“Yetər ki, sən qürub etmə, qocalma, Şair!” – Ramiz Rövşənlə görüş…

“Ağacı sev, küləyi sev, adamı sev, özünü sev, səni incidən qəlbi sev. Yetər ki, sev… mütləq sev ki, qəlbinə boşluq dolmasın.” Eşq şairi, özü-sözü sevgi doğan, sevgidən doğulan çinar adam kilidli qəlblərimizə “Sevgi açarı” ilə dərman oldu bu gün.

Publika.az xəbər verir ki, mayın 15-də “LİBRAFF Park Akademiya” kitab mağazasında görkəmli söz ustamız Ramiz Rövşənin “Sevgi açarı”, “Gizlənmişəm, tap məni”, “Göyərçinim, gəl görüm” kitablarının təqdimatı və imza günü keçirildi.

Körpədən qocaya hər kəsin ruhunu misralarına bələyən Ramiz Rövşən adlı söz ziyafətinə toplaşdıq. İşiğının zərrəsində çimməyə gələn izdihamın içərisində üzə-üzə yanına yanaşdıq. Şair hər kəsi uşaq saflığı ilə salamlayıb, kitabında köç salan şeirlərindən danışdı. Bu dünyanın bünövrəsi-məhəbbəti öz dilində vəsf etdi. Üfürə-üfürə düzüb-qoşduğu misraların ətiri zala yayıldıqca, hər kəs sehirləndi sanki. Nirvananın zirvəsindən hər kəs Ramiz ucalığına doğru əl uzadıb suallara qərq etdi. Bəlkə də ilk eşqi rövşənli Ramiz olan bir qadın titrəyərək: Şair, şeirlərinin ünvanı o bəxtəvər kimdir? – deyə soruşdu. Bir az yalan, çoxlu gerçək dolu mətin səslə “o mənim evimdədir” cavabını verdi.

Eşqnamələr, şairin qəlbinin hər yaddaşa həkk olunan parça-parça misraları divarlara hopdu. Amma məni bir doğma bənzərlik kövrəltdi. Ramizi çox sevən söz adamı mikrofonu əlinə alıb: Mən kasıb ailədə böyümüşəm. Anam şorba bişirəndə hərəmizin boşqabına bir tikə ət atardı. Mən o tikəni ağzımın ən əziz dadı kimi sona saxlardım. Ramiz bəy, sizin qəlbinizin səsi mənim həmin o dadlı tikəmdir – dedi. Uşaq qəlbli qoca şair mərasimə toplaşan balacaları da unutmadı. Hər uşağın dodağına bir şeir qondurdu. Uşaq ədəbiyyatımızla bağlı söylədikləri o qədər çağdaş, elə müdrik idi ki, düşüncələrinə bir daha vuruldum: Ədəbiyyatımızın uşaq şeirləri adətən rəhmsiz güclü cəngavərlər yetişdirmək məqsədi güdür. Biz gələcəyimizin rəhminin də, gücünün də miqdarını bərabərləşdirməliyik, yoxsa cəmiyyətdə yerlərini tapa bilməyəcəklər. Gücsüz şəfqət, şəfqətsiz güc qədər acizdir.

Görüş göz qırpımında sona çatdı. Barmaqlarım havada qalsa da sualımı şairə pıçıldaya bilmədim. Mən susaram, Yetər ki, sən qürub etmə, qocalma, Şair! Cibimdən tapdığım sehrli açara görə də çox yaşa!

Share: