Paytaxt sakini Elgün Namazlı bu gün Ziya Bünyadov prospektində kranla iş gördükləri zaman yol polisinin qanunsuz müdaxiləsi ilə üzləşdiklərini iddia edib.
“Qafqazinfo” xəbər verir ki, E.Namazlı DYP-nin kranı cərimə meydançasına aparmaq istədiyini, lakin qanuni əsəs göstərmədiyini deyib: “99-YP-422 nömrəli yol polisi avtomobilində olan polis əməkdaşı biz yol kənarında işləyərkən gəlib bildirir ki, maşını cərimə meydançasına aparmalıdırlar. Bildiyim qədər yerində protokol yazılmalıdır. Əvvəl 80 AZN idi, indi 100 AZN olub, səhv etmirəmsə. Deyirik ki, yerində protokol yaz. Lakin maşının mütləq duracağa getməli olduğunu bildirirlər”.
Şikayətçi bildirib ki, yol polisi saxladığı nəqliyyat vasitəsinə ilk olaraq cərimə protokolu yazmalıdır və xüsusi hallarda cərimə meydançasına apara bilər.
Məsələ ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev “Qafqazinfo”ya bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Daha sonra şikayətçi qeyd edib ki, məsələ öz həllini tapıb.