YER ÜZÜNÜ ULDUZLARDAN SEYR ETMƏK… – Əntiqə Qonaq yazır

YER ÜZÜNÜ ULDUZLARDAN SEYR ETMƏK… – Əntiqə Qonaq yazır

 Onunla keçən əsrin sonuncu qərinəsindən tanışam – 1977-1978-ci illərdən. Universitetin jurnalistika fakültəsinə qəbul olunduğumuz zamandan. İlk baxışda özündən razı təsəvvürü yaradan, əslində daha çox qürurlu və sözü üzə deyən, sadə və səliqəli geyimli, nizamlı, tərbiyəli, çalışqan, həm də istedadlı idi. Özünün də dediyi kimi, dərslərin, semestr imtahanlarının ağırlığından və məsuliyyətindən heç bir- birimizlə əməllicə tanış olub dostluq da edə bilmirdik. Hərə öz probleminin hayındaydı. Yuxarı kurslara yüksəldikcə peşəmizin incəliklərini öyrənməklə yanaşı, ixtisaslaşmaya bölündük. Mən radio – televiziya bölümündə idim, Ulduz isə qəzetçilik. Buna baxmayaraq, universiteti bitirər-bitirməz onu da özümlə radioya apardım və bizim bərabər müəllif verilişlərimiz hazırlandı və efirə getdi. Yəni Ulduz da mənim kimi, janrından və mövzusundan asılı olmayaraq müxtəlif səpkilərdə yazılarin öhdəsindən məharətlə gəlirdi. Bu o zamanlar idi ki, biz özümüzdən başqa hamıdan yazırdıq. Bəzən qəlbimizcə olan yazıları min bir həvəslə qələmə alırdıq, bəzən də çalışdığımız mətbu orqanının rəhbərinin planlı tapşırıqlarını məcburiyyət qarşısında yazırdıq. Amma heç ağlımıza da gəlməzdi ki, vaxt gələcək bir-birimizdən yazacağıq. Bildiyimcə, bunun üçün həm məqam yetişməliydi, həm də biz yetişib püxtələşmiş formada olmalıydıq. Bizdən yazılacaq nələrsə ortaya qoymalıydıq, həyatımızı dolu yaşamalıydıq. Beləliklə… Tələbəlikdən ara-sıra yazdığı şeirləri ortaya çıxaran, bizim təhlilimizi maraqla dinləyib müzakirələrə qoşulan Ulduz İmanova bir də gördük Ulduz Qasım imzası ilə kitablar çıxarmağa başlayıb. Və bu romanlarda tələbəlik sərgüzəştlərindən tutmuş müharibəli günlərİmiz, məğlubiyyətimiz, qaçqın və məcburi köçkün həyatımız, Zəfər tariximiz, xalqımızın bu günkü həyatı, problemlərimiz və s. və i.a. yer alıb. “Tələbə gündəliyi”, “Açılmayan sirlər”, “Qürbət zöhrəsi”, “Mən aşiqəm Qarabağda”, “Xocalı şikəstəsi”, “Qarabağda qiyamət”, “Qaçaq Aslan”, “Solmayan nərgiz”, “Ağ göyərçinlər”, “Badamgözlü”, “Maral”… Hələ davamı gəlir. Bir hissəsi nəşriyyatda, bir hissəsi əlində bitirməmiş… Maraqlısı odur ki, tələbəlik illərinin bərabər yaşadığımız sərgüzəştlərlə dolu, biri – birindən rəngarəng və yaddaqalan, acılı-şirinli anlarını qələmə alıb kitaba çevirmək yalnız Ulduzun ağlına gəldi. Bir də gördük “Tələbə gundəliyi” adlı kitab artıq hazırdı. Və bu kitabda qrupumuzun bütün üzvləri özünü görə bilirdi. Yaxud da, qrupumuzda əslən Güney Azərbaycandan gəlmiş Beytulla Borci adlı bir oğlan da vardı. Ədəbiyyat fənnini tədris edən Yolcu müəllim (Allah rəhmət eləsin) Beytullanı tez-tez sorğu- sual edərək o tayla bağlı sorğular soruşurdu. O zaman bizə adi görünən Təbriz küçələrinin təmizliyindən tutmuş kanalizasiya sisteminədək çoxlu suallar verirdi. Beytulla da ayağa qalxıb ədəb və nəzakətlə bütün sorğuları cavablandırdı. Beytullanın valideynləri övladları ilə bərabər Xaçmaz rayonunda yaşamlarını sürdürürdü. Xaçmazda hamı onun atasını çayçı Aslan deyə çağırırdı. Aslan kişini inqilabi fəaliyyətinə görə İran dövləti təqib edərək həbsə salmaq istəyib. O da bu taya pənah gətirmişdi. Bəs, Ulduz nə etdi? Aslan kişinin Güneyli Qüzeyli həyat hekayəsini, inqilabi fəaliyyətini dərindən öyrənərək bura yazıcı təxəyyulünün məhsulu olan bədii obrazlar qalereyasını, yaradıcı yanaşmalarını əlavə edərək “Qaçaq Aslan” adlı mükəmməl bir əsər ortaya qoydu. Yazıçı fəhmi, yazıcı istedadı bu demək məncə. Qorkinin təbirincə desək, hamının görərək əhəmiyyət vermədiyi bir olaya həyat verərək, onu bədii obrazların diliylə oxucuya çatdırmaq. Ulduz bunun öhdəsindən bacarıqla və mükəmməlcəsinə gəldi. Əhsən sənə Ulduzum. Bir maraqlı məqama da toxunmaq istəyirəm. Ulduz 40 ilə yaxındır Vətənimizdən çox uzaqlarda, soyuq Moskvada yaşayır. Amma ana Vətəndəki bütün hadisələri şəxsən yaşamış kimi birər-birər əsərlərində nəzmə çəkir. Burda bir haşiyə çıxmaq istəyirəm. (Tələbəlik illərində biz Ulduzu bəzən Əsmər çağırdıq. Bu da onun zahirən “Gün keçdi” filminin baş rollarından biri Əsmərə çox bənzəməsindən irəli gəlirdi. O bizim Əsmər dərili Əsmərimiz idi. Qəribəsi də o idi ki, Ulduz da məhz Əsmər kimi mühacir həyatı yaşamalı oldu. Vətəndən uzaqlarda, insanları da havası kimi soyuq Rusiyada). Amma bu soyuqlar, bu şaxtalı havalar tanıdığımız Ulduzun isti qəlbinə təsir edə bilmədi. Onun daim vətən həsrətilə döyünən, Azərbaycanla vuran ürəyi bir an da olsun rahatlıq tapmadı, dincəlmədi. Bir tərəfdən doğulduğu Cəbrayıl rayonunun və Mehdili kəndinin 30 il erməni işğalında olması, qohumları və doğmalarının məcburi köçkün həyatı yaşamaları onun qələmini süngüyə çevirməsinə səbəb oldusa, digər bir tərəfdən də xalqımızın başına gətirilən olmazın bəlalar bir vətəndaş kimi, bir yazar kimi ondan yan keçə bilməzdi. Ulduz da sakit dura bilməzdi, gecəli – gündüzlü dinclik bilmədən respublikamızın həyatında baş verənləri izlədi, radiodan, televiziyadan, qəzetlərdən, sosial mediadan… Müharibə iştirakçıları ilə zəngləşdi, onlarla ünsiyyət yaratdı. Real vəziyyətdən xəbərdar oldu, öyrəndiklərinə, eşitdiklərinə yaradıcı təxəyyülünü də qatdı. Bəzi faktları olduğu kimi təqdim etdi, bəzilərinə yazıçı fantaziyasını, bədii təhkiyə üsullarını, ədəbi-bədii formaları əlavə etdi. Sonunda bir – birinin ardınca mükəmməl romanları, povestləri ortaya çıxdı. Ulduz elə bil sabahdan axşama bu hadisələrin içində olmuşdu. Öz gözləri ilə görüb qulaqları ilə eşitmişdi. Amma əslində görən də onun Vətən sevdali ürəyi, duyan da həssas qəlbi idi. Ürəkdən yanmasan, qəlbən Vətənə bağlı olmasan bu mümkün deyil. Bəzən mənə elə gəlir ki, Ulduz sanki səmada bərqərar olub yer üzünü ulduzlardan seyr edir. Yer üzünü oradan görür və nəzərindən kiçik bir nüans da qaçmır. Hər şey onun nəzarəti altındadır və baxır, görür, təhlil edir, nəticə çıxarır. Sonunda oxucularının bəxti gətirir, gözəl bir əsəri ərsəyə gəlir. Onun məhsuldar və çoxşaxəli fəaliyyəti, rəngarəng və geniş mövzulu yaradıcılığı barədə saatlarla danışmaq, günlərlə fikir yürütmək olar. Əsərləri haqqında nə qədər desən yazmaq, müzakirələr aparmaq mümkündür. Mən isə bunu gələcək yazılarıma və onun daimi oxucularının İxtiyarına buraxıram. Və yeni – yeni əsərlərini səbrsizliklə gözləyirəm. Yaz, yarat Ulduzum, Vətən üçün, insanlıq üçün döyünən qəlbin hər zaman var olsun.

Əntiqə Qonaq,

əməkdar jurnalist

Share: