Yerində olan xidmət rəisi

Yerində olan xidmət rəisi

Bu bir danılmaz faktdır ki, ölkəmizin milli təhlükəsizlik xidmətinin fəaliyyəti yüksək səviyyədədir. Onlar dövlətimizi terrordan, radikal qruplardan, cəsuslardan, vətən xainlərindən və bir sözlə müxtəlif qanlı hadisələrdən rəşadətlə qoruyurlar. Təsəvvür edin ki, təkcə qonşuluqda yaşayan düşmənimizin onlarla terror təşkilatı var. Onların ən böyük arzusu isə Azərbaycan torpaqlarını işğal etmək, Vətənimizi od içində görməkdən ibarətdir və bununla bağlı məkirli planları çoxdur. Bəli, bu arzunu onların ürəyində qoyan, hər hansı bir təxribatın ölkəmizdə baş tutmasının qarşısını alan, məhz Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarıdır…

Son dərəcə güclü, hissləri açıq, soyuqqanlı, iradəli adamdır. İrəlini görmə qabiliyyəti onu heç vaxt yanıltmır, gələcəklə bağlı təxminləri adətən gerçəkləşir. Ömrü şərlə mübarizədə keçib. Zəfər qazanmaq onun alın yazısıdır və uğur onu hər yerdə, hər zaman müşaiyət edir. Onun üçün kölgədə qalan elə bir sahə yoxdur. Bütün mövzularda mütəxəsis səviyyəsində fikir yürüdə bilir. Hər kəsə və heç nəyə asanlıqla inanmır, amma inandıqlarını müdafiə etməkdən də heç vaxt çəkinmir. Ünsiyyətdə həddindən artıq həssas və diqqətlidir. Qarşısındakı insanın həqiqətən səmimi olduğuna əmin olmasa ünsiyyətə girmir. Meyarı həyatda və fəaliyyətdə hər zaman dəqiqlikdir. Düşüncələri ülvidir, davranışı yüksək mədəniyyət çərçivəsindədir…
Haqqında söhbət açdığım general-polkovnik Əli Nağıyev 1958-ci ildə Naxçıvan MR-in Babək rayonunda dünyaya gəlib. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsilə yiyələnib. 1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində və sonradan Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət edib. Dövlət Başçısının 16 mart 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini təyin olunub. 27 mart 2006-cı ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
2011–2019-cu illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidentinin 5 avqust 2014-cü il tarixli sərəncamı ilə ona III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Prezidentin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. 27 iyun 2019-cu ildə Əli Nağıyevə general-leytenant, 7 dekabr 2020-ci ildə isə general-polkovnik ali hərbi rütbəsi verilib…
Alicənablığı, ağayanalığı ilə fərqlənir, həm də çox təvazökardır. Heç vaxt insanlara yuxarıdan aşağı baxmır. Mehriban davranışı ilə tanıyanlarının ürəyində yuva qura bilib. Sadə adamlara əl tutmağı, yardım etməyi xoşlayır…
Birinci Qarabağ müharibəsində, cəbhə bölgəsində onun müxtəlif əməliyyatlarda zabit kimi iştirakını əks etdirən video görüntülərə illər öncə çox rast gəlmişəm. Hələ xidmət rəisi olmamışdan çox-çox əvvəl sücaəti ilə bir sıra orden və medallara layiq görülüb. Bu sırada “Azərbaycan Bayrağı”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərini və “İğidliyə görə”, “Vətən uğrunda”, “Vətənə xidmətlərə görə” medallarını sadalamaq olar. İkinci Qarabağ müharibəsindən sonra isə o, Ölkə Başçısının sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə”və “Zəfər” ordenləri ilə təltif olunub…
Vəzifədə çox ciddi və məsuliyyətlidir. Rəhbərlik etdiyi qurumda sağlam mühit yarada bilib. Əməkdaşlara qarşı tələbkar olduğu qədər, bir böyük qardaş kimi qayğısını da əsirgəmir. Peşəkar kadrlara önəm verir. Qurumun müasir avadanlıq və cihazlarla təmin olunmasında misilsiz xidmətləri var. Bəli, bu gün Azərbaycanın terrorun hədəfinə gəlməməsi əsasən Ölkə Rəhbərinin düzgün xarici siyasəti və ölkəmizin təhlükəsizlik xidmətinin fəaliyyəti ilə bağlıdır…
Xoşbəxt o adamlardır ki, doğum günlərini hər hansı bir ümummilli bayramla eyni gündə keçirirlər. Haqqında söhbət açdığım Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev də belələrindəndir. Artıq 3-cü dəfədir ki, öz ad gününü noyabrın 8-də, Zəfər Günündə keçirəcək.
Həm Zəfər Günü və həm də doğum günü münasibəti ilə cənab general-polkovniki təbrik edir, möhkəm cansağlığı, şərəfli işində uğurlar arzulayıram!
Elman Eldaroğlu
Share: