət mütləqdir. Nəzarətsiz qalan uşalar “Mavi balina” kimi oyunları oynamağı təbiidir. Həmin oyunlarda da çox emosianal təzyiq aldıqları üçün tələb olunan şərtləri yerinə yetirirlər. Bu, ancaq internet olan yerdə mümkündür. Buna görə də, uşağa nəzarət güclü olmalıdır. Yəni hər axşam uşağın hara girdiyi, hansı saytlarda olduğuna baxmaq lazımdır. Amma uşağa bildirməməlidir ki, onu izləyir. Bu cür oyunlar cəncirvari oyunlardır. Bir uşaq orada iştirak etmək üçün arxasıyca azı 10 nəfər gətirməlidir. Bu da məcburidir və oyunun ən pis tərəfidir. Oyunda uşaqlara “o biri dünyada daha yaxşı yaşayış var kimi mesajlar ötürülür”.

Psixoloq əlavə edib ki, valideyinlər uşaqlarla ünsiyyəti genişləndirməlidir: “Uşaq qapalı bir yerdə, bir işlə məşğul olursa, bu, artıq neqativ bir vəziyyətdir. Uşağa qadağa qoymaq lazım deyil. Çünki qadağa qoyulsa, uşaq başqa yerlərdən internetə giriş edəcək. Əgər belə oyunlara uşaqda maraq, istək varsa, onunla böyük bir insan söhbət etməlidir. Oyunun əsas məqsədini araşdırıb, uşağa izah etməlidir. Zərərli cəhətləri uşağın diqqətinə çatdırılmalıdır. Həmin oyunlar narkotik kimi asılılıq yaradır. Hər bir asılılıq da psixoloji xəstəlikdir”.


Share: