YETMİŞ YAŞIN ÜÇ GERÇƏYİ…
32 il öncə qələmə aldığım portret yazının qəhrəmanına yenidən dönürəm. Bəlkə də bəzilərinə qəribə gələ bilər. Amma bu bir həqiqət və reallıqdı… Bəlkə də, bu, hər ikimizin dostluğa, tanıdıqlarımıza böyük önəm verməyimizdən, qarşılıqlı hörmət və sayğıdan, təmənnasız münasibətləri qoruyub-saxlaya bilmək bacarığımızdan, bizin üçün ali sayılan dəyərləri qiymətləndirmək qabiliyyətimizdən irəli gəlir. Bunlar da çox mühüm nüanslardı.
Hüseynli Ruhəngül Paşa qızı 1949-cu il iyulun 19-da Ağdaş şəhərində ziyalı ailəsində doğulub. Atası nəqliyyat mühəndisi, anası Neylufər xanım isə filoloq idilər. Ailədəki beş uşağın hamısı təhsil alaraq seçdikləri ixtisaslara uyğun çalışıblar. İlk övlad olan Ruhəngül isə atasının sənətinin ardınca gedib. 1966-cı ildə Ağdaş şəhərindəki S.Vurğun adına orta məktəbi əla qiymətlərlə bitirərək Neft Kimya İnstitutunun iqtisadiyyat fakültəsinə daxil olub və 1971-ci ildə oranı fərqlənmə diplomu bitirib. Elə həmin ildən də Avtomobil Nəqliyyatı Nazirliyinin Sərnişin Daşıma İstehsalat birliyində iqtisadçı kimi işə başlayıb. Olduqca çətin və məsuliyyətli olan belə bir sistemdə aparıcı vəzifələrdə əksərən kişilər çalışırdılar. Belə demək mümkünsə, kişilər üçün də ağır sahə sayılırdı. 22 yaşlı gənc bır qızın əmək fəaliyyətinə burada başlaması və düz 45 il eyni sahədə – bunun 40 ilini şöbə müdiri kimi çalışması məncə onun haqqında bütün müsbət nə varsa açıb göstərir…
1980-ci illərin ortaları. O zaman heç 40 yaşı yox idi. Avtomobil Nəqliyyatı Nazirliyinin aparıcı şöbələrindən birinə – əmək haqqı şöbəsinə rəhbərlik edirdi. Mən də təyinatla həmin nazirliyin orqanı olan “Magistral” çoxtirajlı qəzetində müxbir işləyirdim. Qəzetdə gedəcək məlumatlarla əlaqədar onunla sıx-sıx görüşürdüm. Masanın üstü sənədlərlə dolu olurdu. Başını qaldırıb söz söyləməyə belə zamanı olmazdı. Amma hər dəfə məni diqqətlə dinləyər və şöbənin işçilərinə lazımı məlumatları hazırlatdırıb qəzetdə çap olunması üçün verərdi. Arada əlindəki qələmini masanın üstünə qoyub mənə şəxsi suallar da verirdi. Orada təyinatla çalışdığımı bildiyi üçün israrla gənc mütəxəssis kimi ev növbəsinə dayanmağımı tövsiyə etdi. Mən onun məsləhətinə qulaq asdım və 1990-cı ildə ilk mənzilimə köçdüm. Bu da böyük məsləhətinin və xeyirxahlığın əsl nümunəsi. Bir insanın həyatını və yaşam tərzini kökündən dəyişəcək bir məsləhət və xeyir-dua. Çox sağ olun həyatımda əziz və səmimi insan olan Ruhəngül xanım.
Daha sonra 8 mart beynəlxalq qadınlar bayramı ərəfəsində redaktorumuz, istedadlı jurnalist və peşəkar tərcüməçi Teymur Xaspoladov mənə Ruhəngül xanım haqqında portret yazı yazmağı tapşırdı. Bunu gözləyirəmmiş kimi çox sevindim, həmən qeyd dəftərçəmi götürüb onun çalışdığı mərtəbəyə qalxdım və fikrimi bildirdim. Təvazökarcasına: “Mən qeyri-adi bir iş görmürəm, sadəcə vəzifəmin məsuliyyətini dərindən başa düşürəm və bunu vicdanla yerinə yetirməyə özümü borclu bilirəm. Özüm haqqında başqa nə deyə bilərəm ki…”, – söylədi. Amma mənə onun haqqında, daha doğrusu, həyatının, təhsil və işinin rəqəm göstəricilərini bilmək yetərdi. Digər xüsusiyyətləri haqqında kifayət qədər məlumatlı idim. Beləcə, 32 il öncə Ruhəngül xanımdan “Məhəbbət tükənmir” sərlövhəli yazı yazdım və məqalənin adını da onunla əsaslandırdım ki, hər şeydə məhəbbət gərəkdi. İşə yanaşmada, insanlarla ünsiyyətdə, valideynə və övlada münasibətdə, həyata baxışda… Sevgisiz heç nə mümkün deyil. Qəlbinin hiss və hərarətini qoymadığın bir iş kamil olmaz heç bir zaman. Həqiqətən də, bu belədir. Onun sonrakı həyat yolu bir daha bunu sübut etdi.
Təbii ki, Ruhəngül xanım tək mənə qarşı beləcə diqqətli və qayğıkeş olmayıb. Onun gəncliyindən təqaüd yaşınadək eyni kollektivdə çalışaraq burada yetərincə hörmət-izzət sahibi olmasına səbəb də elə bu keyfiyyətləridir.
Əmək yoluna nəzər salanda görürük ki, 1974-cü ildən 2015-cü ilədək nazirliyin əmək haqqı, iqtisadiyyat, maliyyə-iqtisadiyyat şöbələrində müdir vəzifəsində çalışıb. Onun çalışdığı illərdə nazirliyin 640 müəssisəsində 64000 nəfər işçi çalışıb. Və bu işçilərin hamısının əmək haqqları ilə bağlı bütün problemləri şöbədə həllini tapıb. Bu sahədə çalışan mütəxəssislər yəqin ki, iş yükünün və məsuliyyət hissinin nə dərəcədə ağır olduğunu bilməmiş deyillər. Yük maşınları, avtobus və taksi müəssisələrinin (o zamanlar park adlanırdı) təmiri, yeni avadanlıqlarla təchiz edilməsi, yenilərinin tikilməsi, avtonəqliyyat müəssisələrinin fəaliyyətinə nəzarət və s. məsələlər bilavasitə onun nəzarəti altında həyata keçirilirdi. Bundan başqa nazirlikdə təcrübə keçən ali məktəblərin son kurs tələbələrinin, işə qəbul olunmuş gənc mütəxəssislərin əksəriyyəti Ruhəngül xanımın rəhbərlik etdiyi şöbədə istehsalat təcrübəsində olublar. Və həmin gənclər sonradan çalışdıqları sahədə qazandıqları müvəffəqiyyətlərə görə həmişə ona minnətdarlıq ediblər.
Ruhəngül Hüseynlinin adı çəkiləndə hamının üzündə qəribə bir təbəssüm və məmnunluq hissi sezilib. Çünki kimsənin haqqına girməyib, özündən incik salmayıb, hər zaman işinin başında, gərəkən yerdə olub. İş yoldaşlarına həmişə zaman ayırıb, onların xeyrində-şərində nəinki iştirak, həm də böyüklük edib.
Çox maraqlı nüanslardan biri də Ruhəngül xanımın 70 illik həyatının nəzəri cəlb edən üç məqamıdır. Orta məktəb, institut illəri və bir də 45 il çalışdığı nəqliyyat sistemi. Ətrafındakı dostların da əksəriyyəti bu üç kollektivdə qazandıqlarıdır. Əmək kitabçasında yalnız bir müəssisənin adının yazılması nə deməkdir sizcə? Mən bu cür adamlara çox az-az rast gəlmişəm. Bu, bir insanın çalışdığı yerdə gərəkli olduğunun göstəricisidir. İşinin peşəkarı, zəhmətə bağlı, kollektivlə qaynayıb-qarışan, işçilərlə dil tapmağı bacaran, rəhbərliyin hörmət və rəğbətini qazanan, tam yerində olan biri deməkdir. Məhz buna görə də, nöqsansız işləmiş, bir dəfə də olsun irad və ya xəbərdarlıq almamış, əksinə, dəfələrlə nazirliyin rəhbərliyi tərəfindən fəxri fərmanlar, təşəkkürlər, pul mükafatları, qiymətli hədiyyələrlə təltif edilmişdir.
O həmçinin çox vətənpərvər və qəlbi yurd sevdası ilə coşub-daşan bir xanımdır. Yaxşı yadımdadı, erməni quldurlarının Qarabağın dağlıq hissəsinə hücumları başlayan gündən onun bir ayağı cəbhə bölgəsində idi. Ordakı avtomobil müəssisələrini və hərbi hissələri lazımı nəqliyyat vasitələri ilə təchiz etmək, onları qaynar nöqtələrədək müşayiət etmək, hərbçilərlə sıx ünsiyyət qurmaq, onlara mənəvi dəstək olmaq, qaçqın və və köçkünləri müharibə zonasından təhlükəsiz ərazilərə köşürüb yerləşdirilmək, onların ev əşyalarııının daşınması üçün nəqliyyat vasitələrini təhkim etmək həyatının ən önəmli tərəfinə çevrilmişdi. Hər şeyə nəzarət edir, kiçicik bir detalı da diqqətdən qaçırmamağa çalışırdı.
Ruhəngül xanım işində olduğu kimi şəxsi həyatında da nümunə göstərən, qarşılıqlı hörmət və sayğı, sevgi və sədaqət üzərində ailə qurub onun başında duran bir xanımdır. İnstitut illərindən tanıdığı və geologiya fakültəsində təhsil alan Məhəmməd Hüseynli ilə evliliyi çoxlarına nümunə olub. Ömür-gün yoldaşı dünyasını dəyişənədək qarşılıqlı anlaşma və təmənnasız hörmətlə sürdürüblər həyatlarını. Qızı Nailə valideynləri kimi Neft Akademiyasını bitirib, iqtisadçıdır. Həyat yoldaşı Valeh də nəqliyyatçıdır. Oğlanları Məhəmməd Ekologiya litseyinin 5-ci sinfinə qəbul olunub.
Oğlu Fuad isə iki ali təhsil alıb. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini və Polis Akademiyasının hüquq fakültəsini bitib. Gəlini Cəmilə həkimdi. Böyük nəvəsi Fərhad bu il Azərbaycan Diplomatik Akademiyasına daxil olub. Kamran isə orta məktəb şagirdidir.
Səmimi və həyatsevər insan , yüksək mədəniyyəti və əxlaqı ilə nümunə olan, peşəkar mütəxəssis və xanım-xatın Ruhəngül Hüseynli həyatının ən kamil dövrünü yaşayır. Ona həyatda can sağlığı, övlad və nəvə sevincini bol-bol yaşamağı, yenə də hamının sevimlisi olmağı və Qarabağımızın qalibiyyətini yaşamağı arzulayırıq.
Əntiqə QONAQ,
əməkdar jurnalist