TONQAL BAŞINDA
Tonqal iyi verirsən!” – bir gözəlin sözüydü.
Tüstülü saçlarımı qarışdırıb gülürdü.
Bilmirdi tonqal iyi mənim saçımdan deyil,
Köksümdə tüstülənən ürəyimdən gəlirdi!
Gözlərimin önündə tüstülənən kitablar,
Nəsiminin, Sabirin ruhunda tonqal iyi!
Haqqımı istəyəndə dilimə damğa basan
Adımı yasaq edən qorxumda tonqal iyi!
Tonqal-tonqal işıqdı adlayan əsrləri
Sibirdən üzümüzə sönmüş ocaqlar baxır.
Müşfiqin gur saçları bir tonqalın tüstüsü
Xızıda bir daxmaya dönmək üçün darıxır.
Kimdi budaqlarımı amansız silkələyən,
Qitələrə səpilir bu yetişən barımız.
Mühacir dəstələri ölkələr arasında
Astaca tüstülənən, sönən tonqallarımız!
Gözüm işıqdan doymaz, dilim sözə tamarzı,
O Hadinin ruhudu məzarını soraqlar.
Biz ocaq çatmırıq ki, qalxır zirzəmilərdən
Gözümüzün yaşıyla söndürülən ocaqlar.
Saçımda, paltarımda tonqal iyi, od iyi.
Azadlıq havasında çiçəkləyir daş meydan
Varımı talan edən yalanların içindən
Unudulmuş səsimi mənə qaytarır zaman.
Yerlə göy arasında qalxanda milyon yumruq
Qayıdır bir millətin cavanlığı üzünə
Silaha yadırğamış əllərin gizli gücü
Damla-damla yığışır car çəkdiyi sözünə!
Qeyrət karvanlarıdı keçən uzaq yolları,
Obalardan əlimə milyon əldi uzanan
Tonqalların başında, mütilik şaxtasından
Soyuyan qanımızdı gecə-gündüz qızınan!
Milyon dildə bir hava, milyon əldə bir qılınc,
Çürümüş gövdələrə yarımca zərbəmiz bəs.
Bu meydanın işığı məmləkəti bürüsə,
Qaranlıq ayaq açıb üstümüzə yeriməz!
…Tüstülü saçlarımda titrəyir zərif əllər.
Göz yaşı qorxu dadır: ocağım qaralacaq.
Mən də adi bir kösöy – sönsəm də millətimin
Burnunda həmişəlik tonqal iyi qalacaq!
O TORPAQ BİZLƏRİ GÖTÜRMƏYƏCƏK
Üzümə dağların nəfəsi dəyir,
Alışır, danışır, yanır, inləyir.
Torpağa qayıtmaq asan iş deyil
Bu zülmü bir qərar bitirməyək,
O torpaq bizləri götürməyəcək!
Vətən dağlarında daş olanındı,
Göyündə qanadlı quş olanındı,
Sinəsin açmağa xış olanındı
Ağac ək, toxum səp, yetirməyəcək,
O torpaq bizləri götürməyəcək!
Nə vaxt söz səpmişəm söz göyərdibdi,
Çaşıb köz səpmişəm köz göyərdibdi,
Əyri əkdiyimi düz göyərdibdi,
Get, dərdiyi ovut, başına əl çək,
O torpaq bizləri götürməyəcək!
Hər daş qulağında dilini atdın,
Hər ev divarında əlini atdın,
Özün ölməkdənsə ölünü atdın
Nə qədər istəsən ağla, haray çək,
O torpaq bizləri götürməyəcək!
Bircə yol qorxudan sıyrılmadınsa,
Hər daşa, ağaca sarılmadınsa,
Vətəni qaldırıb qırılmadınsa,
Ruhun da o yurda dönməsin gərək,
O torpaq bizləri götürməyəcək!
Bəlkə qulu olaq, nökəri olaq,
Bəlkə Tərtər olaq, Həkəri olaq,
Namusun haqq-hesab çəkəni olaq,
Yoxsa hər dönüşlə soyumaz ürək,
O torpaq bizləri götürməyəcək!
Bu Vətən dərsləri üsullanmadan,
Gözündə hər daşı qızıllanmadan,
Hərə öz içində qüsullanmadan,
Üz tutub, yalvarıb tövbə etməsək,
Bu torpaq bizləri götürməyəcək!
YOL BİTƏNDƏ
Tanrı bizi yollar üçün yaradıb,
Yol bitəndə – köy çəkəcək özünə.
Sevincimiz meyxanada paylanır,
Qəmimizi ney çəkəcək özünə.
Məlik olsun, kral olsun, şah olsun
Könlümüzü bəy çəkəcək özünə.
Elçiləri Tanrısını unuduan
Bir toplumu mey çəkəcək özünə.
Korumuzdu uçuruma can atan
Karımızı küy çəkəcək özünə!
Allah susur, ancaq Şeytan işində
Min hiyləylə hey çəkəcək özünə!
Nə yaxşı ki, torpaq bizi udanda
Ruhumuzu göy çəkəcək özünə!
YÜKÜMÜZ ARTDIQCA
Hayanda itirdim ruhumu, Allah,
Nə zaman qeyb oldu ilahi eşqim?
Məni böyütdüksə özü böyüyən
O qəhrəman eşqim, o dahi eşqim!
Səsim yer oynadan, göy silkələyən
Nəğmə yox, vurğunluq şövqüydü elə.
Mən idim dünyanın ilk əkinçisi
Səpdiyim ilk toxum sevgiydi elə.
Bəs hardan göyərdi nifrət bu qədər,
Bu şər tarlasını əkən kim oldu?
Haqqın hədiyyəsi – həyat suyunu
Zəhər arxlarına çəkən kim oldu?
Nə zaman cücərdi bu ayrılıqlar?
Bütöv ürəyimdə çatlar hardandı?
Meydan savaşında boyumuz birdi
İndi bu yüzüncü qatlar hardandı?
Yükümüz artdıqca batır səsimiz,
Ay yığımcıl kişi, bu çayı adla!
Biz ruh qanadında sənə uçurduq,
Uça bilərikmi qızıl qanadla?!
İlahi, bu xalqa yazığın gəlsin,
Qaytar, ilk yolunu, izini tanıt!
Ruhunu itirir səndən qopunca
Ona Tanrısını – Özünü tanıt!
QİYAMƏT
Başqasının halalını tumarlamağın
Fərqi yox
başqasının malını qamarlamaqdan.
Əxlaqsızlıq eynidir –
istər şəhvətdə olsun,
istər sərvətdə.
Harama düşkünlük də
fahişəlikdir
İstər vəzifə adı altında,
istər iş.
Ehtiras əsiridir biri,
biri nəfsinə köləymiş.
Başqasının yatağını
pulla alanların
Xəbəri yox –
özünkünün qapılar gəzdiyindən.
Pulsuz-parasız! –
diri ruh, təmiz vicdan
axtarışında.
Göz yaşlarıyla süslənmiş
qızıl tacları
atmaq üçün başından!
Qiyamət yaxınlaşır
əlaməti yazdığım –
mərdliyin, kişiliyin
təmiz ruhların yası –
millət xainlərinə
millətin aldanması.
Bal əvəzinə şəkər,
arılar da saxtakar.
Sələmçi banklar azmış
sırada toxum bankı-
bilmədiyi mayadan
döl alan hamilələr.
Yeni nəsil doğular
dəri içində motor!
Ya da insan qatırı,
milləti – terminator.
Qiyamət yaxınlaşır
adam çox, Əzrayıl tək.
Allahın yeni işi-
Əzrayıl yetişdirmək.
***
Küçə-bazar bir yana,
öz halal mənzilində
şəhidlərin üstündə
yenə cəhcəh vururlar
cəlladların dilində.
körpə vətəndaşıma
düşməni sevdirməyin
fərqi yox millətimə
qıcanan o dişlərdən.
Vətənimə od vuran
o qanlı yürüşlərdən.
Elə bu da tankları
üstümüzə sürməkdi.
Murdar ayaqlarıyla
evimizə girməkdir.
***
Elin son tikəsini
əlindən qapanlara,
millətin göz yaşında
xoşbəxtlik tapanlara,
qızıldan sarayında
çürük ruhları talan,
Nə Qarabağ, nə Təbriz!..
Yurdu pul olanlara
Bu hacı dinsizlərə
məşədi ilanlara
Kim vətəndaş deyərdi?
Kim könlünü açardı?
Kimsə bacarmazdı – bizlər bacardıq!..
***
Bu sonsuz cəhalətdən
bu dağılmaz zülmətdən
bu ağrıdan, möhnətdən
qədirsiz məmləkətdən
kim olsa havalanmış
baş götürüb qaçırdı.
dözmək – ölümdən betər
kimsə bacarmazdı –
bizlər bacardıq!
YOL GEDİRƏM
Vaxt oyunu? Anım – ildir, illərimsə – an,
Mənzilimə bir çatacaq uşaqla karvan.
Qədərimiz həm yaradan, həm yaradılan
Yol gedirəm üzü göyə, üzü Tanrıya!
Yaranışın “ol!” sözündən olub gəlmişəm,
Hər çarəni öz içimdə bulub gəlmişəm,
“Əylən!” deyən neçə nəfsə gülüb gəlmişəm
Yol gedirəm üzü göyə, üzü Tanrıya!
Bu yazılan, bu pozulan hərflərimiz – yol,
Yasxanadan toyxanaya keflərimiz – yol,
Bir mərtəbə, on mərtəbə evlərimiz – yol,
Yol gedirəm üzü göyə, üzü Tanrıya!
Dilbilməzlər öyrətməkdən dilim qabardı,
Budağımda qasırğadan yetişən bardı
Saçlarımda qar çiçəyi – qışım bahardı
Yol gedirəm üzü göyə, üzü Tanrıya!
Mən arıyam – ömrüm qısa, yüküm əbədi,
Yurddaşımın yaddaşında şəklim əbədi,
Tanrımıza ünvanlanan fikrim əbədi!
Yol gedirəm üzü göyə, üzü Tanrıya!
Adıma bax! Səbr eləmək Tanrı vərdişi
Mən gülürəm, ağladanın ağarır dişi.
Xəyalımda ölümümdən sonrakı işim
Yol gedirəm üzü göyə, üzü Tanrıya!
ƏBƏDİ SEVDA
Bunlar…
Bir həyətlik dincliyi uca tutarlar
tanrı cənnətindən,
Xəbərsizlər iştahının qurbanı
cənnət məmləkətindən,
icazəli cəngavər,
qalstuklu qoyunlar
Mənim ruhumu duymaz!
Mənim ruhumu bilməz!
yaşılkən kötüklənən,
yüz yana yaxılmaqdan içəri çiliklənən,
nə qədər yetişsə – kal…
düşüncəsi, inamı, dili, fikri də idxal,
qorxan – şimşək çaxanda,
leysan yağanda qorxan,
qaranlıq yuvalardan üzə çıxanda qorxan,
torpağın sevincinə arxları bağlanmayan,
bir çiçəyin mehrinə sıxılıb ağlamayan
Məni anlamaz əsla!
Bunlar…
Əlimiz üstə düşmən əli qoyanlar
laylası, duasını minnətlə oxuyanlar,
unudanlar, minillik yolun-izin dilini,
dünyaya sığışmayan dərdimizin dilini ?
nə bilsin hardan gəlir gözümüzə çökən qəm
bu göylərə bağlılıq, bu sərhədsiz düşüncəm.
Çindən Qobustanacan
yazılı daşlarımın toz basan güzgüsünü
silib baxa bilməyən
Ərgənəkon eşqindən hər gün
doğa bilməyən
hardan duysun içimdə
yaşayan böyük ruhu,
hardan duysun nə demək
bu didərgin, bu ulu, bu yorulmaz Türk ruhu?!
Onlara deyən varmı
Altaydan Balkanlara
Tanrıdan Savalana,
uzanan tarix yolu
qopuz simləri kimi
hələ kökdən düşməyib
biz göylərdən gəlsək də,
yolu mən ağartmışam,
yollar göydən düşməyib.
Param-parça bölünmüş,
yürüşdən yorğun, əzik,
ancaq haqqa hamilə,
yenə tarix yolunun
bələdçisi? Bu bizik!
Bu bizik, mənəm, sənsən…
bu gün yorğun, cüssəsiz,
sabah fırtına kimi,
dünya boyu əsənsən!..
Bunlar…
bu etnomüştəbehlər
bu retrokommunistlər,
demokrat, islahatçı,
qlobalçı faşistlər,
və onların qulları,
türk soyadı daşıyan
hədiyyə cocuqları
Məni duyammaz əsla!
Duymaz damarlarımda
dolaşan qaynar qanı,
Tanrıyacan yol çəkən
bu əbədi sevdanı!
TABUT DAŞIMAQDAN
Tabut daşımaqdan çiynimiz yara,
Qəlbimiz qançırdı qəm daşımaqdan.
Bu necə peşədi, yorulduq, Allah
Həm əkib, həm biçib, həm daşımaqdan.
Şer yazanın kim, yer qazanın kim,
Macal vermədi ki, Əzrayıl-qoçaq.
Bir yerə yığılsa bir dağ olardı
Dostların qəbrinə tökdüyüm torpaq.
Yerin altında da dörd divar! Bitdi…
Üç nöqtə kəfənə düşən tərimiz.
Olumla ölümü qoşa həbs etdi
Yerüstü, yeraltı hörgülərimiz.
Yüz tarla, yüz zavod çalışdıranın,
Yeməyi, içməyi, geyəcəyi yox.
Yer altda qurulan bu nə şəhərdi
Bu üzə bir kəlmə deyəcəyi yox.
İçimə axıtdım göz yaşlarımı,
Dənizdi – qəzəbdən boğulub səsi.
Çoxdan ölümümü yaşadıb Tanrım.
Kəfən bu dünyanın son hədiyyəsi.
Haqqa varan vaxtım, danışan vaxtım.
Özümdən çox əvvəl yaşlaşır dilim.
Bir vaxt bağırmaqdan qabardı ancaq
İndi də susmaqdan daşlaşır dilim.
Əlimiz talançı, eivimiz talan,
Yalanlar üstünə gələn yağıdır.
Ürəyin vursa da ölüsə bəzən,
Ölüm savaşlardan yorulmağındır.
YENƏ KƏND YOLUNDA
Bir gün piyadaydım, sonra atlıydım,
Bu gün maşındayam – nə fərqi var ki,
Kimsə tanımayan kənd uşağıydım
Şöhrət yaşındayam nə fərqi var ki,
Keçmişdim bu yolu yaz tufanı tək
Ömrün qışındayam nə fərqi var ki,
O yazdan bu qışa yollar nə qısa,
Yenə kənd yolunda yapayalnızam!
Neçə şəhər gördüm, ölkələr gördüm,
Keçdim dənizləri, okeanları.
Bir yanda özünə cənnət yapanlar,
Bir yanda məzlumun batan qanları.
Çevirdim dünyanı o üz-bu üzə,
Doladım qoluma meridianları
Başımın üstündən ötdü yüz qəza
Yenə kənd yolunda yapayalnızam!
Daddım bu dünyanın hər nemətini,
Sarısı, qarası başıma döndü,
Verdim milyonlara ürək sözümü
Qayıdıb başımın daşına döndü.
Mən Vətən adına sevinc yazırdım
Ancaq o, gözümün yaşına döndü.
Sevgi də cəzaymış, xidmət də cəza
Yenə kənd yolunda yapayalızam!
Elə bil dünəndi burdan getdiyim,
Çırtladı ömrümü illər tum kimi.
Nə qədər sözüm var çəkdi içinə
Çəkər izimi də millət qum kimi.
Hanı o əyilməz bildiyim ellər
Yoğruldu əslində zülmün mum kimi,
Öndə qəbir qazan, sonda söz yazan
Yenə kənd yolunda yapayalqızam!
Meşə saraldıqca çöllər göyərir,
Saralan da mənəm, yaşıl da mənəm.
Qartalın dönüşü yuvasınadı
Bir bax, o qayalar qaşında mənəm.
Nə olsun bir yolun sonu yetişdi
Yenə bir cığırın başında mənəm.
Yollara can verdim yol aza-aza
Yenə kənd yolunda yapayalqızam!