Tarixin sınağından çıxmış bir həqiqət var: İmperiyalar millətlərin əsarət altına alınması prinsipi üzərində qurulsa da, elə bu prinsip səbəbindən də dağılır. Başqa sözlə, imperiyaları yaşadan da, onları məhvə sürükləyən də əsarət altındakı millətlərdir. Bu özünü zərurət kimi göstərir. Qoca tarix çox imperiyalar yaşadıb öz xatirəsində. Bunlardan tarix səhnəsini tərk edənlər də var, bu gün süqut ərəfəsində olanlar da. Əslində bütün imperiyaların süqut hökmü yarandığı andan verilir. İnsan doğulandan onun ölümünün labüd olduğu kimi…
Yazımızın hədəf nöqtəsi tarixin mövcudluq bölgüsündə ikincilər-süqut ərəfəsində olanlar sırasında duran İran adlanan molla rejimi və ona qarşı savaşımızdır. İslam dini altında pərdələnən, XXI əsrdə dünyanın insanlığa sığmayan idarəetməsini özündə yaşadaraq “xalqlar həbsxanası”na çevrilmiş bu quruluş 40 milyon soydaşımızın milli və insani hüquqlarından məhrum etmiş, milyonlarla soydaşımızı vətənindən didərgin salmışdır, minlərlə insanımız həbsxanadadır, bir o qədər şəhidiniz var… Bu gün sivil dünyaya təhlükə olan İran rejiminin ən böyük zərbəsi məhz Arərbaycan Türklərinə dəyir. Dünya Azərbaycanlılarının tək siyasi sığınacağı olan Azərbaycan Respublikası rəsmi dövlət siyasətində soydaşlarımızın haqqını yetərincə müdafiə edə bilməsə də, istiqlalımızın və fikir azadlığının verdiyi imkanlar milli qüvvələrin bu istiqamətdə mücadiləsini gerçəkləşdirir. Quzey Azərbaycanın dövlət müstəqilliyinin əsasını qoyan Meydan hərəkatında belə “Təbriz” əsas şüarlardan biri olub. Türkçülük sevdalısı olan hər bir Azərbaycan vətəndaşı Güney Azərbaycan adına hər zaman ayaqda olub. Amma fars-molla rejiminin istilasına son verib istiqlal qazanmaq üçün bu yetərlidirmi?…
Şah hökumətinin devrilməsindən tutmuş, dini rejimin repressiyasına qədər müxtəlif səbəblərdən vətənindən didərgin düşərək dünyanın hər yerinə səpələnmiş milyonlarla soydaşımız var. Onların hər birinin öz vətənini istiqlal və hürriyyət içində görmək istədiyinə şübhə etmirik. Amma istəmək və arzulamaq yetərli deyil. Qarşıda böyük maddi, siyasi, hərbi gücə malik, əlində dini bayraq edib insanların beyninə hökm edən bir şər rejimi var. Belə bir düşmənə qarşı təşkilatlanmış və ağıllı siyasi taktikaya malik bir mübarizə lazımdır. Təəssüf, min təəssüf ki, belə bir mübarizənin şahidi olmuruq. Əksinə, sevimli və sayğıdəyər güneyli qardaşlarımız Avropada, Amerikada, elə Quzey Azərbaycanın özündə də üç-üç, beş-beş bir araya gəlib yetərli təsir gücünə malik olmayan təşkilatlar qurublar. Ümumi gücün parçalanması bəs deyilmiş kimi həmin təşkilatlar da enerjisini bir-birini ittiham etməyə, özünü haqlı, digərini xain çıxarmağa sərf edir.
Ötən illər ərzində Güney Azərbaycan azadlıq hərəkatının lideri olacağına ümidləndiyimiz hər bir şəxs ya siyasi səbatsızlığından, ya da digər bir liderin ardıcıl ittihamları nəticəsində sıradan çıxarılıb. İran kəşfiyyatının gizli sistemli siyasəti, yaxud mühacir soydaşlarımızın özünün yetənəksizliyi və ya ola bilsin ki, digər bir səbəb Güney Azərbaycan mühacir hərəkatını faktiki olaraq iflic vəziyyətə salıb. Hazırki durum isə təəssüf ki, güneyli soydaşlarımızın hələ də səhvlərdən dərs çıxarmadığını göstərir.
İllərlə bir-birini ittiham edib, bir-birini xain çıxaran sevimli soydaşlarımız deyəsən öz aralarında hamıya xain damğası vurub qurtardıqlarından hədəflərini Quzey Azərbaycana keçiriblər. Bu şəkildə münasibətdən lütfən inciməsinlər, son baş verənlər başqa cür düşünməyə əsas vermir. Bir müddət öncə İran Xalq Mücahidləri təşkilatı bir qurultay keçirib və Dünya Azərbaycanlıları Konqresinin sədri, millət vəkili Sabir Rüstəmxanlı onlayn şəkildə bu qurultaya çıxışını göndərib. Sabir Rüstəmxanlının harda çıxış etməsindən asılı olmayaraq, Bütöv Azərbaycan ideyasını əsas tutduğu hamı üçün bəllidir. Onun İran adlanan rejimin maraqlarına xidmət edəcək bir addım atacağını və ya söz deyəcəyini düşmənləri belə dilə gətirməyib. Çünki buna heç kim inanmaz. Necə deyərlər, belə bir iftira şeytanın da ağlına gəlməzdi ki, bizim güneyli qardaşlarımızın ağlına gəlib və bu iftiranı təhlil edib nəticələr də çıxarıblar. Əvvəla, həmin “politoloq” soydaşlarımız bilsinlər ki, Sabir bəyin həmin çıxışına görə İran rəsmi olaraq dövlət səviyyəsində Azərbaycana etirazını bildirib. İkincisi, taktiki gedişlərində dəyişiklik edərək, İran rejiminə qarşı olan dünya güclərinin diqqətini öz üzərinə çəkən Xalq Mücahidləri təşkilatı istəsək də, istəməsək də fars-molla rejiminə qarşı beynəlxalq səviyyədə ən böyük gücdür. “Düşmənimin düşməni mənim dostumdur” prinsipi siyasətin daimi qanunudur. Üçüncüsü, sosial şəbəkələrdə iftira və yersiz ittihamlar səsləndirən soydaşlarımız Güney Azərbaycanın dərdləri ilə bağlı nə zaman böyük bir konfrans və ya qurultay keçiriblər ki, orada ABŞ-ın və ya digər nüfuzlu dövlətin rəsmiləri iştirak etsin? Bilmək istəyirlərsə, Azərbaycanın parçalanma dərdi, İran adlanan yerdə milli və insani hüquqların pozulması haqda ABŞ və Avropa dövlətlərinin rəhbərləri ilə rəsmi görüşlərdə millət vəkili Sabir Rüstəmxanlı söz açıb. Dördüncüsü, Sabir Rüstəmxanlı həmin çıxışında İran rejiminin iyrənc mahiyyətindən, bu rejimin insanların hürriyyət, millətlərin istiqlal haqlarını pozmasından bəhs edib. Burda qəbahətli nə var ki? Azərbaycan ədəbiyyatına “Bütövlük” sözü ilə gəlib, siyasi mübarisəsini Bütöv Azərbaycan üzərində quran biir şəxsi nəinki İran rejiminə xidmət etməkdə, hətta bu rejimə nifrət etməməkdə günahlandırmaq ən yüngül şəkildə ifadə etsək, Allahsızlıqdır!
Əziz qardaşlar, 200 ildir Azərbaycan xalqının dünyanın iki böyük şər imperiyasına qarşı bütövlük və istiqlal mücadiləsinin kökü Haqqa bağlılıqdır. Sizlərin vətən və millət sevginizə şübhə ilə yanaşmaq istəmirik, amma haqsız danışıb, haqqı danıb bu sevgini içində yaşatmaq da mümkün deyil. İllərin vətən həsrətinin, qürbətdə yaşanan zülmün yaratdığı əsəbi və bu əsəbdən irəli gələn xırda yanlışlığı anlamaq olar, amma Yol daşını Yoldaşa atmağı bağışlamaq olmaz! (VHP.AZ)
Nəsimi Şərəfxanlı
Müstəqil.Az