Şəki Ağır Cinayətlər Məhkəməsində Yevlaxda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Səbuhi Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 12 müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 14 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Yevlax rayonu ərazisində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Səbuhi Həsənov yaşadıqları evdə hamilə arvadı Aysun Məmmədlini, onun anasını, xalasını və qardaşını bıçaqlayıb.
Xəstəxanaya çatdırılan yaralıların həyatını xilas etmək mümkün olub. Səbuhi Həsənov məhkəmədə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, Aysunu qısqanclıq zəminində bıçaqlayıb. Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı ona xəyanət edib, üçüncü uşaq başqa kişidəndir.
Qeyd edək ki, hadisədən bir neçə gün sonra zərərçəkmiş Aysun Məmmədli üçüncü uşağı dünyaya gətirib.