MEHRİBAN MƏRDANƏ
Pərviz Axundun təqdimatında
O əslində uzun illərdir şeir və pritçalar yazır. Dəftərçəsinə yazdıqlarını heç kəslə paylaşmır, sanki öz yaradıcılığı, öz duyğuları ilə baş-başa qalmaq istəyir. Şeirlərini həssaslıqla, incəliklə yazır. Yazdıqlarının alt qatında kədər cizgiləri sezilir. Bu da təbiidir. Vətən həsrəti, köçkünlük həyatı, bir yandan da həyat yoldaşının vaxtsız vəfatı…
Onun şairlikdə iddiası yoxdur. Düşünür ki, böyük şairlərimizdən sonra yeni nə yazmaq olar?! Mən deyərdim, şərt böyük şair olmaqda deyil, duyğularını ifadə edə bildinsə, oxucular şeirlərindən təsirləndisə, demək, əsl yaradıcılıq elə budur. Vay o kəsin halına ki, ürəyindən keçəni dilinə gətirə bilmir. Atalar deyib, hər ağızda bir dua var. Böyük şairimiz Səməd Vurğun isə ən gözəlini söyləyib: “Deyilən söz yadigardır!”
Haqqında söhbət açdığım qələm sahibi olan bu xanımı yaxından tanıyaq.
Mehriban Mərdanə (Mərdanova Mehriban Kamran qızı) 1971-ci ildə Laçın rayonunun Ağanus kəndində ziyalı ailəsində anadan olub. 1991-1993-cü illərdə M.Əzizbəyov adına Şuşa Mədəni Maarif Texnikumunda təhsil alıb. 1993-1997-ci illərdə S.Vurğun adına Sumqayıt şəhər Poeziya Klubunda kütləvi tədbirlərin təşkilatçısı (metodist) vəzifəsində çalışıb.
Sonralar mədəniyyət sahəsində müxtəlif işlərdə işləmişdir. 2010-cu ildən şəhid Əli Quliyev adına Laçın Şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində müəllim kimi fəaliyyət göstərir.
Yaradıcılığa erkən yaşlarından başlayıb. Poeziya klubunda işlədiyi vaxtlar öz şeirləri ilə tədbirlərdə çıxışlar etmiş, şeirləri müxtəlif mətbu orqanlarda çap olunmuşdur. Sonrakı illərdə ailə-məişət qayğıları, həyat yoldaşının gənc yaşda vəfat etməsi onun yaradıcılığına da mənfi təsir etmiş, uzun illər şeirlərini üzə çıxarmağa, çap etdirməyə marağı və macalı olmamışdır.
Mehriban Mərdanəyə bundan sonrakı yaradıcılıq fəaliyyətində uğurlar arzulayıram və bir neçə şeirini oxuculara təqdim edirəm.
ÖMRÜM BARƏDƏ
Çoxu getdi, azı qaldı,
Bir nəfəslik yazı qaldı;
Elə bilməyin ki, baldı,
Bir zəhərli mardı ömrüm.
Bəxtim mənə tən olmadı,
Qədrimi bilən olmadı,
Üzümə gülən olmadı…
Sevincə məzardı ömrüm.
Olan olub, qəm eləmə,
Gözlərindən nəm ələmə.
Mərdanəyəm, gözəl dəmə
Yetmədən qurtardı ömrüm…
ANAMIN XATİRƏSİNƏ
İsinmir otağım, yanmır ocağım,
Səni itirəndən, vallah, ay ana.
Daş olub yatağım, tikan qucağım,
De, kimə aparım pənah, ay ana?!
Mənə dayaq oldu qabar əllərin,
Sənsiz yaşamağım günah, ay ana.
Yadıma düşəndə bəyaz tellərin,
Ucalır qəlbimdən min ah, ay ana.
Oğlundan, qızından kam almamışdın,
Adından iraqdı tamah, ay ana.
Mənim gözlərimdə qocalmamışdın,
Sənə necə qıydı Allah, ana?!
QURDA-QUŞA TUŞ OLMUŞAM
Yoxdur anam, yoxdur yarım,
Gedib əldən ixtiyarım,
Xəzana dönüb baharım,
Qar-boranlı qış olmuşam.
Onlar mənim sirr yerimdi,
Dərd ortağım, hürr yerimdi,
Yurdum, yuvam, pir yerimdi,
İndi köçmən quş olmuşam.
Görməyəydim belə sitəm,
Qamətimi əyibdi qəm,
Yetim bir quzu kimiyəm,
Qurda-quşa tuş olmuşam.