Novruz xalqımızın ən qədim və sevimli bayramlarından biridir. Yevlaxda birlik, bərabərlik, qardaşlıq bayramı olan Novruz böyük təntənə ilə qeyd edilib.
“Qafqazinfo” xəbər verir ki, bayram tədbirində Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, YAP Yevlax Rayon Təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri iştirak ediblər.
Bayram tədbirində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı qələbə nəticəsində Novruz bayramının 30 ilə yaxın həsrətdən sonra artıq 3-cü ildir ki, Qarabağda böyük sevinc hissi ilə qeyd olunduğu, bayram tonqallarının Qarabağda – Şuşada, Ağdamda və digər azad edilmiş torpaqlarımızda alovlandırıldığı bildirilib.
Bayram tədbirində Novruzun ənənəvi personajlarının iştirakı ilə müxtəlif proqramlar təşkil olunub. Populyar müğənnilər Nərmin Kərimbəyova, Könül Məhərrəmli, Səttar Rizvanoğlu, Sabir Hüseynov, Zülfiyyə Hacıyeva, eləcə də tanınmış estrada-caz qrupu, digər incəsənət ustaları, rəqs kollektivlərinin ifasında milli-mədəni dəyərlərimizin rəmzi sayılan mahnılar və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.
Yevlaxlılar Novruz bayramını qalib ölkənin qalib vətəndaşı kimi böyük sevinc və fərəhlə qeyd ediblər.