Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Yevlax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin isti izlərlə açılması təmin edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir.
Belə ki, yanvarın 10-u saat 22 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovun yaşadığı ünvanda öldürülməsi barədə məlumat daxil olub.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.
Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.